Millət vəkilindən problemli kreditlərlə bağlı AÇIQLAMA: "Onların problemlərini..."
Bizi izləyin

Nida Təhlil

Millət vəkilindən problemli kreditlərlə bağlı AÇIQLAMA: "Onların problemlərini..."

“Azərbaycan Prezidenti qəbul etdiyi strateji, sosial qərarla vətəndaşlarımızın dövlətdən gözləntilərini artıqlaması ilə yerinə yetirdi”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, əslində son günlərdə imzalanan fərmanların ardınca Azərbaycan Prezidenti yanında sosial problemlərin həlli ilə bağlı keçirilən müşavirədəki anonsdan sonra belə bir qərarın qəbul ediləcəyi gözlənilən idi: “Azərbaycan cəmiyyəti də belə bir qərarı gözləyirdi. Şübhəsiz ki, bu, mürəkkəb yanaşma tələb edən ciddi bir məsələ idi. Problemli kreditlər 1 milyard dollardan çox bir məbləği əhatə edir. Onun həll olunması üçün optimal variant tapmaq lazım idi. İmzalanan fərmanla aydın olur ki, onunla vətəndaşlara dəyən az qala bütün zərərin ödənilməsilə bağlı qərar qəbul edilib. Dövlət problemin həllilə bağlı məsuliyyətin və maliyyə vəsaitinin böyük hissəsini öz üzərinə götürüb. İki dövr və mərhələdə alınan kreditləri əhatə edən qərar bütövlükdə problemli kreditlərin hamısının həllinə töhfə verəcək. Birinci dövr 2015-ci ilin fevralın 21-nə qədər olan dövrdə götürülən kreditlərin həllilə bağlıdır. İkinci dövr isə 2015-ci ilin fevralın 22-dən dekabrın 21-nə qədər olan dövrdə vətəndaşların götürdüyü kreditlərlə bağlıdır.

Maksimal hədd 10 min dollar, 17 min manat səviyyəsində müəyyənləşdirilib ki, bu da əslində vətəndaşların gözləntilərindən də çoxdur. Çünki 3-5 min dolları əhatə edəcək məbləğlə bağlı belə bir fərmanın veriləcəyi gözləntisi var idi. Amma cənab Prezident verdiyi fərmanla 10 min dollara qədər olan problemli kreditlərin həllilə bağlı qərar qəbul etdi. Birinci mərhələdə götürülən hər 1 dollara görə, 0,25 manat ödənişin müəyyənləşdirilməsi əslində devalvasiya nəticəsində olan artımın tamam silinməsi deməkdir. Fevralın 22-dən dekabrın 21-nə qədər götürülən hər dollar kreditə görə isə 0,6 manat ödənişin müəyyənləşməsilə də anoloji situasiyanın şahidi oluruq. İlham Əliyev qəbul etdiyi strateji, sosial qərarla vətəndaşlarımızın dövlətdən gözləntilərini artıqlaması ilə yerinə yetirdi. Bu təkcə problemli kreditlərin həlli məsələsinə dövlətin verdiyi töhfə deyil. Eyni zamanda, ölkənin bank sistemi və vətəndaşların kreditlərlə bağlı bundan sonrakı fəaliyyətlərinə də stimul yaradan bir sərəncamdır. Bu prosesdən həm vətəndaş, həm də banklar qazanır. Atılan bu addımı banklarla vətəndaşlar arasında qarşılıqlı etimadın bərpa olunması kimi də qiymətləndirmək olar. Vətəndaşlarımız bir daha hiss etdi ki, Azərbaycan dövləti və Prezidenti daim onların yanındadır. Hər hansı bir fors-major situasiya yaranarsa, dövlət onların problemlərini həll etməyə qadirdir. Bunun üçün Azərbaycan Prezidentinin siyasi iradəsi var”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm