"Ermənilər düşdükləri vəziyyətdən çıxmaq istəyirlərsə..." - Prezidentdən Qarabağ mesajı
Bizi izləyin

Nida Təhlil

"Ermənilər düşdükləri vəziyyətdən çıxmaq istəyirlərsə..." - Prezidentdən Qarabağ mesajı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Real TV”yə müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxunub. Prezident bildirib ki, Ermənistanın yeni hökuməti birinci mərhələdə çox ziddiyyətli bəyanatlar verir. Bu bəyanatlar ondan ibarətdir ki, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır: “Biz əlbəttə ki, bu ziddiyyətli və anlaşılmaz bəyanatları dərhal rədd etdik. O cümlədən vasitəçilər də əlbəttə ki, belə bir mövqe ilə razılaşa bilməzdilər. Öz prinsipial mövqeyimizdə qalaraq biz danışıqlar prosesinə sadiqik. Bu gün danışıqlar Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında aparılır. Artıq bir neçə raund danışıqlar aparılıb. Biz ümid edirik ki, bu danışıqların nəticəsi olacaqdır. Ona görə danışıqların aparılması əlbəttə ki, müsbət hal kimi qiymətləndirilə bilər. Bu, bir daha onu göstərir ki, Ermənistanın yeni rəhbərliyinin ilk mərhələdə bəyan etdiyi prinsiplər tamamilə qəbuledilməzdir”.

Dövlət başçısının bu fikirlərini Publika.az-a şərh edən politoloq, sabiq diplomat Fikrət Sadıxov qeyd etdi ki, dövlət başçımızın hər ifadəsi İrəvan dairələrində ciddi qarşılanacaq:

“Ziddiyyətli bəyanatlar, qalmaqallı hərəkətlər Ermənistanda yeni hakimiyyət gələndən sonra daha da şiddətləndi. Guya Dağlıq Qarabağ müstəqil qurumdur və danışıqlar prosesində onun nümayəndəsi iştirak etməlidir. Halbuki ermənilər özləri Qarabağda separatçılığın yaranmasında iştirak etməyiblər. Onlar indiyə qədər Qarabağdakı hakimiyyəti dəstəkləməyiblər. Və onların səyi nəticəsində separatçılıq baş alıb gedir. Bu, təbii ki, Nikol Paşinyan tərəfindən səsləndirilən mənasız və boş ifadələrdir. Buna baxmayaraq, Ermənistan danışıqlar prosesində iştirak etməyə məcbur oldu. Xarici işlər nazirləri arasında görüşlər oldu, Davosda İlham Əliyev Paşinyanla saat yarım söhbət etdi. Hər halda erməni tərəfi başa düşür ki, bu məsələdə alternativ yoxdur. Əgər onlar düşdükləri vəziyyətdən çıxmaq istəyirlərsə, Azərbaycanla bir araya gəlməlidirlər.

Mütəmadi olaraq xalqların sülhə hazırlanması məsələsinin qaldırılması, Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı məsuliyyətin onların üzərində olmaması ilə bağlı bəyanatların səsləndirilməsi bəhanədir. 7 Azərbaycan rayonunu kim işğal edib? Dağlıq Qarabağın hərbi dəstələri? Bu, gülünc ifadədir. Dövlət başçımız da bütün bu məsələlərə ali səviyyədə aydınlıq gətirdi, mövqeyini açıqladı. Bildirdi ki, Azərbaycan beynəlxalq hüquq normalarına sadiq dövlət kimi bu istiqamətdə bundan sonra da addımlar atmağa davam edəcək. Amma bu heç də o demək deyil ki, işğal olunmuş torpaqlar əbədi olaraq işğal altında qalacaq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm