Zurabişvilinin Bakı səfəri: Azərbaycan və Gürcüstan strateji əlaqələri inkişaf edir
Bizi izləyin

Nida Təhlil

Zurabişvilinin Bakı səfəri: Azərbaycan və Gürcüstan strateji əlaqələri inkişaf edir

Azərbaycan-Gürcüstan münasibətləri, regionda müşahidə olunan son proseslər və Bakı-Tbilisi xəttində çatların yaranmasında maraqlı olan qüvvələr fonunda bu ölkənin prezidenti Salome Zurabişvilinin prezident seçiləndən sonra regionda ilk səfərini Azərbaycana etməsi diqqət çəkdi. Bu səfər Azərbaycan və Gürcüstan arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin nümayişi, o cümlədən, ölkələrimiz arasında ali səviyyəli siyasi dialoqun və hərtərəfli əməkdaşlığın inkişafına mühüm töhfədir.

Publika.az
xəbər verir ki, Azərbaycan və Gürcüstan hər zaman bir-birilərinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyib, hər iki ölkə ərazi bütövlüyünün pozulmasından əziyyət çəkir.

Səfər çərçivəsində Gürcüstan Prezidenti Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini açıq şəkildə bəyan etdi.

“Münaqişələr və ərazi bütövlüyünün pozulması hə iki ölkənin faciəsidir. İşğal xətləri bizim üçün yara olaraq qalır. Ölkələrimiz işğalla yaşayır. Bu gün biz öz suverenliyimizin və ərazi bütövlüyümüzün tanınması və bərpası üçün BMT-dən YUNESKO-ya qədər beynəlxalq təşkilatlarda birlikdə mübarizə aparırıq. Arzu edirəm ki, birgə səylərimizlə, böyük və yaxud kiçik qonşularımızın müsbət yanaşmaları ilə ölkələrimizin ərazi bütövlüyünə nail olaq. Ərazilərində işğalın olmasına baxmayaraq, Azərbaycan və Gürcüstan bu gün sabitlik adasıdır”, - deyə Zurabişvili qeyd etdi.

Azərbaycan və Gürcüstan irimiqyaslı enerji və nəqliyyat layihələri ilə Asiya və Avropanı birləşdirir və Avrasiya qitəsində nəqliyyat mərkəzi rolunda çıxış edirlər. Azərbaycan və Gürcüstanın dostluğu və tərəfdaşlığı həm də regional sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. İki ölkə arasında iqtisadi-ticarət, informasiya-kommunikasiya texnologiyaları, mədəni-humanitar əlaqələrin daha da inkişafı üçün böyük imkanlar var.

Azərbaycan və Gürcüstan arasında olan ikitərəfli əməkdaşlıq Azərbaycan-Gürcüstan-Türkiyə formatında üçtərəfli əsasda da uğurla davam edir.

Azərbaycan və Gürcüstan çoxkonfessiyalı dövlətlərdir. Regionda mövcud olan mono-etnik dövlətdən fərqli olaraq Azərbaycan və Gürcüstanın tolerantlıq ənənələri dünya üçün örnəkdir. Gürcüstanda yaşayan Azərbaycanlılar, Azərbaycanda yaşayan gürcülər ölkələrimiz arasında dostluğun və humanitar əlaqələrin inkişafında mühüm rol oynayırlar. Sahib çıxdığımız ortaq mədəni dəyələr beynəlxalq ictimaiyyətə, o cümlədən YUNESKO-ya təqdim edilməlidir.

S.Zurabişvilinin səfəri Azərbaycan və Gürcüstan arasında əlaqələrə xələl gətirməyə cəhd göstərən tərəflərin heç zaman öz məqsədlərinə nail ola bilməyəcəklərini təsdiqlədi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm