Əli Kərimli niyə islahatları “öz əməyinin nəticəsi” kimi təqdim etməyə çalışır?
Bizi izləyin

Nida Təhlil

Əli Kərimli niyə islahatları “öz əməyinin nəticəsi” kimi təqdim etməyə çalışır?

Bu gün sosial şəbəkələrdə Bakıya yağan qarla bağlı maraqlı deyim əsas gündəm idi: “Mitinq olmasaydı, qar yağmayacaqdı!”. İnsanlarımızın kreativ yumor hissindən süzülən bu ifadənin kökü Milli Şuranın ölkədə aparılan bütün islahatların “19 yanvar mitinqindən sonra” həyata keçirildiyi iddiasından qaynaqlanır. Və burada yumor hissimizin güclü olduğu təsdiqini tapmaqla yanaşı, müxalifətin kiçik bir qanadının toplaşdığı, lakin “ana müxalifət” adına iddia edən Milli Şuranın faciəsi də aydın görünür.

Potensialı ilə iddiaları üst-üstə düşməmək ədəbsizlikdir”, psixologiya elmində ədəbsizliyin tərifi belə izah olunur. Milli Şuranın potensialı ilə iddialarının üst-üstə düşməməsi də bu kəsimin psixoloji “ədəbsizliyinin” təzahürüdür.

Milli Şuranın potensialı: 19 yanvar mitinqi bu kəsimin nəyə qadir olduğunun bir daha aşkar nümayişi idi.

- Cəmi 2800 nəfər iştirak edirdi; ictimaiyyətin tanıdığı, hörmət etdiyi heç bir ziyalı mitinqə qatılmamışdı; 25 ildir “astarı üzünə çıxmış” şüarlar və heç vaxt gerçəkləşməyən, reallıq hissindən uzaq vədlər səsləndirildi; iki onillikdir tribunaya çıxan eyni adamlar yenə “iş başında” idi; gündəlik həyatda bir-birinə salam belə verməyən, bir-birini fürsət düşdükcə ittiham edən şəxslər tribunadan “həmrəylik pozu” verirdi.

Milli Şuranın iddiaları: Əli Kərimlinin rəhbərlik etdiyi bu qanadın iddiaları təsəvvür edilməyəcək qədər böyük və qeyri-realdır. “Hakimiyyət mitinqə görə islahatlara getdi!”. Təsəvvür edin, bir tərəfdə 3 minə qədər tərəfdarı olan Milli Şura, digər tərəfdə isə Prezident İlham Əliyevin rəhbərlik etdiyi komanda var və sual yaranır: əslində kim kimdən çəkinir?

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” adlı məqaləsində bu sualın cavabını verib:

- “Milli Şura” əhalinin rifahının yüksəldilməsi ilə bağlı hakimiyyətin atacağı addımlara dair sızan məlumatları əlində bayraq edib siyasi xal qazanmağa cəhd göstərir.

- Əli Kərimli və ətrafı hakimiyyətin atacağı addımlara dair sızan məlumatlarla bağlı kampaniya təşkil edib məsələni “öz əməyinin nəticəsi” kimi göstərməyə çalışır.

Çünki, “İlham Əliyev hakimiyyətinin qazandığı hər bir uğur Əli Kərimli və bu tipli insanların siyasi iflasını sürətləndirir”.

Əli Həsənovun məqaləsində yer alan nüanslar Əli Kərimli Azərbaycanda liderinin rəhbərliyi ilə ölkədə aparılan islahatlardan qorxduğunu təsdiqləyir, çünki baş verənlər onun “əbədi müxalifət” tituluna təhlükə yaradıb.

Dövlət başçısı şəhid ailələrinə kompensasiya ödənilməsi ilə bağlı Sərəncam imzalayır, minimum əməkhaqlarını 40 faiz artırır, tələbələrin təqaüdlərini yüksəldir, qaçqınlara müasir evlər verir, yeni iş yerləri yaradır, regionları yenidən qurur və abadlaşdırır, sahibkarlara kredit verilir, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsi üçün ardıcıl təşəbbüslər göstərir, bir sözlə, sosial müdafiəni dövlət siyasətinin ən ümdə prioriteti elan edir və əməldə də bunun belə olduğunu sübut edir”, - Prezidentin köməkçisi yazır.

Əli Kərimli isə narazıdır və bu narazılığın arxasında ciddi səbəblər yatır:

Birincisi: islahatlar cəmiyyətin hakimiyyətə daha çox inanması və dəstəyini artırması ilə nəticələnir. Bu mənzərə narazı kütlənin sıfıra enməsi və Əli Kərimlinin “əbədi müxalifət” titulunu saxlaması üçün tərəfdarının qalmaması deməkdir.

İkincisi: Ölkədə müsbət tendensiya ilə davam edən dəyişikliklər Əli Kərimlinin ətrafında topladıqlarının narazılığına səbəb olur. Onlar “bugün-sabah hakimiyyətə gələcəyik” vədlərinin cavabını tələb edir və tədricən uzaqlaşırlar.

Üçüncüsü: İlham Əliyevin komandasının uğuru Əli Kərimlinin siyasi Olimpə yüksəlmək xəyallarını puça endirir.

Halbuki, o, ölkədə sosial problemlərin həll edilməməsini, insanların səfalət içində yaşamasını, vətəndaşı incidən məmurların cəzalandırılmamasını, əmək haqlarının, pensiyaların artırılmamasını, dövlət başçısının xalqla ünsiyyət qurmamasını sidqi-ürəkdən arzulayır. Çünki hesab edir ki, belə vəziyyət onun hakimiyyətə gəlişi üçün münbit şərait yaradacaq. Bunun əksi isə onu narahat edir. Əli Kərimli narahatdır ki, İlham Əliyevin prezidentliyi dövründə niyə Azərbaycan iqtisadiyyatı 3,3, maaşlar 7, pensiyalar 9, valyuta ehtiyatları 24 dəfə artıb, işsizlik və yoxsulluq həddi 5 faizə düşüb.

Xəyalları gerçək olmadığı üçün Əli Kərimli son ümid kimi ölkədə həyata keçirilən işləri “öz əməyinin nəticəsi” kimi təqdim etmək iddiasına düşür. Və bununla həm də “potensialı ilə iddiaları arasındakı uçurumu” nümayiş etdirir. Belə yanaşma psixologiyada “natamamlıq kompleksi”nin ən üst səviyyəsidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm