Nida Təhlil
İranda Azərbaycana qarşı yeni təhdid kampaniyasının təhlükəli hədəfləri - TƏHLİL
Bakı-Tehran xəttində münasibətlərin istiliyinə rəğmən
cənubdan yenə Azərbaycana doğru “soyuq küləklər” əsir. Xüsusilə
İranın dini dairələrinin Azərbaycanın daxili işlərinə müdaxilə
cəhdləri və son günlər hücum cəbhəsini bir qədər də genişləndirməsi
müşahidə olunur. İraq alimlər şurasının baş katibi Şeyx Yusif
Nasirinin Azərbaycana qarşı təhdid bəyanatı da “genişləndirilmiş
cəbhə”nin bir hissəsidir.
Özünü “Şeyx Nəsrullah” kimi aparan Yusif Nasiri Azərbaycan
dövlətinə ağıl öyrətməyə çalışır və konstitusion quruluşu
devirərək, “şəriət rejimi” yaratmaq cəhdinə görə həbs edilən
“Müsəlman birliyi hərəkatı”nın rəhbəri Tale Bağırzadənin azad
edilməsini tələb edir. Hətta o, bir qədər də irəli gedərək, “İki
dövlət, xalq arasında əlaqələrin davam etməsi və beynəlxalq
müqavilələrə ehtiram naminə, Azərbaycan respublikası
hakimiyyətindən, Hacı Tale Bağırzadəni tezliklə zindandan azad
etməsini tələb edirik” deyə bildirir və əlavə edir ki, “ikitərəfli
əlaqələrimizin gözəl şəkildə qalması üçün, Tale Bağırzadənin
tezlikə azad olmasını sizdən xahiş edirik”.
Bu, faktiki olaraq Azərbaycan dövləti ilə təhdid dili ilə danışmaq
deməkdir və “Şeyx Nəsrullahlıq” eşqinə düşən Yusif Nasirinin bu
təhdidinin əslində İranın dini dairələrinin başlatdığı kampaniyanın
bir hissəsi olduğu şübhəsizdir. Bu “Şeyx Nəsrullaha” başa salmaq
lazımdır ki, nə o İraqın baş naziridir ki, “ikitərəfli əlaqələrin
atmosferini müəyyən etsin”, nə də Azərbaycan onun üçün təhdid edə
biləcəyi ölkə deyil.
Azərbaycan dini dəyərlərin qorunduğu, lakin dinin siyasətdən ayrı
olduğu ölkədir. Azərbaycan Konstitusiyasında bildirilir ki, din
dövlətdən ayrıdır və dinin dövlətin siyasi iradəsinə müdaxiləsi
yolverilməzdir. Heç kim dini etiqadına, düşüncəsinə və ibadətinə
görə həbs edilmir, yalnız qanunu pozanlar cinayət məsuliyyətinə
cəlb edilir. Bütün bunlar Azərbaycan Respublikasının
qanunvericiliyində təsbit edilmiş müddəalardır. “Beynəlxalq
müqavilələr”dən dəm vuran Şeyx Nasirinin BMT Nizamnaməsində və
Helsinki Yekun Aktında ölkələrin daxili yurisdiksiyasına
müdaxilənin yolverilməz olduğu müddəalarını da oxumağını tövsiyə
edirik. Hərçənd, o, çətin özünü belə bir zəhmətə sala, çünki məqsəd
Azərbaycana qarşı hücum kampaniyasını genişləndirməkdir və Nasiri
özünü bu kampaniyada “ağır toplardan” hesab edir. O və onun
kimilərin fitilini yandıranlar nə qədər əksini iddia etsələr də,
Azərbaycan dini dəyərlərin qorunması səviyyəsinə görə müsəlman
ölkələri arasında ilk pillələrdə yer alır. Bu gün ölkədə 2246
məscid fəaliyyət göstərir, bütün müqəddəs məkanlar dövlət
tərəfindən qorunur, bərpa edilir və ibadət üçün istifadəyə verilir.
Azərbaycan Prezidenti şəxsi vəsaiti hesabına ibadət yerləri açır,
inşasına başlanan “Fatimey-Zəhra” məscidi də bunun bariz
nümunəsidir. Azərbaycanda bütün dinlər öz iradələrini azad şəkildə
həyata keçirdiyi kimi, İslamın iki böyük məzhəbinin – sünni və şiə
- də eyni məsciddə ibadət edə bildiyi mühit var. 2016-cı ilin 15
yanvarında Heydər Məscidində qılınmağa başlanan Vəhdət namazı İslam
aləmini əsrlərdir məzhəb qarşıdurmasına sürükləyən güclərə layiqli
cavab, müsəlman ölkələri üçünsə yeni model oldu. Nasirinin ölkəsi
İraqda, eləcə də onun “fitilini yandıranların” olduğu İranda
Azərbaycandakı kimi İslam dəyərlərinə verilən qiymət olsaydı, bu
gün nə İslam ikiyə bölünməzdi, nə də müsəlmanların qanı tökülməzdi.
Hər-halda bu “Şeyx Nəsrullah” İranda və İraqda sünni və digər
məzhəblərin üzləşdiklərindən xəbərsiz deyil.
Lakin bu dairələr bu gün Tale Bağırzadənin müdafiəsinə qalxır,
Azərbaycanla təhdid dilində danışmaq sevdasına düşürlər. Onların
mömin və ilahiyyatçı hesab etdikləri T. Bağırzadə Azərbaycan
dövlətinin konstitusiya quruluşunu devirməyə cəhd etmişdi və bunu
fəaliyyət göstərdiyi müddətdə heç vaxt gizlətmirdi.
“İmam Hüseyn bayrağını bayrağımız edib Azərbaycanı Kərbəla
məktəbi ilə talan edərik. Dindarlar və Bakının 32 kəndi Hacı Tale
bəyin əmrini gözləyir”. Dövlətə qarşı olan bu terror
çağırışı T. Bağırzadənin tərəfdarları tərəfindən səsləndirilib. T.
Bağırzadənin özü isə dəfələrlə dövlətə qarşı çağırışlar etmişdi.
Nəhayət, 2015-ci ilin noyabrın 26-da T. Bağırzadə və onun
qruplaşması Nardaranda dövlət quruluşunun dəyişdirilməsi planlarını
həyata keçirməyə cəhd etdilər və polislərə qarşı terror aktı
törətdilər. Azərbaycan dövləti suverenliyinə təhdid olan
terrorçuları zərərsizləşdirdi və Bağırzadə həbs olundu.
T. Bağırzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin konkret
maddələri ilə məsuliyyətə cəlb olunub: qəsdən adam öldürmə;
qanunsuz olaraq odlu silah əldə etmə; qanunsuz olaraq silah
gəzdirmə; terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs,
mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat)
yaratma; kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni
tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara,
habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə;
hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama;
qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya
qrupları yaratma, adamların həlak olmasına və ya digər ağır
nəticələrə səbəb olmaqda; dövlət əleyhinə yönələn açıq çağırışlar,
təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə; milli, irqi,
sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil
dəstə tərəfindən törədildikdə; hakimiyyət nümayəndəsinə qarşı həyat
və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə;
Ortada törədilmiş və sübuta yetirilmiş böyük bir cinayət var və
dövlət mövcud qanunvericiliyə uyğun şəkildə cinayətkarı məsuliyyətə
cəlb edib.
İranın dini dairələri beynəlxalq hüquqa və ikitərəfli münasibətlərə
zidd olaraq, Azərbaycan dövlətindən T. Bağırzadənin cinayətlərinə
göz yummağı və azad etməyi tələb edir. Şeyx Nasirinin timsalında
İraq ayətullahlarının prosesə cəlb edilməsi isə “təzyiq dalğasının”
genişləndirilməsi gedişidir. Nasiri nə qədər İraq dindarlarının
adından danışsa da, bu ölkənin dini cameəsinin 1979-cu il
inqilabından sonra İran ayətullahlarının nəzarətində olduğu
faktdır. Xomeyni hələ Nəcəfdə sürgündə olarkən “Vilayəti-Fəqih”
nəzəriyyəsini irəli sürmüş və hakimiyyətə gələndən sonra İraqın
dini cameəsinin bu nəzəriyyəyə biəti uğrunda çoxlu qanlar
tökülmüşdü. “Vilayəti-Fəqih”ə qarşı çıxdığı üçün İraqa sürgün
edilən şiə alimi Əbülqasim Xoyinin oğlu Əbdülməcid Xoyinin 2003-cü
ildə Səddamın devrilməsindən sonra İraqda İran dini dairələrinin
əsas gücü olan Sədr ailəsi, konkret desək, Müqtəda Sədr tərəfindən
qətlə yetirilməsi də tökülən qanlardan biri idi. Çünki Əbdülməcid
Xoyi İraqda hakimiyyətə gəlməyi planlaşdırırdı və onun hakimiyyətə
gəlişi “Vilayəti-Fəqih” nəzəriyyəsinin İraqda təsirini itirməsi,
eləcə də şiələrin müqəddəs məkanları olan Nəcəf və Kərbəlanın əldən
çıxması demək olardı. Məhəmməd Bakir al Hakimi də Əbdülməcidin
taleyini yaşadı. Müqtəda Sədr Əbdülməcidin qətlindən sonra Səddam
dövründə İrana köçən və 9 il Tehranda yaşayan Nuri əl-Malikini
hakimiyyətə gətirdi. İraqın dini rəhbərliyi isə Sistaniyə verildi.
Həmin dövrdən sonra İraqda İranın dini mərkəzlərinə qarşı çıxa
biləcək kimsəyə aman verilmədi və dini rəhbərliklər yalnız
“Vilayəti-fəqih” nəzəriyyəsinə sadiq olanlar gətirildi, Nasiri də
belə sadiqlərdəndir. Onun T.Bağırzadəyə görə Azərbaycan dövlətini
təhdid etmək xülyasına düşməsi də İrana bağlı olduğunun aşkar
nümunəsidir. Nasirinin təhdidinə paralel olaraq İranda T.Bağırzadə
kampaniyasına yenidən start verilməsi də bütün oxları bu ölkənin
üzərinə yönəldir:
- İran universitetlərinin tələbə təşkilatları (13 təşkilat)
Tale Bağırzadəyə dəstək bəyannaməsi yaydı. Bəyannamədə Azərbaycan
dövlətinə qarşı açıq çağırışlar yer alır.
- İranın Bicar şəhərində şəhid Bahünər adına orta məktəbdə İran
İslam İnqilabının 40-cı ildönümü münasibətilə təşkil olunan
tədbirdə T.Bağırzadəyə həsr olunmuş mərasim keçirildi.
- İranda fəaliyyət göstərən “Hüseyniçilər” adlı dini təşkilatın
rəhbəri Tohid İbrahimbəyli Feysbuk sosial şəbəkəsində
videomateriallar vasitəsilə T.Bağırzadəyə açıq dəstək göstərir və
Azərbaycana qarşı çağırışlar edir. (T. İbrahimbəyli Gəncənin keçmiş
icra başçısı Elmar Vəliyevə qarşı törədilən terror aktının əsas
təşkilatçılarındandır).
- İran İslam İnqilabının 40-cı ildönümü münasibətilə keçirilən
kütləvi yürüşlərdə T.Bağırzadənin azad edilməsi tələbləri
səsləndirilir.
- Bütün bunlara paralel olaraq, Nasiri İraqdan Azərbaycana qarşı
tələblər irəli sürür.
Baş verənlər İranda Azərbaycana qarşı növbəti təhdid kampaniyasının
başladığını göstərir və burada sual yaranır: məqsəd
nədir?
T.Bağırzadə və qruplaşmasının zərərsizləşdirilməsi İranın dini
dairlərinin Azərbaycanda “şəriət rejimi” yaratmaq planlarını
alt-üst etdi. Bu dairələr belə planlarının olduğunu gizlətmirlər və
bütün hücumların arxasında da məhz bu niyyətlər yatır. Bağırzadə
məsələsinin yenidən gündəmə gətirilməsi və onun
“legitimləşdirilməsi”nə hesablanan ifadələrin işlədilməsi gələcək
planlara hesablanıb:
1. İranın dini dairələri belə təhdidlərlə
T.Bağırzadə və qruplaşmasının azad oluna biləcəyini hesab edirlər.
Bu baş verərsə, onların “şəriət rejimi” planlarının önü yenidən
açılacaq. Lakin bunun mümkünsüz olduğunu da anlayırlar, buna görə
də “qəhrəmanlaşdırma” kampaniyası aparılır.
2. T. Bağırzadənin Azərbaycanın inanclı kəsiminin
gözündə “qəhrəmana” çevrilməsi: İranda Nardaranda
zərərsizləşdirilən terrorçuların “şəhid” kimi təqdim edilməsi,
T.Bağırzadənin bütün platformalarda müdafiə olunması, xüsusilə
inqilabın ildönümü münasibətilə keçirilən kütləvi yürüşlərdə
posterlərinin qaldırılması buna hesablanıb.
3. Bu dairələr Azərbaycanın inanclı kəsiminin T.Bağırzadənin
arxasınca getməyəcəyini də anlayırlar. Məhz buna görə ilkin
mərhələdə onun İranda “qəhrəmanlaşdırılması” kampaniyası aparılır.
Orta məktəblərdə mərasimlərin təşkili isə İranın gələcək
nəsillərinin şüuruna indidən Azərbaycanın dünyəvi hakimiyyətinə
qarşı nifrətin yeridilməsinə hesablanıb ki, bu, təhlükənin
miqyasını daha da böyüdür. Görünür, İranın dini dairələri “şəriət
rejimi” planlarını indi həyata keçirə bilməsələr də, gələcəkdə
reallaşdırmaq üçün alt baza formalaşdırırlar. İkinci mərhələ İranda
formalaşdırılan fikrin tədricən Azərbaycana transfer edilməsi
olacaq.
4. Prosesə Nasirinin də daxil edilməsi “təkcə İranın deyil, İraqın
da dini liderləri belə istəyir” görüntüsünün yaradılmasıdır.
Görünən budur ki, dini dairələr Azərbaycana qarşı regional
səviyyədə hücuma keçiblər. Bu kontekstdə Avropada erməni xüsusi
xidmət orqanlarının nəzarətində olan separatçılarla “mühacirlərin”
də T.Bağırzadə kampaniyasına qoşulması diqqət çəkir. Proseslərin
analizi “İranın dini dairələri ilə erməni xüsusi xidmət
orqanları Azərbaycana qarşı birgə hərəkət edir” sualını
önə çıxarır. Bu sualın cavabını və İranda müəyyən dairələrin din
pərdəsi altında Azərbaycana hücumunu ilk növbədə rəsmi Tehran
düşünməlidir. Çünki baş verənlər nə Azərbaycan və İran arasında
mehriban qonşuluq siyasətinə, nə Azərbaycanın indiyə qədər İrana
qarşı heç bir platformada yer almadığı və bundan sonra da
almayacağı reallığına, nə də iki ölkə arasında regional əhəmiyyətli
iri layihələrin həyata keçirildiyi və bunun regionun
siyasi-iqtisadi təhlükəsizliyində oynadığı rola uyğun deyil.
Asif Nərimanlı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı