"Uzunmüddətli fərdi maraqlar Gürcüstanın strategiyasına ziyan vurur" - Politoloq
Bizi izləyin

Nida Təhlil

"Uzunmüddətli fərdi maraqlar Gürcüstanın strategiyasına ziyan vurur" - Politoloq

“Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycana səfəri çərçivəsində, şübhəsiz ki, Azərbaycan-Gürcüstan münasibətlərinin perspektivləri haqqında müzakirə aparılacaq. Əlaqələrin daha da genişləndirilməsi ilə bağlı müvafiq addımlar atılacaq. Ola bilsin ki, hansısa məsələlələrə ikitərəfli aydınlıq gətiriləcək”.

Bu fikirləri Publika.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevlə görüşü haqqında danışan politoloq bildirib ki, iki ölkə arasındakı sıx münasibətlərə heç nə xələl gətirə bilməz:

“Gürcüstan Azərbaycanla dostluq, qardaş əlaqələri olan bir ölkədir. Bizim bu ölkə ilə uzun illik tarixi münasibətlərimiz var. Dövlətlərimiz arasındakı bugünkü münasibətlər də ən yüksək strateji səviyyədədir. Təsadüfi deyil ki, bütün layihələrdə həyata keçirilən həm enerji, həm də nəqliyyat layihələrində Gürcüstan Azərbaycanla birlikdə iştirak edir. Şübhəsiz, dövlətlərarası münasibətlərimiz elə bir müstəvidə qurulub, Azərbaycanla Gürcüstan elə bir sıx formada bir-birinə birləşib ki, bu münasibətlərə xələl gətirə biləcək hər hansı bir faktın, siyasi qüvvənin ortaya çıxması mümkün deyil. Çünki Gürcüstanın dövlət olaraq müstəqilliyinin təminatçısı kimi həm də Azərbaycan çıxış edir. Azərbaycanın verdiyi dəstək, ölkəmizin Gürcüstanda həyata keçirdiyi layihələr, bu ölkəyə investisiya yatıran dövlətlərin sırasında Azərbaycanın ilk sırada olması əslində çox şeyi deyir. Bu baxımdan prinsip etibarilə bizi eyni tale, coğrafiya, yaxın mədəniyyətlər və qonşuluq əlaqələri birləşdirir.

Gürcüstanın Azərbaycana qarşı davranışlarında strateji müttəfiqlik münasibətlərinə uyğun gəlməyən elementlər olub. Gürcüstanın zaman-zaman sərgilədiyi ziddiyyətli davranışlara Azərbaycan dəfələrlə rəsmi səviyyədə olmasa da, qeyri-rəsmi səviyyədə ölkənin ayrı-ayrı siyasətçiləri tərəfindən münasibət bildirilib. Məsələ burasındadır ki, bu günə qədər ölkəmizin enerji və nəqliyyat dəhlizi layihələrinin həyata keçirməsinin sayəsində Gürcüstan iqtisadiyyatı xeyli inkişaf edib. Gürcüstan faktiki olaraq, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və enerji dəhlizləri müstəvisində önəmli halqaya çevrilib. Regionda məhz Azərbaycanın səyləri nəticəsində geosiyasi önəmi artıb. Bu aspektdən də Gürcüstan bir dövlət olaraq özünün müstəqilliyinin təminatçısı olduğuna görə Azərbaycana minnətdar olmalıdır. Bunun müqabilində Azərbaycanın Gürcüstandan hər hansı qeyr-adi tələbləri olmayıb. Mövcud tələblər isə strateji müttəfiqlik prinsiplərinə aid olan tələblərdir. Azərbaycan tələb kimi maraqlarına zidd olan addımların atılmasını irəli sürür. Necə ki, Azərbaycan Gürcüstanın maraqlarına zidd olan addımlar atmır, eləcə də, bunun qarşılığında eyni davranışı gözləyir. Hətta Azərbaycan 2008-ci il hadisələrində belə Gürcüstana yardım etdi və bununla da əslində, strateji müttəfiqliyin nə demək olduğunu rəsmi Tbilisinin, gürcü xalqının diqqətinə çatdırdı”.

E.Mirzəbəyli qeyd edib ki, mövcud problemlər hakimiyyətlə Gürcüstan dövlətinin maraqlarının üst-üstə düşməməsindən irəli gəlir:

“Məsələ burasındadır ki, Gürcüstanın hazırkı hakimiyyəti siyasi manipulyasiyalar yolu ilə özlərinin böyük siyasətin tərkib hissəsi olduğunu ortaya qoymağa çalışır. Gürcü rəhbərliyinin fərdi biznes maraqları var və bu biznes maraqları bir çox hallarda Gürcüstanın maraqları ilə üst-üstə düşmür. Korporativ, qısamüddətli maraqlarla üst-üstə düşə bilər. Amma uzunmüddətli fərdi maraqlar Gürcüstanın özünün strategiyasına ciddi şəkildə ziyan vurur.

Bundan başqa, ermənilər aktiv şəkildə Gürcüstanda fəaliyyət göstərməyə başlayıblar. Xüsusilə erməni lobbisinin fəaliyyəti açıq şəkildə nəzərə çarpmaqdadır. Bu kontekstdə, bizim də fəaliyyətimizə Gürcüstanda kifayət qədər ciddi şəkildə ictimai rəylə işləmək baxımından böyük ehtiyac var”.

Politoloqun sözlərinə görə, Azərbaycanın Gürcüstana verdiyi nəhayətsiz dəstəyin müqabilində qarşı tərəf də müttəfiqlik prinsiplərinə sadiq qalmalıdır:

“Gürcüstan prezidentinin səlahiyyətləri məhduddur. Hakimiyyətdə əsasən, hökumətin mövqeyi aparıcıdır. Gürcüstanın mövcud idarəçilik sistemi belədir. Düşünürəm ki, prezident Salome Zurabişvili, həm də onun seçki kampaniyasını müdafiə edən insanlar bu səfərdə Azərbaycan haqqında daha yaxından informasiya əldə etmək imkanı qazanacaqlar. Gürcüstan rəhbərliyi bunu başa düşməlidir ki, bəzən onların manevrləri üçüncü tərəflərə münbit şərait yaradır. Bununla da dövlətlərarası münasibətlərə xələl gəlir. Bütün bunlara rəğmən, Gürcüstanla Azərbaycan elə sıx halqalarla birləşib ki, Tbilisdə hakimiyyətdə kimin qalmasından asılı olmayaraq o, bu haqların yaratdığı prinsiplərə uyğun davranmaq məcburiyyətindədir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm