Xarici siyasətdə milli maraqlar: Azərbaycan Prezidentinin dünyaya mesajı
Bizi izləyin

Nida Təhlil

Xarici siyasətdə milli maraqlar: Azərbaycan Prezidentinin dünyaya mesajı

Müasir mərhələdə müstəqil xarici siyasət yeritmək, heç şübhəsiz, asan iş deyil. Hazırda qlobal miqyasda çox ziddiyyətli geosiyasi proseslər gedir. Dünyanın böyük dövlətləri öz maraqlarını təmin etmək üçün güc tətbiq etməkdən belə çəkinmirlər. Bu zaman beynəlxalq hüququn normaları pozula bilir və beynəlxalq təşkilatların iradəsi nəzərə alınmır. Belə bir şəraitdə müstəqilliyinə nail olmuş ölkələrin xarici siyasətlərini hansı prinsiplər üzərində qurması məsələsi aktuallıq kəsb edir. Bundan başqa, artıq bir neçə ildir ki, gənc müstəqil dövlətlər xarici siyasət kurslarını müəyyənləşdiriblər. Azərbaycanın xarici siyasətində başlıca prinsip nədən ibarətdir? Müasir mərhələdə onun gözlənilməsi nə dərəcədə mümkündür? Bu kimi suallara dövlət başçısı İlham Əliyev Real televiziyasına verdiyi müsahibədə ətraflı cavab verib.

Xarici siyasətin vahid xətti: Ulu öndərin yaratdığı sistemin uğurlu inkişafı

Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında Prezident İlham Əliyevin ölkənin xarici siyasət kursu ilə bağlı ifadə etdiyi fikir ekspert dairələrində geniş rezonans doğurub. Dövlət başçısının irəli sürdüyü tezis müxtəlif kontekstlərdə təhlil edilir. İlham Əliyev həmin tədbirdə ifadə etdiyi fikrin əsas mənasını Real televiziya kanalına müsahibəsində geniş izah edib. Ölkə rəhbəri deyib: "...bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans axtarır. Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq".

Bu fikri analiz edən ekspertlər Prezidentin xarici siyasət kursuna yeni məzmun çaları verdiyini ifadə edirlər. Məsələyə bir qədər geniş aspektdə yanaşdıqda isə, əslində, 1993-cü ildən başlayaraq Azərbaycanın xarici siyasət kursunun düşünülmüş vahid bir sistem üzrə dəqiqliklə reallaşdığını görə bilərik. Bu siyasətin təməl prinsiplərini ulu öndər Heydər Əliyev müəyyənləşdirib. Onlar qlobal geosiyasi trendləri ciddi surətdə nəzərə almaqla milli maraqları maksimum təmin etməyə istiqamətlənib. Bu prizmadan baxdıqda, dövlət başçısının müasir şəraitdə xarici siyasəti yaradıcılıqla inkişaf etdirmək zərurətini ifadə etdiyini görürük.

Məsələnin bu tərəfinin geniş analizinə ehtiyac vardır. Prezident açıq ifadə edir ki, Azərbaycan regionda balans axtarmır. Rəsmi Bakı böyük güclərin maraqlarını tarazlaşdırmaqla məşğul olmur. Ümumiyyətlə, belə bir mövqe tutmaqla müstəqil xarici siyasət yeritmək mümkün deyil. Çünki başlıca hədəf başqalarının maraqlarını balanslaşdırmaq olduqda, onda məcburən həmin qüvvələrin maraqları təmin edilməli olur. Deyək ki, Qərbin maraqları ilə Rusiyanın maraqlarını balanslaşdırmaq üçün birbaşa onların müəyyən etdiyi şərtlər daxilində tarazlıq yaratmaq lazım gəlir. O halda xarici siyasətdə müstəqillik xətti itir. Onu daim başqalarının şərtlərinə uyğunlaşdırmaq və hətta tabe etmək lazım gəlir. Belə bir kursun sistemliliyindən də söhbət gedə bilməz. Çünki sistemlilik şərtləri daim kənar mühitdən asılı olur. Bu zaman hansı dəyişikliklərin baş verə biləcəyini müəyyən etmək imkansızdır. Ən yaxşı halda dəyişikliyə çevik reaksiya vermək ola bilər. Bu da son nəticədə milli dövlətçiliyə xidmət etmir.

Xarici siyasətdə balans axtarmağın potensial imkanları da çox məhdud olur. Səbəb odur ki, dövlət daim başqalarına güzəşt etməyə çalışır. Bu halda müəyyən bir həddə dövlətçiliyin "qırmızı xətti" ilə kənar qüvvənin maraqları arasında seçim etməli olursan. Onda bütövlükdə xarici siyasət dolaşığa düşür və onun nizamı pozulur. Faktiki olaraq dövlət dalana dirənmiş olur. Cənubi Qafqazda Ermənistanın timsalında bunun nümunəsi vardır. İrəvan əvvəlcə Rusiyanın maraqlarını təmin etməklə məşğul oldu. Bir neçə il sonra bu çərçivənin manevr imkanları tükəndi. Kreml zərrə qədər də öz marağından kənara çıxmanı qəbul etmədi. Onda Ermənistan Qərbin maraqları ilə Rusiyanın maraqlarını balanslaşdırmağa cəhd göstərdi. Bunun iki faciəvi nəticəsini göstərə bilərik.

Birincisi, Ermənistan parlamentində terror hadisəsi törədildi. Bu hadisə ilə İrəvan balanslaşdırma mövqeyindən xeyli çəkildi. İkinci hadisə Ermənistanın Avropa İttifaqına assosiativ üzv olmaq cəhdi ilə əlaqədar baş verdi. Kremldən olan təpki S.Sarkisyanı dərhal Avrasiya İqtisadi İttifaqına daxil olmağa məcbur etdi. Həmin hadisədən sonra Ermənistan rəhbərliyi "və-və" prinsipi üzrə siyasət yeridə biləcəyini bəyan etdi. Yəni "ya-ya" güclərdən birini seçməkdirsə, "və-və" hər iksini eyni zamanda seçmək deməkdir. Bunu ekspertlər "eyni zamanda iki stulda oturmaq" kimi qiymətləndirdilər. Və Aİ rəsmiləri məcbur olub açıq bəyan etdilər ki, bu, mümkün deyil, İrəvan çaşıb qalar. Bununla da kənar qüvvələrin maraqlarını balanslaşdırmağın ikinci erməni ssenarisi də puç oldu. Nəhayət, N.Paşinyan birbaşa müstəqillik vurğusu yaparaq Rusiya ilə yanaşı Qərblə də yaxın olmaq istəyini bəyan etdi. Bu cəhd də dalana dirənib. Kreml dəfələrlə erməni rəhbərliyinə xəbərdarlıq göndərib. Şübhə yoxdur ki, son nəticədə üçüncü cəhd də nəticəsiz qalacaq. Çünki müstəqilliklə başqalarının maraqlarını balanslaşdırmaq xətti bir-biri ilə ziddiyyət təşkil edir.

Yeni mərhələdə başlıca prinsip: öncə Azərbaycan!

Bu müqayisələrin fonunda Azərbaycanın xarici siyasətinin milli maraqlar üzərində qurulduğunun incəlikləri aydın olur. Faktlara nəzər salaq. Keçən əsrin 90-cı illərinin ikinci yarısında Azərbaycanın yeritdiyi xarici siyasəti qəbul etmək istəməyən və onu öz maraqlarına tabe etdirməyə çalışan qüvvələr dövlət çevrilişlərinə cəhd göstərdilər. Ancaq o zaman ulu öndər Heydər Əliyev böyük qətiyyət, cəsarət və müdriklik göstərək, apardığı kursu dəyişmədi. "Əsrin müqaviləsi" Azərbaycan rəhbərliyinin bu cür qətiyyətli mövqeyi sayəsində imzalandı.

Bundan sonra bir sıra böyük qüvvələr Azərbaycanla münasibətlərini müsbət istiqamətdə yeniləşdirmək istəmirdilər. Lakin yenə də ulu öndər milli dövlət maraqlarını əsas tutaraq onları diplomatiya dili ilə düz yola gətirə bildi. Nəticədə, Azərbaycan tədricən regionun bütün böyük dövlətləri ilə bərabərhüquqlu əsasda əlaqələri bərpa edib, inkişaf etdirməyə nail oldu. Deməli, burada başqalarının maraqlarının balanslaşdırılmasından söhbət gedə bilməz. Aparıcı məqam Azərbaycanın milli maraqları çərçivəsində müxtəlif böyük qüvvələrin burada ortaq mövqeyə gəlməsinə nail olmaqdan ibarət idi.

Azərbaycan gücləndikcə, bu xətt daha qabarıq şəkildə özünü göstərməyə başladı. Zaman-zaman rəsmi Bakı qonşuluqda olan böyük dövlətlərlə bərabər Avropa İttifaqı və ABŞ-ın da milli maraqlarımızı nəzərə alaraq siyasət yeritmələrinə nail oldu. Bunun təsdiqi enerji layihələri, nəqliyyat sahəsində dəhlizlərin yaradılması, qarşılıqlı əlaqələrin Azərbaycanın maraqlarına uyğun sistemləşdirilməsi prosesidir. Aİ ilə əlaqələrin Brüsselin təqdim etdiyi assosiativ üzvlük şərtləri çərçivəsində deyil, Azərbaycan rəhbərliyinin işləyib hazırladığı xüsusi tərəfdaşlıq sənədi üzrə inkişaf etdirilməsi buna əyani misaldır.

Başqa nümunələr də gətirmək olar. Lakin yuxarıda vurğulanan məqamlar da göstərir ki, Azərbaycan milli maraqlarından çıxış edərək daim öz mövqeyini qoruyub və regionda hansısa geosiyasi balans yaranıbsa, bu, Azərbaycanın milli maraqlarına xidmət edən tarazlıqdan ibarət olub. Konkret ifadə etsək – Azərbaycanın milli maraqları müxtəlif qüvvələr arasında maraqlar balansının yaradılması hesabına deyil, balansın özü milli maraqlarımızın tələb etdiyi şərtlər daxilində reallaşıb.

İndi bu proses özünün yeni səviyyəsinə yüksəlir. Bunun da konkret səbəbləri vardır. Məsələ ondan ibarətdir ki, hazırkı mərhələdə qlobal miqyasda geosiyasi proseslərin sürəti daha da artıb və eyni zamanda, qeyri-müəyyənlik çoxalıb. Prezident İlham Əliyev onu vurğulayıb ki, indi bir sıra böyük dövlətlər güc mövqeyindən çıxış edirlər. Deməli, regionda istənilən vaxt gözlənilməz hadisələr baş verə bilər. Azərbaycan bu kimi hallara hazırdır və daim öz milli maraqlarından çıxış edəcək. Burada hər hansı böyük bir gücün maraqlarına uyğun öz mövqeyindən çəkilmək kimi bir şey olmayacaq. Deməli, artıq açıq və qəti bir şəkildə hər kəs bilməlidir: Azərbaycan öz milli maraqlarını kimsəyə güzəştə getməyəcək!

Newtimes.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm