Bakıya kimlər hücum edir və məqsəd nədir? - DETALLAR
Bizi izləyin

Nida Təhlil

Bakıya kimlər hücum edir və məqsəd nədir? - DETALLAR

Niyə məhz indi? Niyə Azərbaycanla Avropa Birliyi arasında uzun müzakirələrdən sonra müqavilə imzalanması ərəfəsində, Ermənistanın dalana dirəndiyi, Rusiya ilə münasibətlərinin gərginləşdiyi, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində 2019-cu ilin ümidverici bir il olduğu məqamda Avropa Parlamenti ölkəmizə qarşı bu qətnaməni qəbul etdi?

Əslində bu suallar özündə hər şeyi ehtiva edir. 2001-ci ildən, Azərbaycan Avropa Şurasının üzvü olduqdan və avrointeqrasiya prosesi sürətləndikdən sonra AB ilə Azərbaycan arasında ən ümdə, vacib nəticələr əldə edilməsi ərəfəsində hər zaman ABŞ-da, AŞPA-da, AP-da hansısa “problem” yaradılır.

Analoji proses 2005-ci ildə, Minilliyin Çağırışı proqramı çərçivəsində də başlamışdı. Nəhayət, erməni lobbisinin aktiv iştirakı və antiazərbaycan qüvvələrinin səyi ilə Azərbaycan təəssüf ki, Minilliyin Çağırışı proqramından kənarda qaldı. Ermənistan isə 5 il müddətində 235 milyon dollar əldə etmək fürsəti qazandı.

2008-ci ilə qədər Ermənistan artıq 180 milyon dollara yaxın vəsait almışdı. Yalnız 1 mart 2008-ci il hadisələri, 31 aksiyaçının qətlə yetirilməsi, 300-dən artıq insanın yaralanmasından sonra ABŞ Ermənistanla bağlı bu layihəni dayandırdı. Amma bunun ardınca daha gülünc bir kampaniyanın şahidi olduq.

Əvvəlki ianələr Ermənistana “kasıb olduğu üçün” verilirdisə, Beynəlxalq Valyuta Fondu 2009-cu ildən başlayaraq, "inkişaf yoluna qədəm qoyan" bu ölkəyə 850 milyon dollara yaxın kredit ayırmaq qərarını təsdiqlədi. Nə dəyişmişdi? 1 martda qətlə yetirilənlərmi dirilmişdi, yoxsa Sərkisyan rejimi daha azad idi? Yoxsa ölkənin doğrudan da iqtisadi inkişafı vardı?

2018-ci il hadisələri bir daha təsdiqlədi ki, Ermənistanda illərdir xunta rejimi hakimiyyətdədir: bu rejim rüşvət və korrupsiya içindədir, əhaliyə divan tutur, iqtisadiyyat isə tamamilə məhv edilib.

Ancaq bu məhv edilmiş iqtisadiyyata Dünya Bankı da “inkişafda olan” yarlığı ilə dotasiyalar ayırmaqda davam edirdi.

İndiki proses bir qədər fərqli olsa da, mahiyyət dəyişməyib: eyni kampaniya, eyni şantaj üsulları, eyni ssenari və eyni icraçılar... AB “Şərq Tərəfdaşlığı” çərçivəsində 2030-cu ilə qədər 13 milyard dəstək layihəsi həyata keçirmək niyyətindədir, üstəlik, 2018-ci ildə - Ermənistanda siyasi və iqtisadi darmadağın prosesi zamanı Azərbaycanın bütün parametrlərdə inkişafı sürətləndirib.

Bakı Avropa Birliyi ilə saziş ərəfəsindədir, uzun müddətdir davam edən müzakirələr başa çatmaq üzrədir: ölkədə çox böyük struktur islahatları həyata keçirilir və bu islahatlar o qədər sürətli və çevikdir ki, bu təcrübəni yalnız öyrənmək lazımdır.

Bir çox sahələrdə təmizləmələr aparılır, genişmiqyaslı şəffaflaşma prosesi gedir: qeyri-neft sektorundan, vergi və digər qurumlardan büdcə daxilolmaları artır, məmur-vətəndaş ünsiyyəti minimuma endirilir, müraciətlər virtuallaşır və deməli, korrupsiya üçün heç bir şans qalmır. Ermənistanda daxili konfliktlər getdiyi bir vaxtda, xarici və daxili doktrinanın olmadığı bir zamanda Azərbaycanın siyasi, iqtisadi, hərbi inkişafı davam edir, Bakı bütün parametrlərlə Qafqazın Norveçi səviyyəsinə iddiasını ortaya qoyur.

Əlbəttə, Minilliyin Çağırışı proqramında olduğu kimi, 10 ildən artıq müddətə göstərilməsi nəzərdə tutulan “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində bu məbləğ də dövlət üçün o qədər böyük deyil. Ancaq bu bir həqiqətdir ki, “Şərq Tərəfdaşlığı” proqramının əhatə etdiyi 6 dövlət (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) içərisində siyasi sabitlik, dinamik iqtisadi inkişaf, Avropanın enerji təhlükəsizliyindəki mövqe, terrorizmə qarşı mübarizədə iradə və s. – bütün parametrlərlə Azərbaycan digər ölkələrlə müqayisə edilməz səviyyədə yüksəkdədir. Ona görə də bu layihədə Azərbaycanın aktiv olacağı, önə çıxacağı, məhz bu məqamda Azərbaycanın avropalı investorlar üçün cəlbediciliyinin daha da artacağı şübhəsizdir.

Bax, buna görə də erməni lobbisi, antiazərbaycan qüvvələr son dərəcə aktivləşib, külli miqdarda paralar xərcləyərək, Azərbaycanı bu prosesdən kənarlaşdırmağa, ən azı, onun qarşısında maneə yaratmağa çalışırlar.

Diqqət edin: necə olur ki, Dünya Bankı və ya Beynəlxalq Valyuta Fondu Ermənistan iqtisadiyyatının bərbad vəziyyətdə olmasına rəğmən, ona böyük kreditlər, ianələr ayırır? AŞPA-nın özünün qətnamələrini icra etməyən, BMT TŞ-nın 4 qətnaməsini eyninə almayan və faktiki olaraq işğalçı siyasətini davam etdirən Ermənistan hansı əməllərinə görə bu qədər dəstəyi haqq edir? Krımı işğal edən Rusiyaya ağır sanksiya, BMT TŞ də daxil olmaqla, AŞPA, Qoşulmama Hərəkatı, İƏT və s. beynəlxalq qurumların işğalçı kimi tanıdığı və işğal etdiyi ərazilərdən qoşunlarını dərhal çıxarmasını tələb etdiyi Ermənistana maliyyə yardımı?..

Ermənistanla müqayisədə Azərbaycanın əldə etdiyi böyük uğurlardır antiazərbaycan qüvvələrini 2018-ci ilin ikinci yarısından daha da aktivləşdirən!

Mehman Hüseynov olayı mənasız və olduqca düşük bəhanədir. Guya avropalı parlamentarilər bilmirlərmi ki, “ağartı məhsulları” qəbul etməklə aclıq aksiyası keçirdiyini iddia etmək gülüncdür. Necə yəni “mədəsi ağrıdığı üçün” yoqurt və süd məhsulları qəbul edir, ancaq “aclıq aksiyası” dayandırılmayıb?! Adam mədəsindən müalicə olunur, yoxsa pəhriz saxlayır? Bunu aydınlaşdırmaq üçün səfirlər, ombudsman, ictimaiyyət nümayəndələri istintaq təcridxanasına getmədimi? Məhkumun öz vəkilləri rəsmi açıqlama verib, adamın aclıq aksiyası keçirilmədiyini bildirmədimi? Qardaşının tez-tələsik avroparlamentarilərə ünvanladığı məktubun nə qədər saxta və böhtan olduğunu müəyyən etmək guya onların imkanları xaricindədir?

Ümumiyyətlə, kimdir bu Mehman Hüseynov? Heç kim iddia edə bilməz ki, o jurnalistdir. Azərbaycan üçün hansı əhəmiyyət kəsb edir bu insanın varlığı? Guya avroparlament üçün Mehman kimi gəncin “həyatının təhlükədə olması” önəmlidir?

Doğrudanmı, bu insanları bir azərbaycanlı gəncin – Mehman Hüseynovun taleyi narahat edir?

Onlar həqiqətən də insanpərvərdirlərsə, erməni snayperinə tuş gələn 2 yaşlı Zəhra üçün niyə səslərini çıxartmadılar? Və ya bütün fundamental hüquqları ayaq altına atılan bir milyon məcburi köçkünü niyə yada salmırlar? Ermənistanda hələ də əsir həyatı yaşayan soydaşlarımızı niyə “görmürlər”?

Yaxud, miqrant problemindən özlərinin də əziyyət çəkdikləri Suriya problemini necə edək? Suriyadakı humanitar fəlakətin qarşısını almaq üçün bu günədək nə ediblər? Yollarda, sellərdə-sularda həlak olan suriyalılar məgər insan deyil?

Mediada elə avropalı jurnalistlərin özlərinin yaydığı suriyalı körpə meyitlərinin ürək parçalayan görüntülərini bir anlıq gözünüzün önünə gətirin: onların haqqını-hüququnu kim qoruyacaq? Məgər Avropa 5-3 min dılğır ermənidən başqa heç bir canlını insan saymır? Niyə erməni lobbisinin maraqları onlar üçün bu qədər önəmlidir?..

Əslində Fransadakı son olaylar AP-nin müzakirə mövzusu olmalıykən avropalı parlamentarilər “süd məhsulları ilə qidalanaraq aclıq aksiyası keçirən” Mehman Hüseynovun müdafiəsinə qalxdılar. Nə qədər gülüncdür! Qidalanaraq aclıq keçirmək... Ya bəlkə Rebekka Harms və həmkarları pəhrizlə aclıq aksiyasını dəyişik salırlar?

Həddən ziyadə gülməli, ikrah doğurucu, hətta absurd bir durumla üz-üzəyik: sizi inandırıram ki, əgər Mehman Hüseynovun vaqeəsi olmasaydı, onlar başqa bir “qüsur” axtarıb tapacaqdılar. Onları azərbaycanlı gəncin taleyi yox, Azərbaycanı qaralamaq maraqlandırır. Məsələnin təəssüf doğuran tərəfi isə odur ki, bu qaralama kampaniyasına Azərbaycandan dəstək verənlər də var. Onları “5-ci kolon”un nümayəndələrimi sayaq, radikal müxalifətin “öndə gedənləri”mi adlandıraq - fərqi yoxdur, ölkəmizin əleyhinə iş aparan dairələrə, bilərəkdən, ya bilməyərəkdən, müəyyən maliyyə müqabilində erməni lobbisinə dəstək verirlər. Bax, o qüvvələri aşkarlamaq, antiazərbaycan fəaliyyətlərinin qarşısını almaq ölkəmizin təhlükəsizliyinə məsul olan qurumların diqqətində olmalıdır.

O qədər tələm-tələsik, ağına-bozuna baxmadan hazırlanan ssenaridir ki, insan bu qədər naşılığa söz tapa bilmir: Antiazərbaycan müzakirələri keçirilir, ancaq ölkəmizin müvafiq qurumlarına xəbər verilmir. Hətta Brüsseldəki Azərbaycan səfirliyi belə sözügedən toplantıya dəvət olunmur.

Qətnamənin qəbulu ilə bağlı ilk məlumatı isə erməni mediası tirajlayır. Erməni lobbisinin ssenarisi əsasında qurulan şounu əlbəttə ki, ilk tirajlayan da erməni mediası olmalıydı.

Əlbəttə, qəbul edilən qətnamənin heç bir hüquqi əsası yoxdur. AP-da indiyədək qəbul edilən, amma kağız üzərində qalan onlarla sənəd var. Hətta Azərbaycan ərazilərini işğal etmiş Ermənistana yönəlik qətnamələri də yada salmaq olar ki, heç bir təsir qüvvəsi olmadığının şahidiyik.

Toplantıdakı müzakirələr sözün əsl mənasında şou idi: Azərbaycan dövləti hədəfə alınmışdı. Hədəfə alanlar kimlər idi? Var gücü ilə Azərbaycanı gözdən salmağa çalışan bəzi avropalı parlamentarilər - hansı ki, onların bəziləri bütün siyasi fəaliyyətləri dövründə Azərbaycana qarşı qara piar kampaniyasında erməni lobbisinə dəstək verməklə ad çıxarıblar. Məsələn, almaniyalı Rebekka Harms Sorosla yaxınlığı ilə tanınır. Sosial şəbəkələrdə paylaşdığı Corc Sorosla birgə fotoları və yazışmaları bunu sübut edir. Sorosun Azərbaycana münasibətini də hamımız yaxşı bilirik. Harada Azərbaycan əleyhinə kampaniya keçirilirsə, orada gec və ya tez Sorosun “üslubu” görünür. Odur ki, təəccüblənmək lazım deyil ki, AP-da Azərbaycan əleyhinə qəbul olunan qətnamənin müəllifləri və tərəfdarları niyə Sorosun dostları və cinsi azlıqların nümayəndələridir.

Onlar Azərbaycana nə zaman ədalətli münasibət göstəriblər ki?!

Aynyr Camalqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm