Qarabağda dəhşətli MÜHARİBƏ XƏBƏRDARLIĞI: Ermənistan üçün böyük faciə
Bizi izləyin

Nida Təhlil

Qarabağda dəhşətli MÜHARİBƏ XƏBƏRDARLIĞI: Ermənistan üçün böyük faciə

ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həll formatının dəyişdirilməsi iddiası ilə bağlı bəyanat verib. Həmsədrlər bildiriblər ki, danışıqların formatı dəyişdirilə bilməz. Danışıqların əsasını işğal olunmuş ərazilərin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması təşkil edir. Həmsədrlər danışıqların təməli kimi “Helsinki Yekun Aktı”na istinad edirlər. “Helsinki Yekun Aktı”na görə isə öz müqəddəratını təyin etmək ərazi bütövlüyünə zidd ola bilməz.

Publika.az-ın məsələ ilə bağlı suallarını politoloq Natiq Miri cavablandırıb.

Analitik bildirib ki, Ermənistan son davranışları ilə müharibə variantını tətikləyir.

- ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həll formatına dair verdiyi bəyanatı necə xarakterizə edirsiniz?

- Bu bəyanat sadəcə olaraq Ermənistan hökumətinə xəbərdarlıq xarakteri daşıyır. ATƏT-in Minsk qrupu Azərbaycanın xətrini istədiyi üçün bu addımı atmayıb. Nikol Paşinyan hakimiyyətə gələndən bəri Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar masasında Qondarma Dağlıq Qarabağ rejimini müstəqil tərəf kimi təqdim etmək istəyir. Bununla da yaxasını kənara çəkmək və məsuliyyətdən qaçmağı arzulayır. Təbii ki, bu, birinci niyyətdirsə, ikinci niyyət indiki çətin durumda vaxt qazanmağa çalışır. Lakin o da bəllidir ki, Azərbaycan müzakirə masasında uzunmüddətli konkret predmetlər üzrə müzakirələr olmasa, bu danışıqları davam etdirməkdə maraqlı olmayacaq. Paralel olaraq, artıq Azərbaycan hərbi sahədə də həm Ermənistana, həm də dünyaya mesajlar verir. Dağlıq Qarabağ ərazilərinə yaxın bölgələrdə böyük hərbi təlimlər start götürüb. Bu təlimlər müdafiə xarakterli deyil. Əksinə, hücum xarakteri daşıyır. Bu, işğal olunmuş torpaqların düşmən tapdağından azad edilməsi planının tərkib hissəsidir. Bu təlimlər bitmədən, sözün əsl mənasında, torpaqların azad olunması istiqamətində hərbi əməliyyatlara da çevrilə bilər. Bunu kimsə təxmin edə bilməz. Bu işə yalnız dövlət başçısı qərar verə bilər. ATƏT də Ermənistan rəhbərliyinə başa salmaq istəyir ki, alternativ format müharibə deməkdir. İndiki şəraitdə müharibənin olması Ermənistan üçün dramatik sonluqla bitəcək. Bunu sadəcə Ermənistan deyil, onun himayəçisi olan həmsədr dövlətlər də bilməmiş olmaz. Ona görə də düşünürəm ki, bu bəyanat Ermənistana xəbərdarlıq xaraketrlidir. Əgər İrəvan zaman qazanmaq istəyirsə, bu, formatın dəyişdirilməsi iddiası ilə mümkün deyil. Çünki bütün dünya dövlətləri danışıqlar prosesinin prosedurunu qəbul edib. Bunu dəyişmək üçün ən azından, münaqişə tərəfi olan Azərbaycan da razılıq verməlidir.

- Bu bəyanatdan sonra Ermənistan danışıqlar prosesinə üçüncü tərəfi çəkmək iddialarından əl çəkəcəkmi?

- Bir şeyi birmənalı bilmək lazımdır: heç bir fəaliyyəti olmayan, tərəflərə hansısa təzyiq mexanizmi olmayan qrup tərəfindən verilən bəyanatların işə yarayacağını düşünmək özünü aldatmaq deməkdir. Burada yalnız və yalnız güc faktorundan söhbət gedə bilər. Ermənistanı yalnız güc amili ilə bu məsələdən yayındırmaq, geriyə çəkmək mümkün ola bilər. Düşünürəm ki, hücum xarakterli təşkil edilən hərbi təlimlər də məhz bu istiqamətdədir. Ermənistan da anlamalıdır ki, bu, sadəcə sıradan təlim olmaya bilər. Təlimlərin keçirildiyi anda istiqamət dəyişərək müharibəyə çevrilə bilər. Ermənistan Azərbaycan Ordusunun qüdrəti qarşısında uzun müddət dayana bilməz. Bu, Ermənistanın faciəsi olar. Ermənistanı yalnız sərt, hərbi-siyasi qərarlarla geri çəkmək mümkündür. ATƏT-in son bəyanatı kimsəni çaşdırmasın. Biz bu bəyanatları 26 ildir ki, eşidirik.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm