Ukrayna niyə şoumenə üstünlük verdi? - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Ukrayna niyə şoumenə üstünlük verdi? - ŞƏRH

“Proqnozlaşdırıldığı kimi Ukraynadakı prezident seçkisinin birinci turunda artist və şoumen Vladimir Zelenski qələbə çaldı. Zelenskinin ikinci tura çıxan hazırki prezident Pyotr Poroşenko ilə arasındakı fərqi 13 faiz arasındadır. Heç bir siyasi təcrübəsi olmayan artistin illərin siyasətçilərini qabaqlaması nonsensdir. Görünür, bu ukraynalıların hazırki siyasətçilərdən və siyasi cərəyanlardan yorulması və verilən vədlərin yerinə yetirilməməsi ilə bağlıdır”.

Publika.az
xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, hazırkı Prezident Pyotr Poroşenkonun ikinci tura çıxması onun kiçik qələbəsi sayıla bilər:

“Çünki hələ 5-6 ay əvvəl Poroşenko reytinqinə görə 5 və ya 6-cı sıralarda idi, müxalifətin namizədi Yuliya Timoşenkondan ən azı 15-18 faiz geri qalırdı. Ancaq seçki gününə yaxın Poroşenko və onun komandası toparlanaraq Timoşenkonu və digər namizədləri qabaqlaya bildilər. Əsl yarış bundan sonra başlayacaq. Seçkinin ikinci turu aprelin 21-dədir. İlk baxışdan 13 faiz fərqlə Zelenski ikinci turun da qalibi kimi görünə bilər. Üstəgəl ikinci tura çıxmayan Timoşenkonun (13 faiz) və Boykonun (10 faiz) elektoratının da Zelenskiyə səs verməsi onun prezident seçilməsi şansını artırır. Ancaq 20 gün içində bu durum dəyişə də bilər.

Birincisi, Vladimir Zelenski siyasətdə yeni adamdır, naşıdır, bir sözlə çoxları üçün qara qutudur. Gənclərin böyük əksəriyyəti ona səs verib. Bu bir qədər də emosional qərar idi. Ancaq ikinci turda seçici ölkənin taleyini kimə etibar etməsi məsələsində ciddi düşünmək məcburiyyətində qalacaq.

İkincisi, Vladimir Zelenskinin parlamentdə dəstəyi, fraksiyası yoxdur. Bunu da seçicilər ikinci turda nəzərə alacaqlar. Başqa sözlə ikinci turda seçici ürəyi ilə deyil, ağlı ilə səs vermək məcburiyyətindədir”.



Poroşenkonun təcrübəli siyasətçi və yaxşı natiq olduğunu deyən Elxan Şahinoğlu qeyd edib ki, bu xüsusiyyətlərin heç biri Zelenskidə yoxdur:

“O birinci turdan öncə jurnalistlərə siyasi mövzularda müsahibə verməkdən yayınırdı. Çünki, onun nə konkret proqramı və komandası var, nə də ölkə qarşısındakı ciddi problemlərin həlliylə bağlı düşüncələri formalaşıb. Zelenski televiziya ekranları qarşısında rəqibi ilə debatlara razılaşsa ciddi suallarla üzləşəcək. Zelenski debatlardan itmina edərsə, bu onun zəifliyi kimi görsənəcək və reytinqinə mənfi təsir edəcək. Beləliklə, Poroşenko üçün hələ heç nə itirilməyib. Gürcüstanda oxşar hadisələr baş vermişdi. Gürcüstanda prezident seçkisinin birinci turunda müxalifətin namizədi Vaşadze rəqibi Zurabişvilini xeyli qabaqlayırdı və çoxları onun ikinci turda asanlıqla prezident seçiləcəyini proqnozlaşdırırdı. Ancaq administrativ resurslar və yağlı vədlər hesabına Zurabişvili ikinci turda qələbə çaldı. İkinci tura yaxın Poroşenko da eyni taktikadan istifadə edəcək. O da seçicilərə elə vədlər verə bilər ki, bu seçiciləri şirnikləndirə bilər”.

Politoloq qeyd edib ki, Ukraynadakı prezident seçkisi Azərbaycanda diqqətlə izlənildi:

“Zelenskinin dostları arasında ermənilərin çoxluq təşkil etdiyini vurğulamaq lazımdır. Bu baxımdan Zelenskinin Cənubi Qafqaza baxışı maraqlıdır. Pyotr Poroşenko Azərbaycana rəsmi səfər etmişdi. İlham Əliyev onunla yaxın münasibətlər qurmuşdu. Ona görə də Azərbaycan üçün ideal variant Poroşenkonun yenidən prezident seçilməsidir. Ancaq Zelenskinin Ukrayna prezidenti seçilməsi də Azərbaycan üçün problem yaratmayacaq. Ukrayna GUAM çərçivəsində Azərbaycanla əməkdaşlıq edir. Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynada investisiyaları var. İki ölkə arasında yük daşımaçılığı artır. Zelenski bu reallıqları nəzərə almaq məcburiyyətindədir. Eyni ilə Zurabişvili də seçkidən əvvəl ermənilərlə görüşmüş və onlara simpatiyasını ifadə etmişdi. Ancaq seçkidən sonra Zurabişvili bölgə ölkələrindən ilk olaraq Azərbaycana səfər etdi. Çünki Zurabişvili də mövcud reallıqlarla hesablaşmaq məcburiyyətində qaldı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm