Bütün gedişlər Bakının əlindədir, hər şey Əliyevdən asılıdır, Paşinyan... - Politoloq açıqladı
Bizi izləyin

Nida Təhlil

Bütün gedişlər Bakının əlindədir, hər şey Əliyevdən asılıdır, Paşinyan... - Politoloq açıqladı

Ermənistanın Xarici İşlər naziri Zoqrab Mnatsakanyan baş nazir Nikol Paşinyan ilə Azərbaycan prezidenti İlham Əliyev arasında planlaşdırılan rəsmi görüş barədə açıqlama verib. Nazir bildirib ki, Ermənistan ötən ilin mayından etibarən prosesə fəal şəkildə cəlb olunub. Danışıqlar gedir və liderlərin görüşü barədə işlər aparılır.

Lakin Ermənistanın həmin dövrdən etibarən danışıqlar prosesini mümkün qədər ləngitmək istəyi, bunun üçün müxtəlif bəhanələr gətirərək məsuliyyətdən boyun qaçırması heç kimə sirr deyil. Xüsusilə, son dövrlərdə baş nazir səviyyəsində cəfəngiyyatdan ibarət olan bəhanələrin səsləndirilməsi hətta vasitəçilik səlahiyyətlərini yerinə yetirən ATƏT-i belə hərəkətə keçirdi.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirir ki, Ermənistan və Azərbaycan liderlərinin rəsmi görüşünə qədər baş verən hadisələr bu vəziyyətdə ümidverici məqamlar haqqında danışmağa imkan vermir:

“Çünki biz bir qayda olaraq, Ermənistanın pozucu fəaliyyətinin şahidi oluruq və görürük ki, qondarma bəhanələrlə, yersiz tələb və şərtlərlə rəsmi İrəvan çalışır ki, nizamasalma prosesini iflic vəziyyətinə salsın. Doğrudur, ilin əvvəlində böyük bir dinamizm müşahidə olundu, nazirlərin bir neçə görüşü keçirildi. Hətta Münhen Təhlükəsizlik Konfransına qədər də hamı ümidli idi ki, ən azı nazirlər orada danışacaqlar. Hətta prezidentlərin də Münhenə səfəri və görüşü istisna edilmirdi. Lakin son məqamda nəinki, prezidentlərin, heç nazirlərin də görüşü baş tutmadı. Buna səbəb də Ermənistanın dağıdıcı münasibəti oldu. Biz gördük ki, həqiqətən də, rəsmi İrəvan yersiz tələbələr irəli sürür. Azərbaycan özünün ərazi bütövlüyünü əvvəl-axır bərpa edəcək və burada erməni separatçılarının danışıqlar prosesində lüzum və imkan yoxdur. Belə olan halda, Ermənistan bildirdi ki, danışıqlar prosesində özü iştirak edəcək. Bu, özü-özlüyündə qondarma, manipulyativ əsasda yaranmış bir bəhanə idi. Ona görə də belə gedişlər qətiyyən pozitiv, ümidverici, müsbət dəyişikliklər üçün yer qoymur. Bu baxımdan da Azərbaycan özünün tərəf müqabilini çox gözəl tanıyır. Bakıya ermənilərin bütün gedişləri, bütün siyasi addımları bəllidir. Azərbaycan tərəfini belə lazımsız, vakuum tərkibli addımlarla aldatmaq mümkün deyil”.

Politoloq qeyd edir ki, indi hər şey Azərbaycanın siyasi rəhbərliyinin ab-havasından, istəyindən və mövqeyindən asılı olacaq:

“Ona görə ki, biz hər zaman danışıqlara hazır olmuşuq. Günü bu gün də deyilir ki, biz Ermənistandan aydın və münasib cavab gözləyirik. Çünki bizim mövqeyimiz bəllidir. Ermənistan isə təsadüfi məqamlara qapılır və çalışır ki, onsuz da, qeyri-müəyyən olan vəziyyət bir dumanlıq gətirsin. Ona görə də belə başa düşürəm ki, əgər ölkə rəhbərlərinin rəsmi görüşündən söhbət gedirsə, həmin görüş üçün müvafiq gündəlik tərtib edilməlidir. Daha sonra xarici işlər nazirləri birinci şəxslərin nümayəndələri kimi özləri bir qərara gəlməldidir. Prinsiplər, gündəlik haqqında məsləhətləşmələr aparılmalıdır. Razılaşdırılan məqamların gələcək məsələlərə münasibliyi diqqətdən keçirilməlidir. Yəni burada elə məsələlər var ki, onların müzakirəsi və razılaşdırılması qarşılıqlı şəkildə həllini tapmalıdır. Azərbaycan bütün diqqətini sağlam mühitə kökləyirsə, Ermənistan bunun əksinə olaraq daha çox dolaşıq məsələləri diqqət mərkəzinə çəkir. Ona görə də Azərbaycan heç bir vəchlə belə qaydasız yanaşmaya və reallıqla rabitəsi olmayan mövqeyə yer verməməlidir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm