Su-30 SM təyyarələrinin Ermənistana verilməsinin SƏBƏBİ: Qarabağ və iki MÜHÜM ŞƏRT
Bizi izləyin

Nida Təhlil

Su-30 SM təyyarələrinin Ermənistana verilməsinin SƏBƏBİ: Qarabağ və iki MÜHÜM ŞƏRT

“Kommersant” nəşri Rusiyanın 2020-ci ildə Ermənistana 4 ədəd Su-30 SM təyyarəsi verəcəyini açıqladı. Nəşrə danışan Rusiya aviasiya sənayesi müəssisələrindən birinin top-meneceri bildirib ki, təyyarələr Ermənistana kreditlə veriləcək: “İndiki şərtlərdə bu Rusiyanın Ermənistana “hədiyyəsidir”. Razılaşmaya görə, Rusiya tərəfi erməni pilotlara təlimlər də keçəcək”.

Bu təyyarələr 4++ nəsil maşınlarına aiddir. İmkanlarına görə beşinci nəsil (F-22, F-35, Su-57) təyyarələrinə yaxındır. Bu təyyarələr Rusiyanın ən uğurlu istehsallarından hesab olunur. Suriya əməliyyatında uğurla iştirak ediblər. Ermənistanda belə bir təyyarə yoxdur. İşğalçı ölkənin aviasiyasına cəmi 15 ədəd Su-25 daxildir. Bununla yanaşı, Rusiyanın İrəvan yaxınlığındakı “Erebuni” bazasında 18 ədəd AN-29 təyyarəsi var. Hazırda işğalçı ölkənin aviasiyası çox köhnəlmiş hesab edilir. Görünür, Ermənistan aviasiyasını Su-30SM təyyarələri ilə yeniləmək niyyətindədir.

Lakin Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Moskva-İrəvan xəttində müşahidə olunan çatlar fonunda rusların bu təyyarələr qarşılığında ermənilərdən nə istəyəcəyinə dair məsələsi ön plana çıxır.

Publika.az xəbər verir ki, erməni şərhçi Aram Amatuni Rusiyanın təyyarələrin əvəzində Ermənistandan bir neçə məsələdə geri çəkilməsini istəyəcəyini yazır.

Onun fikrincə, bu məsələlərin biri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) baş katiblikdir: “Moskva İrəvandan bu məsələdə israr etməməyi və geri çəkilməyi istəyə bilər. İkinci məsələ, Ermənistanın təhlükəsizliyi sahəsinin Rusiyanın nəzarətində qalmasıdır”.

Erməni şərhçi qeyd edir ki, Su-30SM təyyarəsinin verilməsi Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətlə bağlı da ola bilər.

“Bütün hallarda Rusiya bu təyyarələri nəsə almadan İrəvana verməyəcək”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm