Ermənilər Tumanyanın adından “xaltura” edirlər
Bizi izləyin

Nida Təhlil

Ermənilər Tumanyanın adından “xaltura” edirlər

Fevralın 19-da erməni şairi Ovanes Tumanyanın 150 illik yubileyi Dağlıq Qarabağda da qeyd edilib. Bu, O.Tumanyanın son 30 ildə ilk dəfə Dağlıq Qarabağda təbliğ olunması hadisəsi kimi tarixə düşüb.

Maraqlıdır ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Qarabağ klanının rəhbərləri arasındakı soyuqluq və onun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərgilədiyi mövqe Tumanyan kimi azərbaycanlılara qarşı humanist bir insanın təbliğinə maneəçilik törətməyib.

Siyasi şərhçi Qabil Hüeseynliyə görə, bu addım Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı humanist və yumşaq mövqe sərgiləməsi kimi dəyərləndirilə bilməz:

“Ovanes Tumanyan inqilabi-demokratik nəslin nümayəndələrindən hesab olunur. Onun adı gürcü Cavaxişvili, azərbaycanlı Mirzə Fətəli Axundzadə ilə bir sırada çəkilir. Tumanyan sözün əsl mənasında, qərbdə geniş yayılmış humanizm cərəyanının təmsilçisi kimi çıxış edirdi. Əsərlərində də humanizm ideyalarını geniş təbliğ edirdi.

İndi də Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı hüzn günləri ərəfəsidir. İrəvanda isə 23 fevralı Ermənistanın milli dirçəlişinin yeni mərhələsi kimi qeyd edirlər. Bununla bağlı da geniş təbliğat kampaniyası aparırlar. Təbii ki, Paşinyan da bu kampaniyanın baş təbliğatçılarından biridir. Belə dövrdə Ovanes Tumanyanı separatizmin və işğalçı ideologiyanın mərkəzinə gətirmək, onunla separatizm ideyaları arasında əlaqə axtarıb tapmaq əslində böyük yanlışlıqdır. Böyük Ermənistan xəyalı ilə yaşayan, bu mövcud olmayan dövlətin fikrinə görə əllərinin altında olan 5-6 nəfərin adından istifadə etməklə onları gözdən salmağa çalışanlar başa düşməlidirlər ki, humanizm ideyaları ilə işğalçılıq ideyaları arasında heç bir əlaqə yoxdur. Ermənilər əgər doğrudan da, Tumanyanın mütərəqqi ideyalarını təbliğ etmək istəyirlərsə, bir an öncə mənfur əməllərindən əl çəkməli, insanlığa zidd siyasətlərinə son qoymalı, vandalizmlərinə görə Azərbaycan xalqından və bütün dünyadan üzr istəməlidir. Onsuz da, Xocalı, Qaradağlı hadisələri ilə ermənilər 21-ci əsrdə öz adlarını bəşəriyyətin töhmət lövhəsinə yazdırıblar. Bu nöqteyi nəzərdən Tumanyanın adından “xaltura” xarakterli tədbirlərin keçirilməsi onun ruhuna hörmətsizlikdir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm