Əli Kərimlinin Paşinyana “bəy tərifi” deməsinin SƏBƏBLƏRİ - SENSASİON FAKTLAR
Bizi izləyin

Nida Təhlil

Əli Kərimlinin Paşinyana “bəy tərifi” deməsinin SƏBƏBLƏRİ - SENSASİON FAKTLAR

Ermənistanın baş naziri Nikol Paşinyanın təhlükəsizlik şurasının iclasını Azərbaycanın işğal altındakı bölgələrində keçirməsi işğalçı ölkənin beynəlxalq hüquq normalarına zidd siyasətinin dəyişməyəcəyini bir daha təsdiqlədi. İşğalçı ölkənin öz mahiyyətini nümayişkəranə şəkildə göstərməsi həm münaqişənin həlli prosesini həyata keçirən beynəlxalq vasitəçilərə Ermənistanın anti-sülh simasını növbəti dəfə tanıtdı, həm də rəsmi Bakıya danışıqlar prosesinin bundan sonrakı gedişində atacağı addımları müəyyən etmək imkanı verdi. Məsələnin siyasi tərəfləri ilə yanaşı, Paşinyanın Qarabağda etdiyi bu həyasız gediş hər bir Azərbaycan vətəndaşında haqlı qəzəb doğurur. İşğala məruz qalmış ölkə olaraq bu qəzəb ədalətlidir. Lakin AXCP sədri Əli Kərimli Paşinyanın Xankəndidə etdiyi nümyişkəranə həyasızlığından sevindiyini eyni formada etiraf etdi.

O, “hakimiyyətə gedən yolda bütün yollar mübahdır” prinsipindən əl çəkmir, Ermənistanı Azərbaycana nümunə kimi göstərir, Nikol Paşinyana “bəy tərifi” yağdırır və az qala Qarabağda davam edən işğala sevindiyini də gizlətmir. Çünki bu, ona öz cameəsindəki insanlara “günahkar Azərbaycan hakimiyyətidir” tezisini müdafiə etmək imkanı verir.

“Azərbaycan saatı”na 2 saatlıq müsahibəsində Əli Kərimli iddia edir ki, “Azərbaycan hakimiyyəti Paşinyanın təhlükəsizlik şurasının iclasını Xankəndində keçirməyinə heç bir cavab vermədi”, ardınca “çünki hakimiyyətin deməyə sözü yoxdur, hakimiyyət yalnız özünü düşünür” deyə populist fikirlər səsləndirir. Doğrudanmı, bu gün Azərbaycan torpaqlarında davam edən işğal onu narahat edir? Belədirsə, niyə indiyə qədər heç bir çıxışını, mitinqi, yaxud müsahibəsini sırf Qarabağda işğal faktına həsr etməyib? Əli Kərimli oğlunu işğalçılarla birgə Azərbaycana qarşı çıxmaq üçün Qarabağ separatçılarının “lideri” Bako Saakyanın oğlu Armen Saakyanla eyni tədbirə göndərəndə niyə torpaqlarımızın işğal altında olduğunu düşünmürdü?

Cavab sadədir: ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında keçirilən dinləmələr Azərbaycana qarşı idi, Əli Kərimli üçün də orada kiminlə, hətta Qarabağ separataçıları ilə belə oturmağın heç bir fərqi yox idi və o, bunu sevə-sevə etdi. İndi də Paşinyanın Qarabağa gəlişi onun siyasi ambisiyalarına uyğun olduğu üçün bu haqda sevə-sevə danışır.

O, Paşinyana “bəy tərifi” deyir, Azərbaycan lideri İlham Əliyev isə işğalçını diplomatik manevrləri ilə təslim olmağa sürükləyir. Əli Kərimli ilə özünə düşmən elan etdiyi Azərbaycan dövlətinin rəhbərliyi arasındakı fərq də buradadır.

Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən və İrəvana xəbərdarlığın edildiyi sonuncu bəyanatından sonra işğal altındakı Qarabağa gəldi. Erməni baş nazirin məqsədi bununla danışıqlarda “format dəyişikliyi” tezisini əyani sürətdə davam etdirmək idi, hərçənd, işğalçı həm də çıxılmaz vəziyyətə düşdüyünü nümayiş etdirdi. Ermənistanın bu situasiya ilə üzləşməsinin baş memarı da məhz Azərbaycan lideridir.

Prezident İlham Əliyev siyasi manevrləri və şəxsi nüfuzu ilə Ermənistanın yeni hakimiyyətinin bel bağladığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) vəziyyəti işğalçının əleyhinə çevirdi. Buna paralel olaraq, Rusiya ilə Ermənistan arasında yaranmış böhrandan diplomatik manevrlə yararlandı və İrəvanın əsas dayağını laxlatdı. Paşinyanın üz tutacağı digər cəbhə Avropa olacaqdı, lakin Azərbaycan lideri bu qapıları da işğalçıların üzünə bağladı və Paşinyan böyük ümidlərlə getdiyi Qərbdən əlboş qayıtdı. Ardınca Minsk qrupu işğalçıların bütün tezisini alt-üst edən bəyanat qəbul etdi. Əslində Ermənistanın son günlər aqressivləşməsi və təhlükəsizlik şurasının iclasının işğal altındakı ərazilərdə keçirilməsinin səbəbi də məhz üzləşdiyi çıxılmaz vəziyyətlə bağlıdır.

Azərbaycan lideri işğalçının təslim olacağı və Qarabağın azad ediləcəyi günü addım-addım yaxınlaşdırır, Əli Kərimli isə yalnız danışır, danışır və danışqıca özünü batırır...

Bildirir ki, “artıq hər kəs Azərbaycan hakimiyyətindən üz çevirir, vaxtilə Ştrasserin siyahısına qarşı çıxan bir alman deputat Bundestaqda intizam komitəsi önünə çıxarılıb və bu yaxınlarda mandatı ləğv olunacaq”.

Söhbət Avropa Şurası Parlament Assambleyasında (AŞPA) uzun müddət erməni lobbisinin anti-Azərbaycan fəaliyyətinə rəhbərlik etmiş Kristofer Ştrasserdən gedir. Ştrasser 2015-ci ilin 24 aprelində İrəvanda qondarma “erməni soyqırımı” abidəsini ziyarət edib və Almaniya hökumətinin bu saxta abidə önündə baş əyən yeganə nümayəndəsi olaraq tarixə düşüb. Ştrasser Ermənistanı, o cümlədən işğal altındakı torpaqlarda yaradılan separatçı rejimi açıq şəkildə dəstəkləyir. Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (European Strategic İntelligence and Security Center – ESİSC) AŞPA-da anti-Azərbaycana şəbəkəsinə dair bir müddət öncə açıqladığı hesabatda Ştrasserin erməni lobbisinin tapşırıqlarına əsasən faliyyət göstərdiyinə dair kifayət qədər fakt var. (http://www.esisc.org/upload/publications/analyses/11791/AC%2002.pdf).

Bu faktlar fonunda Əli Kərimlinin erməni lobbisinin nümayəndəsini “Azərbaycan xalqının xilaskarı” kimi təqdim etməsinin arxasında hansı siyasi planların olduğu haqda suallar yaranır. Bu sualları gücləndirən əsas məqamlardan biri isə Kərimlinin irəli sürdüyü iddiadır: “Bütün istiqamətlərdən hücuma məruz qalan Azərbaycan hakimiyyəti Avropaya göstərir ki, baxın biz Ermənistanla sülh tərəfdarıyıq, bizi masadan çıxarmayın, çünki biz təslimçi sülhə hazırıq”. Bunun mənasız iddiadan başqa bir şey olmadığı və yalnız Əli Kərimlinin təxəyyülündən çıxa biləcəyi məlumdur. Lakin burada Əli Kərimlinin özünüifşası aydın şəkildə görünür.

İndiyə qədər Azərbaycana qarşı müxtəlif hücumların qaynağında məhz Dağlıq Qarabağın işğalı ilə barışmaq və təslimçi sülhə imza atmaq məqsədinin olduğu dəfələrlə gündəmə gəlib. Hətta ABŞ Konqresində erməni lobbisinin aparıcı siması, “erməni soyqırımı”nın tanınması üçün Obamaya məktub yazan, Qarabağın işğalına dəstək verən konqresmen Kristofer Smitin 2015-ci ildə Azərbaycana qarşı sanksiya layihəsində “təslimçi sülh” planı açıq şəkildə qeyd olunurdu. 2016-cı ilin “aprel müharibəsi”ndə məğlub olan Ermənistanda medianın Qərbdəki erməni lobbisinə od püskürməsinin də səbəbi bu idi.

FAKT: “Armenianreport” saytı, 2016-cı il 19 aprel tarixi: “Zərbə arxasınca zərbə: indi də ABŞ-dan”: “Azərbaycan Rusiyadan, İsraildən və bir çox ölkədən rahat şəkildə silah alaraq ordusunu gücləndirdi. Amma bizim hakimiyyətimiz buna qarşı heç nə edə bilmədi, ən yaxşı halda susdular. Ermənistanda hakimiyyət artıq çoxdandır ölkənin təhlükəsizliyi məsələsini diasporun çiyinlərinə yükləyib. Hansı ki, diaspor Azərbaycana qarşı demokratiya çağırışları ilə dünyanın diqqətini bura cəlb edəcək və rəsmi Bakının qollarını qandallayacaqdılar. Bizə söz verdilər ki, Bakıya qarşı ən sərt sanksiyalar tətbiq olunacaq. Haradadır o sanksiyalar?! Onlar yoxdur”.

Əli Kərimli bu iddiasında Azərbaycana qarşı bütün hücumların arxasında məhz “təslimçi sülh” şərtinin olduğunu etiraf etmiş oldu. O, bununla həm də indiyə qədər Qərbdən Azərbaycana edilən bütün təzyiqlərə açıq dəstək verən şəxs kimi özünün də “Qarabağda təslimçi sülh” planının bir parçası olduğunu etiraf edir. Bunun fonunda onun Paşinyana “bəy tərifi” deməsi o qədər də təəccüblü görünmür. Kərimlinin “erməni inqilabı”nı Azərbaycan xalqına nümunə göstərməsi və açıq çağırışlar etməsinin Qərb dairələrində məskən salan erməni lobbisinin Bakıya doğru uzanan qaranlıq planlarının tərkib hissəsi olmadığına da heç kim zəmanət verə bilməz. Çünki Ermənistan və erməni lobbisi üçün Azərbaycanda ərazi bütövlüyü məsələsində prinsipial mövqeyə sahib olan, güzəştə getməyən hakimiyyətin olması heç də sərfəli deyil. Kərimli isə Paşinyansayağı “siyasi Olimpə” yüksəlmək üçün qapılarını sona qədər açıq saxlayır.

Kərimlinin “Azərbaycan hakimiyyəti indiyə qədər hansı ölkə ilə danışıbsa, deyib ki, sizinləyik, lakin artıq heç kim buna inanmır” iddiası və Rusiyaya ünvanlanan mesajları təsdiqləyir ki, o, hakimiyyət sevdası uğrunda mövcud iqtidarın apardığı mehriban qonşuluq və qarşılıqlı tərəfdaşlıq siyasətinin nəticəsində əldə olunmuş uzunmüddətli sabitliyi də satmağa hazırdır. Bununla kifayətlənmir, İranın dini dairələrinə bağlı olan və Azərbaycanda şəriət rejimi qurmağı planlaşdıran Tale Bağırzadə ilə əlaqələrini etiraf edir, Gəncədə məhz İrandakı müəyyən dairələrin tapşırığına əsasən terror aktı törədən şəxsin müdafiəsinə qalxır və beləliklə cənubdan mədəd umur. Xeyr, bu da yetərli olmur, Əli Kərimli Azərbaycan dövlətinin strateji müttəfiqimiz olan qardaş Türkiyə ilə münasibətlərinə də çamur atır. Görünür, o, dövlət katibi olduğu dövrlərdə Əbülfəz Elçibəyin Türkiyə ilə münasibətlərə xüsusi önəm verməsi və bunun nəticəsində qardaş ölkənin regionda təsirinin güclənməsinə qarşı Rusiya və İranla gizli əməkdaşlığından qalma təcrübəsini yenidən təzələmək və keçmiş xidmətlərinin qarşılığını almaq niyyətindədir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm