Qabil Hüseynli: "Son Vyana görüşü mövcud formatı bir daha təsdiqlədi"
Bizi izləyin

Nida Təhlil

Qabil Hüseynli: "Son Vyana görüşü mövcud formatı bir daha təsdiqlədi"

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbçilərlə görüşdə çıxış edərkən bildirib ki, son Vyana görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövcud danışıqlar formatını bir daha təsdiqlədi. Prezident qeyd edib ki, bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır: "Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr qəbul etmişlər. Bu, tarixi və hüquqi əsasdır. Heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayıb, əminəm ki, tanımayacaqdır. Ona görə danışıqların davam etdirilməsinin məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır. Siz bilirsiniz ki, Ermənistanın yeni rəhbərliyi danışıqların formatını dəyişdirmək istəmişdir. Verilən bəzi bəyanatlar da ictimaiyyət üçün bəllidir. Ancaq Azərbaycanın birmənalı mövqeyi bunu mümkün etməmişdir”.

Dövlətimizin başçısı vurğulayıb ki, münaqişə Ermənistan ilə Azərbaycan arasındadır: "Bizim torpaqlarımızı Ermənistan işğal edibdir. İşğal edilmiş torpaqlarda qarşı tərəfdə hərbçilərin 80 faizi Ermənistan vətəndaşlarıdır. Ona görə danışıqlar prosesi də iki ölkə arasında aparılmalıdır və aparılır. Son Vyana görüşü, o cümlədən ona görə önəmli idi ki, bu mövcud formatı bir daha təsdiqlədi. Həm xarici işlər nazirləri arasında aparılan danışıqlar, həm də rəhbərlik arasında keçirilmiş görüş bir daha onu göstərir ki, bu, Ermənistan-Azərbaycan münaqişəsidir. Biz hər dəfə bu münaqişə ilə bağlı sözümüzü deyəndə bu münaqişəni belə də adlandırırıq: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi".

Prezidentin bu çıxışını Publika.az-a şərh edən sabiq dövlət müşaviri, siyasi ekspert Qabil Hüseynli də təsdiq edir ki, Vyana görüşü Ermənistan tərəfinin, xüsuilə, baş nazir Nikol Paşinyanın xüsusi cəhdlərinə baxmayaraq, həm ATƏT, həm BMT və ümumilikdə, problemin həlli ilə məşğul olan tərəflər “3+2” variantını danışıqların formatını olduğunu, 20 ildən artıq fəaliyyət göstərdiiyini, müəyyən nəticələrə nail olduğunu söylədi:

“Danışıqlardan sonra Paşinyan özünün əaqli qabiliyyətinə, psixoloji durumuna uyğun olaraq sərsəmləmələr etməkdə davam edir. O bildirir ki, tərəflər danışıqlar prosesində hər hansı razılığa gələ bilmədilər. Danışıqlardan sonra Bako Saakyana zəng edərək deyir ki, qondarma rejimin statusu məsələsində ciddi mübarizə aparıblar və bəzi məsələlərdə Azərbaycan tərəfini sıxışdıra bilib. Daha sonra öz ağası Vladimir Putinə zəng edib və Vyana görüşləri haqqında məlumat verib. Bir sözlə, Paşinyan tozanaq qoparmaqla özünün igidliklərindən dəm vurub. Danışıqlar prosesinin nəticəsiz bitməsində məsuliyyət daşıdığını zərrə qədər hiss etmir. Amma Azərbaycan prezidenti, sözsüz ki, Vyana görüşündə yüksək dəyanət nümayiş etdirdi. Ermənistan tərəfinə yaxşı dərs verdi. Qarabağ probleminin həll formatının dəyişməsi məsələsi, qondarma rejimin formata daxil olunması iddiasının gündəmə gəlməsinə imkan vermədi. Burada Minsk qrupunun həmsədrləri də fəal rol oynadılar.

Danışıqların ətrafında geniş müzakirələr aparılmasına baxmayaraq, ya Paşinyanın səriştəsizliyi, danışıqlar praktikasına malik olmaması üzündən, ya da pozuculuq fəaliyyəti ucbatından görüşdə konkret bir məsələni müzakirə etmək mümkün olmayıb. Əlbəttə, bu, Azərbaycana heç bir başıaşağılıq gətimir. Əksinə, Azərbaycan göstərdi ki, o, yüksək danışıq mədəniyyətinə malikdir. Nəticələrin əldə olunmasını istəyir. Bundan ötrü əlindən gələni əsirgəmir. Üstəlik, Azərbaycan tərəfi Paşinyanın diqqətinə çatdırdı ki, bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı çərçivəsində həll olunacaq. Açıq deyək, Vyana görüşü bizim üçün xüsusi bir yol göstəricisi deyil. Əksinə, biz ondan ciddi nəticələr çıxardıq və başa düşdük ki, Ermənistanın müdafiə naziri Tonayanın da səfehləməsindən və bu səfehləmənin Paşinyan tərəfindən təsdiqlənməsindən sonra belə məlum oldu ki, ermənilər daha çox psixoloji platformada müharibəyə hazırlaşırlar. Azərbaycana psixoloji təzyiq göstəməyə çalışırlar. Lakin biz bu yekəbaşlığı və işğalçı dövlətin yeni işğala addım atmaq niyyətində olmasını ciddi qarşıladıq. Baxmayaraq ki, biz bunun dünya tərəfindən ciddi sürətdə qarşılanmasını istərdik. İndiyə qədər Ermənistana işğalçı damğasının vurulmaması, ona sanksiyalarən və məhdudiyyətlərin tətbiq edilməməsi sonda onun belə qudurmasına və yeni təhdidlər sovrumasına gətirib çıxarır. Azərbaycan bu təhdidlərin müvafiq beynəlxalq qurumlarda müzakirəsinə nail olacaq. Lakin indi əsas məsələ ordunun müharibəyə hazırlanmasından ibarətdir. Artıq belə görünür ki, kimlərsə Ermənistanı qızışdırır, onu bölgədə yeni qeyri-sabitliyə sürükləmək istəyir. Azərbaycan isə bu təxribatlara hazır vəziyyətdə olmalıdır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm