“Foreign Policy” yenə öz ampluasında...
Bizi izləyin

Nida Təhlil

“Foreign Policy” yenə öz ampluasında...

Azərbaycana qarşı qərəzli məqalə yayımlayan “Foreign Policy” yenə də öz ampluasındadır. Bu məqalə şübhəsiz Dövlət Departamentində kök salmış anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı növbəti qara piar kampaniyasının tərkib hissəsidir. Bəzi xarici QHT-lər bu istiqamətdə canfəşanlığı ilə seçiliblər və onların “hesabatları” anti-Azərbaycan qüvvələri üçün əmsal təşkil edib. Bu da təsadüfi deyil, çünki həmin qüvvələr Azərbaycan haqqında üstü açıq şəkildə deyə bilmədikləri “ifadələri”, sərgiləmək istədikləri nifrətlərini onların vasitəsi ilə açıqlamış, sonra isə o ifadələri özləri üçün istinad mənbəyinə çevirmişlər. Necə deyərlər, özün bişir, özün ye. Eyni tendensiya bu məqalədə də aydın şəkildə özünü büruzə verir.

Publika.az
xəbər verir ki, məqalədə yer alan müddəalar həqiqəti əks etdirmir və tamamilə böhtan xarakterlidir.

1. Mehman Hüseynov mətbuat nümayəndəsi deyil və mətbuat fəaliyyətinə görə həbs olunmayıb. Onun həbs səbəbi də, növbəti dəfə onun barəsində cinayət işi açılması da cinayət məcəlləsinin müvafiq maddələrinə görədir.

2. M.Hüseynovun vəziyyəti ilə bağlı Azərbaycanın müvafiq qurumlarının - Penitensiar xidmətin, Ombudsman Aparatının, eləcə də hüquq müdafiəçilərinin mövqeləri mövcuddur və məhkumun özü də vəziyyəti ilə bağlı mətbuata müraciət edib. Məqalə müəllifləri onlara da istinad edə bilərdi.

3. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ötən həftə M.Hüseynova baş çəkmişlər və vəziyyətlə yerindəcə tanış olmuşlar. Onların bu istiqamətdə heç bir narazıçılığı olmamışdır. Məqalə müəlliflərinin gözündən bu məqam necə qaçmış ola bilər?

4. Emin Hüseynov müəyyən qüvvələrin təsirinə düşərək öz maddi marağını üstün tutmuş, öz doğma qardaşının səhhətini, psixoloji vəziyyətini fikirləşmək yerinə, onun barəsində təkrar cinayət işi başlaması məsələsində başqa məqamlar axtarmağa çalışdı. O qardaşına baş çəkmiş diplomatik korpusun nümayəndələrinə qarşı təhqiredici ifadələr işlətməkdən belə çəkinməyib.

5. Azərbaycan dövlətinin rəhbərini Azərbaycan xalqı seçir, Azərbaycandakı demokratiyanın səviyyəsini Azərbaycan xalqının iradəsi müəyyənləşdirir və heç bir kənar qüvvənin Azərbaycan demokratiyasını müzakirə etməyə mənəvi haqqı yoxdur. Həmin qüvvələr hər şeydən əvvəl öz ölkələrindəki vəziyyəti obyektiv müzakirə etsələr daha məqbul olardı.

6. Azərbaycanda hökumət korrupsiyanın tamamən aradan qaldırılması istiqamətində mühüm addımlar atmış, islahatlar aparmış və ASAN Xidmət timsalında özünün brendini yaratmışdır. Azərbaycanın bu fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilmiş və nümunə kimi digər ölkələrə, hətta Avropanın özünə təklif olunub. Nədənsə Azərbaycanın bu uğurunu məqalə müəllifləri görmək belə istəməyiblər. Onların niyyət əvvəlcədən müəyyən edildiyi üçün, məqalənin mətni bizim üçün sürpriz təşkil etmir.

7. Hansısa peşənin sahibi olmaq vətəndaşı cinayət məsuliyyətindən azad etmir. Azərbaycanda siyasi məhbus yoxdur və istinad edilən şəxslər cinayət məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, cinayət əməllərinə görə həbs olunublar.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm