• USD 1,7000 0,00% EUR 1,8813 +0,09%
    • GBP 2,2355 +0,04% RUB 0,0268 +0,37%

ABŞ PKK-nın birmənalı olaraq itirilməsinə heç cür razı deyil – MÜSAHİBƏ

ABŞ PKK-nın birmənalı olaraq itirilməsinə heç cür razı deyil – MÜSAHİBƏ

Fevralın 13-də Varşavada 60 ölkənin iştirakı ilə anti-İran xarakterli Yaxın Şərq üzrə ikigünlük konfrans başladı. Bu gün isə Suriyada sülh nizamlanmasına həsr edilmiş sammit Soçidə təşkil edilib. Türkiyə, İran və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani və Vladimir Putinin Suriyanın İdlib əyalətində yaradılan bufer zonasındakı vəziyyəti və ABŞ qoşunlarının bu ölkədən çıxarılması prosesini müzakirə edəcəklər. Ötən gün İranda törədilən terror aktı isə Yaxın Şərq regionundakı, xüsusilə İran ətrafında vəziyyəti daha da qəlizləşdirdi.

Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri Publika.az-a müsahibəsində İran ətrafındakı proseslərə toxunub.

- Varşava və Soçidə eyni vaxtda təşkil edilən konfranslarda qarşı tərəfə hansı mesajların verildiyini düşünürsünüz?

- Astana formatı çərçivəsində Suriyada sülh nizamlanmasının təminatçısı olan üç ölkənin Soçi sammiti əvvəlcədən planlaşdırılmışdı. Sadəcə, tarix dəqiq müəyyən edilməmişdi. Sonradan ABŞ və onun Yaxın Şərqdəki yaxın müttəfiqi İsrailin təşkilatçılığı ilə İran əleyhinə zirvə görüşünün təşkil olunacağı bəlli oldu. Düşünürəm ki, buna cavab olaraq Soçidə sammitin məhz bu gün keçirilməsi qərar alındı. Bir tərəfdə İran əleyhinə beynəlxalq ictimai rəy yaradılması istənilirsə və İranın bir çox regionlarda oyundan çıxarılması hədəflənirsə, başqa bir tərəfdə bütün dünyaya, eyni zamanda, ABŞ kimi bir gücə mesaj verilir ki, İranın olmadığı bir prosesdə hər hansı bir sabitliyi əldə etmək mümkün deyil. Xüsusilə, Yaxın Şərq nəzərdə tutulur. Soçi sammitinin bu günə keçirilməsində verilən mesaj da budur.

- Ötən gün İranda 40-dan çox SEPAH əməkdaşının ölməsi ilə nəticələnən terror hücumu oldu. Terror hücumunun iki müxtəlif hədəfi olan sammitlə yeni vaxtda təşkilini nə qədər təsadüf hesab etmək olar?

- Terror hadisəsi bu hadisələrlə bilavasitə əlaqəlidir. Bir tərəfdə mesaj verilir ki, İran daşı ətəyindən tökməklə, ən azından ona təklif olunan şərtlər çərçivəsində fəaliyyəti qəbul etməklə, prosesə davam edə bilər. Digər tərəfdən isə, bu zopa göstərilmək cəhdidir. Çünki, bu cür terror aktlarının qlobal dəstək olmadan həyata keçirilməsi mümkün deyil. İranın xüsusi xidmət orqanlarının verdiyi açıqlamaya görə, terror aktı müəyyən konkret güclərin hərbi və maliyyə dəstəyi nəticəsində baş verib. Təkrar edirəm, bu İrana zopanın göstərilməsidir ki, ya danışıqlarla bizim ortaya qoyduğumuz şərtləri qəbul edəcəksən, ya da dağıdıcı amillərlə İranın parçalanmasına və dağılmasına səbəb olacaqsan. Terror aktını üzərinə götürən təşkilat bilavasitə bəlluc xalqının haqlarının müdafiəsi ilə bağlı olan təşkilatdır. Təbii ki, bunların hamısı süni olaraq yaradılan təşkilatlardır. Onlar zaman-zaman müəyyən maliyyə qarşılığında terror aktları törədir, ya da məsuliyyəti üzərinə götürürlər.

- İranın geri çəkiləcəyini, təslim olacağını proqnozlaşdırmaq olarmı?

- İranın birmənalı olaraq təslim olması mümkn deyil. Çünki, İran minillik dövlətçilik ənənməsinə malik dövlətdir və çox gözəl anlayır ki, təslim olarsa, bu təslimiyyətin sonu gəlməyəcək. Bu gün ona təqdim olunan ağır şərtləri qəbul edərsə, bu, sonuncu şərtlər olmayacaq. Buna görə də, hesab edirəm ki, İran indiki mərhələdə təslim olmağı qətiyyən düşünmür. Sadəcə, qarşılıqlı anlaşma çərçivəsində və müəyyən güzəştli şərtlər müqabilində danışıqlara hazır olduğuna dair mesaj verəcək. Bu istiqamətdə müəyyən hərəkətlənmənin olduğu da hiss olunur. Soçi sammiti ərəfəsində İran prezidenti Həsən Ruhani ABŞ-a “müzakirələrə hazırıq” mesajı verdi. Burada hər hansı təslimiyyətdən söhbət getmir, amma müzakirələrdən danışılırsa, burada bazarlıq predmetlərdən və qarşılıqlı güzəştlərdən söhbət gedir.

- Sözsüz ki, İran ətrafında gedən proseslər Suriya ilə, daha doğrusu, onun Suriyadakı hərbi mövcudluğu ilə bağlıdır. ABŞ və İsrail İranın qəti olaraq Suriyadan çıxmasını tələb edir. İranı bu ölkədən çıxartmaq nə dərəcədə mümkün olacaq?

- Əslində, İranın “müzakirələrə hazırıq” mesajı, həmçinin hansına qarşılıqlı güzəştlər qarşılığında sanksiyalar və təzyiqlərin ləğv olunmasına çalışmasının kökündə də bu cür bazarlıq predmetləri dayanır. Çünki, İran anlayır ki, indiki şəraitdə onu Yaxın Şərqdən, o cümlədən ciddi söz sahibi olduğu Suriyadan çıxarmaq mümkün deyil. ABŞ-ın dövlət katibi Maykl Pompeonun Varşavada konfransdan əvvəl qısa bir açıqlaması var. Açıqlama bilavasitə İsrailin ünvanına yönəlib. Pompeo deyir ki, Yaxın Şərqdə sabitlik istəyiriksə, bu, İransız mümkün deyil. ABŞ-ın dövlət katibi dolayısıyla demək istəyir ki, bu cür konfranslar və iqtisadi sanksiyalarla, həmçinin İranın geosiyasi maraqlarını nəzərə almadan onu bölgədən çıxarmaq mümkün deyil. Pompeo dolayısıyla, həm də onu anladır ki, İranla mütləq mənada oturub danışmaq lazımdır.

- Daha əvvəl Türkiyə KİV-nin yazdığına görə, Soçi sammitindən Türkiyənin Suriyanın şimalında keçirməyi planlaşdırdığı əməliyyatla bağlı qəti qərar verilə bilər…

- Türkiyənin Suriyanın şimalında, xüsusilə Fərat çayının şərqində anti-terror əməliyyatına başlaması məsələsində Rusiya ilə bağlı elə bir problem yoxdur. Rusiya və Türkiyə arasında bu məsələnin əksər müddəalar üzrə həll olunduğunu demək olar. Türkiyənin əməliyyata başlamasına mane olan əsas amil ABŞ-dır. ABŞ qoşunları hələlik Suriyanın şimalındadır. Türkiyə ABŞ-la koordinasiya olmadan əməliyyata başlamaq istəmir. ABŞ da bundan sui-istifadə edərək bölgənin çəkilmə prosesini gecikdirir. Bundan başqa, ABŞ ortalığa yeni bir variant atıb. Bu variant ondan ibarətdir ki, ABŞ ordusu Suriyanın şimalından çıxsa da, ən azından müşahidəçi missiyasını saxlamaq istəyindədir. Bu missiya dolayısıyla ABŞ-ın da üzvü olduğu anti-İŞİD koalisiyasının Suriyanın şimalında varlığına gətirib çıxarır. Türkiyə isə bunu istəmir, çünki təhlükəsiz zona adlandırılan bölgədə yeganə söz sahibi olmasını istəyir. Türkiyə Suriyanın şimalındakı ərazilərin PKK-nın Suriya qolu olan YPG-nin nəzarətində olması ilə qətiyyən razı deyil. Bu şərti ABŞ qarşısında da qətiyyətlə qoyub. ABŞ bu gün həqiqətən seçim qarşısındadır: ya Türkiyə kimi strateji müttəfiqini birdəfəlik itirəcək, ya da Türkiyənin şərtlərini qəbul etməklə Suriyanın şimalında təhlükəsiz zona adlandırılan 32 kilometr dərinlikdəki ərazinin terrordan təmizlənməsinə razılıq verəcək. Burada da müəyyən problemlər var. ABŞ PKK-nın birmənalı olaraq itirilməsinə heç cür razı deyil. Çünki bu məsələyə milyardlarla dollar xərc çəkən ABŞ PKK-nın bitirilməsinə deyil, regionda legitimləşdirilməsinə çalışır. ABŞ Suriyanın şimalından Aralıq dənizinə bir kürd dəhlizinin yaradılması layihəsindən vaz keçməyib. Buna görə də PKK-nın Suriya qolu olan YPG-nin Suriyanın gələcəyində bir siyasi amil olmasını istəyir. Ən azından muxtar bölgənin yaradılmasına və bu bölgədə PKK-nın söz sahibi olmasına çalışır. Ancaq, düşünürəm ki, Türkiyə heç bir vəhclə buna imkan verməyəcək. Türkiyənin ABŞ-a verdiyi zaman da o qədər böyük olmayacaq. Ən azından fevral ayının sonuna qədər Türkiyənin bu məsələdə qəti qərar verəcəyini, mart ayında hərbi əməliyyatlara başlayacağını düşünürəm. Bu əməliyyata Rusiya da yaşıl işıq yandırıb. Rusiyanın da bu məsələdə müəyyən geosiyasi maraqları var. Rusiya anlayır ki, Türkiyə bu prosesdə iştirak etmədən Suriyanın şimalında, xüsusilə Fərat çayının şərqində olan enerjidaşıyıcıları olan bölgədən PKK-nı sıxışdırıb çıxartmaq İran və Suriya rejiminin vasitəçiliyi ilə mümkün olmayacaq. Çünki, bu məsələdə ABŞ mövcuddur və Rusiya bu prosesdə ABŞ-la birbaşa üz-üzə qalmaq istəmir. Ona görə də Türkiyənin irəli buraxaraq terrorçuları Suriyanın şimalından təmizləmək və gələcəkdə Suriyada siyasi həllə nail olmaq istəyir. Bu isə yalnız Suriyanın şimalında Türkiyənin keçirəcəyi anti-terror əməliyyatı ilə mümkün ola bilər.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR