• USD 1,7000 0,00% EUR 1,9142 0,00%
    • GBP 2,1315 0,00% RUB 0,0271 0,00%

Bakının siyasi iradəsi: Qitənin enerji xəritəsi necə dəyişdi?

Bakının siyasi iradəsi: Qitənin enerji xəritəsi necə dəyişdi?

Fevralın 20-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirildi. Toplantıda çıxış edən Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin əhəmiyyətindən və bu layihənin Avropanın enerji xəritəsini dəyişdirməsindən danışdı.

Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və geniş beynəlxalq əməkdaşlıq layihəsi olduğunu diqqətə çatdıran dövlət başçısı bəyan etdi ki, Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir.

Cənub Qaz Dəhlizi: Bu, layihə 4 seqmentdən ibarətdir – “Şahdəniz – 2”, Cənubi Qafqaz boru kəməri, Trans Anadolu Təbii Qaz Kəməri (TANAP) və Trans Adriatik Boru kəməri (TAP).

Prezident İlham Əliyevin vurğuladığı kimi layihənin üç hissəsi başa çatdırılıb, dördüncü hissəsinin – TAP-ın inşası 87 faiz tamamlanıb, hazırda işlər davam etdirilir.

Birinci seqment: “Şahdəniz” yatağının ehtiyatları 1,4 trilyon kubmetr hesab olunur. Yatağın ilkin fazası “Şahdəniz -1” 2006-cı ildə istifadəyə verilib və ildə 9 milyard kubmetr təbii qaz istehsal edir. “Şahdəniz – 2” isə yatağın əsası hissəsini təşkil edir. İlkin istismar 16 milyard kubmetr nəzərdə tutulur. Bunun 6 milyard kubmetri Türkiyənin daxili istehsalına sərf olunacaq, yerdə qalanı isə Avropaya ötürüləcək. Lakin bu, Azərbaycanın təbii qaz ehtiyatlarının yalnız bir hissəsidir. Ümumilikdə qaz ehtiyatlarımız 2,6 trilyon kubmetr həcmində qiymətlədirilir.

İkinci seqment: Cənubi Qafqaz boru kəmərinin (Bakı-Tiflis-Ərzurum) inşası 2006-cı ildə yekunlaşdırılıb. 691 kilometr uzunluğu olan kəmərin 443 kilometri Azərbaycan, 248 kilometri isə Gürcüstanın payına düşür. Səngəçal terminalından başlanğıcını götürən kəmər Türkiyə-Gürcüstan sərhədində tamamlanır.

Üçüncü seqment: TANAP Türkiyə-Gürcüstan sərhədində yerləşən Ərdəhan vilayətindəki Posof mahalının Türkgözü kəndindən başlayaraq Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Ədirnə olmaq üzrə 20 vilayət, 67 mahal və 600 kənddən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala mahalında yekunlaşır və bu nöqtədən etibarən TAP-a bağlanacaq. TANAP 10-11 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

Dördüncü seqment: TAP Cənub Qaz Dəhlizi layihəsində yekun mərhələdir. Türkiyə-Yunanıstan sərhədindən başlayaraq Adriatik dənizinin dibi ilə qazı daşıyacaq kəmər Albaniya ərazisindən keçərək İtaliyaya qədər uzanacaq. 20 milyard kubmetr həcmində nəzərdə tutulan kəmərin yükgötürmə qabiliyyəti sonrakı illərdə artırıla bilər.

Azərbaycan liderinin siyasi iradəsi

Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində əsas siyasi iradə Azərbaycan liderinə məxsusdur. Xüsusilə Prezident İlham Əliyevin Qərblə Rusiyanın enerji müharibəsində milli maraqlarımıza zərər dəymədən atdığı strateji addımlar diqqət çəkir.

Qərb Avropanın enerji şaxələndirilməsi planında “Nabucco” layihəsini irəli sürmüşdü və bu layihə Azərbaycan qazını “Köhnə Qitə”yə daşıyacaqdı. Lakin Bakı üçün iki məqam çətinlik yaradırdı: birincisi, bu, yetərincə bahalı layihə idi, ikincisi, bu layihədə yer almaq regionda Rusiya ilə üz-üzə gəlmək olardı.

Bu iki məqama yanaşı, “Nabucco” adı özlüyündə təhlükəli məqamları gizlədirdi. Qərb incə gediş edərək, bu ad altında uzaq perspektivə hesablanan çox təhlükəli oyun başlatmışdı. Belə ki, İtaliya operası olan “Nabucco” adını qədim Babil hökmdarı “Nabukadnezar”ın adından götürmüşdü. İlk baxışdan, layihəyə belə adın seçilməsi qlobal siyasətin mədəni üzü kimi qəbul olunurdu. Lakin bu layihəyə “Nabukadnezar”ın adından qaynaqlanan yarlığın yerləşdirilməsi vaxtilə Babil torpaqlarının indiki Şimali İraq ərazisini əhatə etməsi ilə sıx bağlı idi. Məqsəd həmin coğrafiyada Kürdüstan dövləti yaratmaq istəyən kürdlərin gələcəkdə iqtisadi müstəqilliyinə zəmin yaratmaq idi. Bakının belə bir layihədə iştirakı qardaş Türkiyəyə qarşı çıxmaq olardı.
Bu mürəkkəb və təhlükəli oyunu pozmaq, eyni zamanda, ölkənin milli maraqlarının zərbə altında qalmasının qarşısını almaq üçün olduqca üstün zəkaya sahib olmaq lazımdır. Prezident İlham Əliyev bu oyunu pozdu və Rusiya ilə üz-üzə gəlmədən, Qərblə əməkdaşlığı dayandırmadan, Türkiyənin maraqlarına toxunmadan birbaşa Azərbaycanın gələcəyinə hesablanmış addım atdı: Cənub Qaz Dəhlizi layihəsini irəli sürdü və “XXI əsrin müqaviləsi”ni həyata keçirdi.

Çoxları üçün xəyal olan bu layihə artıq başa çatmaq üzrədir və Azərbaycan liderinin təkcə rəhbəri olduğu ölkənin yox, həm də regionun gələcək təhlükəsizliyinə hesablanmış strateji gediş etdiyi təsdiqini tapır.

Azərbaycan qazının Avropanı tam təmin etmək gücündə olmadığı haqda iddianı irəli sürənlər tapılsa da, Cənub Qaz Dəhlizi Avropanın əsas təminat alternativi olaraq qalmaqda davam edir.

Birincisi, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,5 trilyon kubmetrdir. Bundan əlavə, proqnozlaşdırılan qaz ehtiyatları 5 trilyona qədərdir. TANAP və TAP-ın ötürücü qabiliyyəti ilkin mərhələdə daşınacaq 16 milyard kubmetrlə yekunlaşmır. Boru kəmərləri əlavə güc götürmə qabiliyyətinə malikdir və perspektivdə əlavə enerjinin ötürülməsinə uyğun şəkildə inşa olunub.

İkincisi, Cənub Qaz Dəhlizi layihəsinə əlavə mənbələrin tapılması da gündəmdədir. Ən real mənbə kimi Türkmənistan qiymətləndirilir.
Rəsmi Aşqabad öz qazının satışını şaxələndirsə də, avropalılar üçün ilkin mərhələdə 10 milyard kubmetr ehtiyat olaraq saxlayır. Türkmən qazının Bakıya çatdırılması da iki variantla baş tuta bilər. Birincisi, sıxlaşdırılmış qazın tankerlər vasitəsilə gətirilməsidir. Bu davamlılıq və sərfəlilik baxımından uzunmüddətli perspektiv üçün yaramır. İkinci və yararlı tranzit variantı Xəzərin dibi ilə boru kəmərinin çəkilməsidir. Bu marşrut üzrə türkmən qazı dənizin dibi ilə Bakıya, burdan da “Cənub qaz dəhlizi” ilə Türkiyə, Yunanıstan və İtaliya olmaqla Avropaya çıxarıla bilər. İndiyə qədər Transxəzər boru kəmərinin çəkilməsinə Xəzərin hüquqi statusunun həll edilməməsi mane olsa da, ötən il bu problem həllini tapdığı üçün, dənizin dibindən çəkiləcək kəmərin həyata keçirilməsi imkanları genişlənib.

Cənub Qaz Dəhlizi Avropa üçün nə deməkdir?

Rusiya – Ukrayna böhranından sonra Avropada bir məsələ aktuallığını getdikcə artırdı: enerji istehlakı bir mənbədən asılı olmamalıdır. Təbii ki, bu səbəbsiz deyildi. İlk növbədə Rusiya qaz istehsalından istədiyi vaxt siyasi təzyiq kimi istifadə edirdi. Misal üçün, 2006-2009-cu illərdə Ukrayna ilə qaz alqı-satqısında qiymətlərdə razılaşa bilməyən Rusiya Avropanın qazını kəsmişdi. Bu böhrandan ən çox əziyyət çəkən isə Cənub-Şərqi Avropa ölkələri idi. Enerji təchizatının şaxələndirilməsi deyiləndə Avropa üçün əsasən bu regionun qazla təminatı önə çıxır. Bu region Avropanın ən zəif nöqtəsi hesab olunur. Çünki söhbət təkcə region ölkələrinin bir enerji mənbəsindən asılılığından getmir, eyni zamanda, istehsalçının tələb etdiyi istənilən qiymətə razılaşmaq məcburiyyəti də problem olaraq qalır. Misal üçün, Makedoniya, Bosniya və Hersoqovina, Serbiya, Yunanıstan, Bolqarıstan Rusiyadan mavi yanacağı 500 dollar civarında alırdı. Bu onsuz da iqtisadi vəziyyəti yaxşı olmayan ölkələr üçün fantastik məbləğdir. Lakin bütün çətinliklərə baxmayaraq, region ölkələri eyni mənbədən asılılığı davam edir. Məhz bu baxımdan, Cənub Qaz Dəhlizi Avropanın “zəif nöqtəsini” gücləndirmək, iqtisadi baxımdan yanaşsaq, bazarda rəqabət yaratmaq üçün önəmlidir. Azərbaycan qazının Avropa bazarına çıxışı avtomatik olaraq qiymətlərin daha münasib olmasına da təsir edəcək.

Cənub Qaz Dəhlizi layihəsinin əsas özəlliklərindən biri də kəmərlərin keçəcəyi ölkələrin bu və ya digər formada dividentlər əldə etməsidir: Makedoniya və Serbiya kimi ölkələr kəmərin təhlükəsizliyini təmin etməklə gəlir əldə edəcəksə, Yunanıstan milyardlarla dollar və milyonlarla yeni iş yeri qazanacaq. Eyni vəziyyət Bolqarıstana və digər ölkələrə də aiddir. Həmçinin, layihənin reallaşmasında iştirak edən 11 şirkətin mənsub olduğu ölkələr də əlavə gəlir əldə edəcəklər.

Azərbaycanın qazanacağı iqtisadi və siyasi dividentlər

Bakının müəllifi olduğu Cənub Qaz Dəhlizi bir sıra Avropa ölkəsinə qazanc gətirməklə yanaşı, Azərbaycan üçün də iqtisadi və siyasi divident baxımından önəmlidir.

Azərbaycan öz qaz ehtiyatlarının Avropa bazarlarına çıxarmaqla kifayət qədər gəlir əldə edəcək. Bu, ölkənin iqtisadi gələcəyinə ən unikal yatırımdır. Digər tərəfdən, layihəyə əlavə mənbələr qoşulacağı təqdirdə tranzit haqqından gəlir götürüləcək.

Layihədən əldə olunacaq siyasi dividentlər də xüsusi diqqət çəkir. İlk növbədə, Avropanın enerji təminatındakı rolu Azərbaycanın imicini xeyli yaxşılaşdıracaq. Digər tərəfdən, Cənubi Qafqazda liderliyini möhkəmləndirən Bakının Avropa üçün əvəzolunmaz olduğu bir daha özünü göstərəcək. Layihədə iştirak edən ölkələrdən tutmuş bütün Avropa regionunda Azərbaycanla hesablaşmaq artıq istəklə yox, məcburi olacaq. Bu isə milli maraqlarımızın müdafiəsi, xüsusilə ərazi bütövlüyümüzün bərpa edilməsi siyasətini gücləndirir.

Asif Nərimanlı

Publika.az

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR