Ordumuzun düşməni bir anda yox edəcək gücü və İrəvanın puç olan Su-30SM arzusu
Bizi izləyin

Nida Təhlil

Ordumuzun düşməni bir anda yox edəcək gücü və İrəvanın puç olan Su-30SM arzusu

Ermənistan Rusiyadan 100 milyon kredit müqaviləsi çərçivəsində Su-30SM təyyarələri almağa hazırlaşır. 2020-ci ildə 4 ədəd təyyarə Ermənistanın hərbi hava qüvvələrinin arsenalına qatılacaq. Bu, Ermənistan üçün “böyük üstünlük” hesab olunur, çünki işğalçı ölkənin hərbi hava qüvvələri nəinki regionda, ümumilikdə dünyada aşağı səviyyəlilər sırasındadır: cəmi 15 ədəd Su-25 təyyarəsi var və bu təyyarələr artıq sıradan çıxmış hesab olunur; bununla yanaşı, Rusiyanın İrəvan yaxınlığındakı “Erebuni” bazasında 18 ədəd AN-29 təyyarəsi mövcuddur, lakin bu təyyarələr erməni hərbi birləşmələrinin ixtiyarında deyil, iki ölkə arasındakı müqaviləyə əsasən bu təyyarələr yalnız Ermənistana təhlükə yarananda istifadə oluna bilər, Dağlıq Qarabağda başlaya biləcək müharibədə isə rus texnikası proseslərə seyrçi qalacaq.

Ermənistan Qarabağda baş verə biləcək müharibədə Azərbaycan qarşısında məğlub olacağını anlayır, 2016-cı ilin “aprel müharibəsi” bu təcrübəni gerçəkləşdirdi. Məğlubiyyətdən sonra Serj Sarkisyan hakimiyyəti Su-30SM təyyarələrini almaq və hərbi hava qüvvələrini gücləndirmək üçün Moskvanın qapısını döydü. İki ölkə arasında bağlanan müqavilədə 12 ədəd Su-30SM-in Ermənistana çatdırılacağı qeyd olunsa da, Moskva sonradan prosesi uzatdı və əsas səbəb kimi ermənilərin pulunun olmadığı göstərildi. Rusiya düşməni kimi tanınan Nikol Paşinyan hakimiyyətə gələndən sonra isə Moskva ümumiyyətlə işğalçı ölkəyə silah satışını təxirə saldı, yalnız Paşinyanın Kremldə Putinin önündə etdiyi xahişlərdən sonra 100 milyon dollarlıq kredit sazişi çərçivəsində silahların veriləcəyi haqda ehtimallar yarandı. Paşinyan isə ötən ilin iyununda Su-30SM-də çəkilmiş fotosunu paylaşmaqla bu təyyarələri almağa hazırlaşdıqlarını mesajını verdi.

Ermənistan hələ gəlib çıxmayan Su-30SM-lərə görə iddia edir ki, “hərbi hava qüvvələri Azərbaycanla müqayisədə güclənib və baş verə biləcək müharibədə üstün olacaqlar”. Hərçənd, Rusiyanın Ermənistana göndərməyə hazırlaşdığı bu təyyarələrin göstəriciləri, Moskvanın Su-30SM-ləri Paşinyana niyə verməsinin səbəbləri fonunda bunun reallaşıb-reallaşmayacağı ilə bağlı yaranan suallar, o cümlədən, Azərbaycanın hava hücumundan müdafiə sistemləri və hərbi hava qüvvələrinin potensialı, eləcə də hərbi arsenalına yeni təyyarələri daxil etməsi imkanları bu iddiaları alt-üst edir.

Su-30SM təyyarələri: ruslar İrəvana nə göndərir?

Su-30SM Rusiyanın yeni nəsil təyyarələri hesab olunur. Su-27UB əsasında yaradılmış bu təyyarələr 2014-cü ildə Rusiyanın Qara dəniz donanmasının hücum aviasiyasına daxil edildi. Rusiya müdafiə sənayesinin qarşısına tələb qoyulub ki, 2020-ci ilə qədər hərbi donanmada Su-30SM-lərin sayı ən azı 50-ə çatdırılmalıdır.

Su-30SM-lər Suriya əməliyyatında iştirak etsələr də, uğursuzluğu ilə yada qaldı, xüsusilə təyyarənin ağır və sürətli olması, onun yerüstü relyefdə effektivliyini aşağı salır. Bu təyyarələrin donanmanın hücum aviasiyasına daxil edilməsi də ağır və sürətli olmasına, yəni dəniz üzərində daha effektli manevrlərə sahib olmasına görədir. Göründüyü kimi, Su-30SM-lər mürəkkəb relyefdə əməliyyatlara yaramır və Rusiyanın Ermənistana “məcburi kredit” çərçivəsində məhz bunları verməsi də təsadüfi deyil. Çünki Rusiya Ermənistana silahları daxili qiymətlərlə (Su-30SM-in daxili qiyməti 25 milyon dollardır) verir və bu, onların müdafiə sənayesi üçün böyük itkidir. Buna görə verilən hərbi texnika adətən ya istifadəyə yararsız, ya da hərbi arsenaldan çıxarılmışlar olur.

Məlumatlara görə, Ermənistana veriləcək Su-30SM-lər də zavodda istehsal olunan yeni yox, Suriya əməliyyatlarında iştirakdan sonra istifadəyə yararsız hala düşənlərdir.

Bu təyyarələr zavod istehsalı deyil və istifadə edilərək, bir neçə dəfə zədələniblər. Rusiya onları Ermənistana, Belarusa müttəfiqlərinə kömək məqsədilə verir”, - rusiyalı hərbi ekspert Pavel Felqenqauer də bunu təsdiqləyir.

Moskva Su-30SM-ləri niyə İrəvana verir?

Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Rusiya-Ermənistan xəttində baş verən çatlar İrəvanı çətin vəziyyətə salmaqla yanaşı, Moskvanın da marağında deyil. Xüsusilə Ermənistanda məqsədli şəkildə qaldırılan anti-Rusiya çağırışları və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Paşinyanın “şıltaqlığı”nın qurumun nüfuzuna xələl gətirməsi İrəvanın önünə yeni yalın qoyulmasını şərtləndirdi. Lakin Su-30-ların verilməsi qarşılığında rusların da öz planları var:

1. Nikol Paşinyandan KTMT-nin baş katibliyi məsələsində yaratdığı süni gərginliyi aradan qaldırmaq və Belarus nümayəndəsinin önünü açmaq tələb olunacaq;

2. Ermənistanın təhlükəsizlik sahəsi Rusiyanın monopoliyasında qalacaq;

3. Ermənistanın hava məkanına nəzarət daha da güclənəcək: Su-30SM-lər İrəvana rus mühəndisləri və hərbiçiləri ilə birlikdə göndəriləcək. Ruslar ermənilərə təyyarədən istifadə ilə bağlı təlimlər keçirəcək, lakin böyük ehtimalla Ermənistanın bu təyyarələrdən tam şəkildə istifadəsinə imkan verilməyəcək. Beləliklə, işğalçı ölkənin hərbi hava qüvvələrinin ruslardan asılılığı güclənəcək.

Bütün bunlarla yanaşı, Moskva “bir güllə ilə iki dovşan” da vurmuş olur: həm, Ermənistana yeni təyyarələr verməklə bu ölkəni ovcundan çıxmağa qoymur, həm də yararsız təyyarələri verməklə “kredit öhdəliyini” yerinə yetirir.

Lakin təyyarələrin Ermənistana gələcəyi tarixə iki ilə qədər vaxt var və hər şey bu müddətdə Nikol Paşinyanın özünü necə aparmasından asılı olacaq, yəni, Su-30SM-lərin ümumiyyətlə verilməməsi ehtimalı da masanın kənarında özünə yer edib.

Qarabağda müharibə başlayarsa...

Ermənistan iddialar irəli sürsə də real mənzərə ortadadır: Azərbaycan Cənubi Qafqazın hava məkanında mütləq üstünlüyə malikdir.

Açıq mənbələrdə yayılmış məlumatlar son illərdə Azərbaycan hərbi hava qüvvələrinin arsenalına 47 döyüş təyyarəsi və 109 helikopterin daxil edildiyi, 30-dan çox PUA-nın alındığını göstərir. Xüsusilə, İsrail istehsalı olan Orbiter-2M, Aerostar, Hermes-450, Searcher və Heron tipli PUA-lar işğalçı ordunun kabusu hesab olunur. Həmçinin, Azərbaycanın müdafiə sənayesi yerli PUA-ları istehsal edir.

Erməni ekspertlər də etiraf edirlər ki, ümumiyyətlə Azərbaycanın son dövrlər nümayiş olunan hava hücumundan müdafiə sistemləri və raket kompleksləri işğalçı Ermənistanı sözün həqiqi mənasında dəhşətə salır. Onlardan bir neçəsini təqdim edirik:

Polonez: Belarus istehsalı olan bu raket kompleksi ordumuzun arsenalına yeni daxil edilib. Polonezin maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. “POLONEZ”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqədir. Bir döyüş maşınında 8 raket olur.

Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Raket kompleksi GPS və İNS sistemləri ilə idarə olunur.

LORA: Əməliyyat-taktiki raket kompleksi olan LORA-nın maksimal atış uzaqlığı 300 kilometrdən artıq olan bu kompleksin raketinin çəkisi 1580 kiloqram, döyüş başlığı hissəsinin çəkisi isə 240 kiloqramdır.

Raketin zərərvurma radiusu 100 metr təşkil edir. Bir döyüş maşınında 4 raket olur. Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqədir. Raket kompleksi GPS və İNS sistemləri ilə idarə olunur. İsrail istehsalıdır.

ZRS S-300PM2 “Favorit” zenit-raket kompleksi: atış uzunluğu 195 kilometrdir. Müasir pilotsuz aparatları məhv etmək, düşmənin hərbi düzülüşünü pozmaq gücünə sahibdir.

Zenit-kompelski 48N6E2 təkmilləşdirilmiş raketlərlə təchiz olunub. Eyni anda 12 raket atmaq qabiliyyətinə malikdir. Hədəflərin maksimal vurulma sürəti saniyədə 2800 metrdir.

Bell-412 helikopteri: ekstremal şəraitdə hərəkət etmək gücünə malik olan bu helikopterlər çoxməqsədli istifadə olunub. Həm səhra, həm də dağlıq relyeflərdə hərəkət edə bilir. Uçuş uzaqlığı 745 kilometrdir. ABŞ istehsalıdır.

SPİKE-LR: tank əleyhinə raket kompleksi. Bu raketlər “aprel müharibəsi”ndə işğalçı orduya ağır zərbələr vurması ilə yadda qalıb. Raket saniyədə 130-180 metr uzunluğunda 5 kilometr uzaqlığındakı hədəfi məhv etmək qabiliyyətinə malikdir. Döyüş hazırlığında gətirmə vaxtı 15-30 saniyədir. İsrail istehsalıdır.

BTR-82A zirehli avtomobil: saatda 100 kilometr hərəkət gücünə malikdir, dağlıq relyefdə saatda 9 kilometr, şosedə isə 600 kilometrə qədər hərəkət edə bilir. Turbodizeldir, mühərrikin gücü 300-dür. 7,62 millmetr PKTM pulemyotu ilə təchiz olunur. Bir lentdə patronların sayı 2000-dir.

T-90S tankı: maksimal sürəti saatda 70 kilometdir, şose üzrə 550 kilometr sürətlə hərəkət edə bilir. Döyüş başlığı 46,5 kiloqramdır. Lazerli məsafəölçən, periskopik nişan və qaranlıqda 3000 metrdəki hədəfi müəyyənləşdirən teplovizor sisteminə malikdir.

9K33-1T “OSA1t” zenit-raket kompleksi: döyüş başlığının çəkisi 128 kiloqramdır. Raketin uzunluğu 3158 millimetr, korpusun diametri 206 millimetr, qanadların açılması 650 millimetrdir. Uçuş sürəti saniyədə 500 metr, hədəfin uzaqlığı 45 kilometrdir.

Xrizantem SPRK: tank əleyhinə özüyeriyən raket kompleksi. Döyüş başlığının çəkisi 54 kiloqram, maksimal diametri 152 millimetrdir. Maksimal sürət saatda 70 kilometr, dağlıq relyefdə saatda 52 kilometrdir.


RSZO RM-70 yaylıq atəş sistemi: özüyeriyən işə salmaq quruğusundan ibarətdir. 20 kilometrdəki hədəfi məhv edir. Döyüş vəziyyətinə gətirilməsi vaxtı 2.5 dəqiqə, yerdəyişmə vaxtı 3 dəqiqədir. 3,5 hektar radiosundakı ərazini məhv edir, mərmisinin çəkisi 66,35 kiloqram, hədəfə çatma müddəti 2,5 dəqiqədir. “Vampir” adlanan yaylım atəş sistemi 40 raket atmaqla yanaşı, daşımaqla yanaşı, yerləşdiyi şassinin üzərində quraşdırılmış unikal hidravlik sistem sayəsində 80 belə raketi qısa bir müddət ərzində düşmənə ata bilir. Bir komplekt raket 70 hektar ərazini məhv etməyə qadirdir.


SOM qanadlı raket: 180 kilometrdən artıq məsafədə həm hərəkətdə olan, həm də stasionar hədəfləri məhv etmək gücünə malikdir.



DANA özüyeriyən artilleriya qurğusu: “Tatra 815” yük maşının xüsusi modifikasiya olunmuş 8x8 təkər sistemli şassisi üzərində yerləşən artilleriya qurğusudur. Sonralar bu sistem “təkərlər üstündə cəhənnəm” adlandırıldı. DANA 7 dəqiqə ərzində 30 mərmi ata bilər, bir saat ərzində isə 90 atış həyata keçirir. Qurğunun döyüş komplekti 60 mərmidir.

Sistem atış üçün D30 sovet qaubitsasının mərmilərindən istifadə edir. Lülənin maksimal qalxma bucağı 70 dərəcədir, enmə bucağı 4 dərəcədir. 225 dərəcə sektor boyu atış həyata keçirə bilir. Qəlpəli-fuqas mərmiləri ilə maksimal atış məsafəsi 19 kilometrə yaxındır. Qurğu cəmi 2 dəqiqə ərzində atəş mövqeyi tuta, atəşi başa vurandan sonra bir dəqiqə ərzində mövqeyini tərk edə bilər. Qurğu şose yolda saatda 80 kilometr sürətlə gedir, dolu yanacaq çənləri ilə 800 kilometr məsafə qət edir.

“Barak – 8” zenit-raket kompleksi: atış mənzili 90 kilometr, “Barak-8ER” konfiqurasiyasınınkı isə 150 kilometrə yaxın, hədəfi məhv etmə yüksəkliyi isə 16 000 metrə yaxındır. Raketin uzunluğu 4.5 metr, diametri 0.225 m, ümumi ağırlığı 275 kq, döyüş başlığı 60 kq təşkil edir. Yüksək manevr qabiliyyətinə malik “Barak 8” iki pilləli raket mühərrikinə sahibdir və şaquli atışla buraxılır. Raket aktiv arayıcı başlıq (RF/infraqırmızı) sayəsində hədəfə yönəlir və sürəti 2 maxdır (680 metr/saniyə).

Bunlar açıq mənbələrdə yer alan hərbi texnikalardır və bəzi hərbi texnikalar hərbi sirr baxımından ictimaiyyətə açıqlanmır. Lakin təkcə bu hərbi texnika Qarabağda baş verə biləcək müharibədə işğalçı ölkənin hərbi qüvvələrini darmadağın etməyə yetərlidir, uzaq keçmiş olmayan “aprel müharibəsi”ndəki kimi...

Bunlarla müqayisədə Ermənistanın “hələ yolda olan” Su-30SM-lə qürrələnməsi gülüncdür. Qarabağın dağlıq relyefinin Su-30SM-lərin manevr imkanlarını kifayət qədər aşağı endirdiyini də nəzərə alsaq, işğalçı ölkənin sevincinin kosmetik xarakter daşıdığı məlum olur. Hərçənd, bu kosmetika Nikol Paşinyanın hakimiyyət dəyişikliyindən sonra sıravi ermənilərə “əzələ nümayişi”ndən başqa bir şey deyil.

Azərbaycanın Hərbi Hava Qüvvələrinin arsenalına daxil etmək potensialına sahib olduğu yeni təyyarələr də – F-16, Su-35, JF-17 Thunder və s. – işğalçı Ermənistanın qorxulu kabusunu daha da böyüdəcək.

Asif Nərimanlı - https://asifnerimanli.wordpress.com/

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm