NATO-dan İrəvanı təşvişə salacaq Azərbaycan ADDIMI: müharibə başlayarsa...
Bizi izləyin

Nida Təhlil

NATO-dan İrəvanı təşvişə salacaq Azərbaycan ADDIMI: müharibə başlayarsa...

NATO-nun (North Atlantic Treaty Organization - Şimali Atlantika Müqaviləsi Təşkilatı) baş katibi Yens Stoltenberq 3-4 aprel tarixlərində Vaşinqton şəhərində NATO xarici işlər nazirlərinin növbəti iclası zamanı Azərbaycanla təşkilatın münasibətləri məsələsinə toxunub. Baş katib Azərbaycan Respublikasını Alyansın yaxın tərəfdaşı adlandırıb və ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Hərbi ekspert Üzeyir Cəfərli Azərbaycan-NATO əlaqələrinin inkişafı, perspektivləri ilə bağlı Publika.az-ın suallarını cavablandırıb.

- Azərbaycan-NATO əlaqələrinin mövcud situasiyası necədir?

- Azərbaycanla NATO arasında əlaqələr 1994-cü ildə imzalan Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində yaranıb. Həmin vaxtdan Azərbaycanla NATO arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq mövcuddur. Hər iki tərəf də öz maraqlı çərçivəsində bu əməkdaşlıqdan yararlanır. Məsələnin ən maraqlı tərəfi odur ki, NATO da Azərbaycandan razıdır, Azərbaycan da NATO-dan. Hər il keçirilən iki yüzdən artıq həm nəzəri, həm də praktiki tədbirlərdə Azərbaycan hərbçiləri iştirak edirlər. Müxtəlif seminarlarda, kurslarda, təlimlərdə Azərbaycanın də hərbçiləri yer alır. Əvvəlki illərlə müqayisədə indi Azərbaycan hərbçiləri təkcə tamaşaçı qismində deyil, təlimin aparılmasında aktiv şəkildə moderatorluq da edirlər. NATO ilə Azərbaycan arasında fərdi əməkdaşlıq haqqında plan mövcuddur və bu plan ilbəil artırılır. Azərbaycan öz üzərinə müəyyən öhdəliklər götürür. Bu öhdəliklər çərçivəsində də bir sıra məsələləri həyata keçirir.

- Azərbaycanın gələcəkdə NATO üzvü olması ehtimalını necə dəyərləndirirsiniz?

- Hər şey zamandan asılıdır. Gələcəkdə bu ola bilər. Amma indiki halda bunun reallaşması qeyri-mümkündür. Gözümüzün qabağında Gürcüstan nümunəsi var. Sərhəd qonşumuz, həmçinin Ukrayna neçə illərdir ki, NATO-ya üzv olmaq üçün çalışırlar. Hər dəfə də xeyli sayda tapşırıqlar verilir, müzakirələr gedir. Sözsüz ki, Gürcüstan yaxın illərdə NATO-nun üzvlüyünə qəbul ediləcək. Bilirsiniz ki, NATO-nun baş katibi ötən həftələrdə Gürcüstana səfər etdi, təlimlərdə oldu.

Təxmini hesablamalarıma görə, Azərbaycan bu gedişlə bir neçə ildən sonra NATO-ya üzv qəbul ediləcək. Əgər qardaş Türkiyə artıq NATO üzvüdürsə, Gürcüstan da yaxın zamanlarda bu sıralara qoşlacaqsa, Azərbaycan üçün bu proses sürətlənəcək. Azərbaycanın qonşularının NATO üzvü olması belə region üçün əmin-amanlığın, sülhün təminatıdır. NATO bu gün dünyada ən böyük gücə malik olan hərbi-siyasi təşkilatdır. Vaxtilə ona qarşı yaradılmış Varşava müqaviləsi artıq tarixin yaddaşına köçüb. Varşava müqaviləsi ölkələrinin xeyli hissəsi artıq NATO üzvüdür. Bütün bunları nəzərə alaraq, deyə bilərik ki, illər sonra Azərbaycanla NATO arasındakı müzakirələr tamam başqa məcrada gedəcək.

- NATO-nun 70 illik yubileyində baş katib Yens Stoltenberq Azərbaycanla bağlı dəyərli fikirlər səsləndirib, ölkəmizi təşkilatın ən yaxın tərəfdaşı adlandırıb. Bu bir mesajdır?

- Əlbəttə. Həm də elə-belə mesaj deyil. Ona görə ki, Azərbaycanın hava məkanı NATO üçün hava-su kimi əhəmiyyətlidir. Azərbaycan Prezidenti də, Müdafiə Nazirliyi də bunu dəfələrlə qeyd ediblər. NATO anti-terror əməliyyatlarını aparmaq üçün bizim hava məkanımızdan, hərbi aerodromlardan, o cümlədən, mövcud infrastruktrumuzdan istifadə edir. Bu da NATO-ya bir töhfədir.

Bizim zabitlərimiz NATO-nun mənzil-qərargahında fəaliyyət göstərirlər. Həm səfirimiz, həm nümayəndəliyimiz var. Şükürlər olsun ki, general-mayor Hüseyn Mahmudov uzun illər Azərbaycanı NATO-nun qərargahında uğurla təmsil edib. O, bu gün Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisidir. Mahmudovun son illərdə gördüyü işlər misilsizdir. Eyni zamanda, daha öncə Azərbaycanın Brüsseldə NATO təmsilçisi Xəzər İbrahim bu gün qardaş Türkiyədə Azərbaycan Respublikasının səlahiyyəli və fövqəladə səfiri kimi fəaliyyətini davam etdirir. Bir sözlə, NATO ilə Azərbaycan əməkdaşlığı günü-gündən artan xətt üzrə gedir.

- Ermənistanın da NATO ilə bağlı müəyyən təşəbbüsləri var. Sizcə, NATO bu durumda hansı istiqamətdə addım atacaq?

- Guya Ermənistan son günlər NATO ilə hər hansı əməkdaşlıq qurmağa can atır. Lakin sonuncu dəfə Ermənistanın müdafiə naziri Devid Tonoyan başından böyük qələt edib ABŞ-a səfər edəndə onu bircə nəfər də rəsmi şəxs belə qarşılamadı. Çünki hər kəs bilir ki, Ermənistan 2049-cu ilə qədər Rusiyadan asılı vəziyyətdədir. Çünki Rusiyanın Gümrüdə yerləşən 102-ci bazası məhz bu tarixə qədər fəaliyyətdə olacaq. NATO da bilir ki, kim ona müttəfiqdir, kim ona maddiyyat üçün yanaşır. Ermənistan NATO-ya maddi maraqları üçün yaxınlaşmaq istəyir. Şükürlər olsun ki, Azərbaycanın belə bir yanaşmaya ehtiyacı yoxdur. Bu gün ölkəmizin maliyyə imkanları şərait yaradır ki, biz öz müdafiəmizi və təhlükəsizliyimizi özümüz lazım olan səviyyədə təşkil edək. Ona görə də NATO Azərbaycana önəm verir. Təşkilatın Cənubi Qafqaz üzrə daimi nümayəndəsi Ceyms Appaturay dəfələrə Bakıya gəlib. Azərbaycanlı rəsmilərlə görüşüb. Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Brüsseldəki mənzil-qərargahında olub. Orada əhəmiyyətli danışıqlar aparılıb.

- Azərbaycanın müharibə vəziyyətində olması NATO-da tərəddüd doğura bilərmi?

- Qayıdaq 2008-ci ilin məlum Gürcüstan hadisələrinə. Onda Gürcüstan iki böyük ərazisini itirdi. Amma bu işğal faktına, Gürcüstanla Rusiya arasında münasibətlərin gərgin olmasına baxmayaraq, NATO böyük məmnuniyyətlə Gürcüstanı öz sırasında görmək istəyir. Gürcüstan ərazisi 2008-ci ildə işğal olunub. Qəribə müqayisə olsa da, deməliyəm ki, Azərbaycan əraziləri 90-cı illərdə ilhaq edilib. Ancaq bununla belə NATO-nun Gürcüstana böyük dayağı var. Ukraynaya dəstəyi var. Çünki hər iki ölkə Rusiya tərəfindən işğala məruz qalıb. Çox cəhdlər etdi, lakin NATO-nu qarşısında görəndən sonra Rusiya təkbaşına ona qarşı davam gətirə bilməyəcəyini dərk etdi. Nə olsun ki, nüvə dövlətidir. Azərbaycanın da təşkilatla münasibətləri bir qədər fərqli məcraya çıxsa, sözsüz ki, NATO bizə yardım edəcək. NATO Gürcüstana deyir ki, bütün addımlarında onun yanında olacaq. Bu təkcə sözdə deyil, əməldə də var. Əgər təşkilatın təsiri və təzyiqləri olmasaydı, bu gün bəlkə də Gürcüstan tamamilə işğal olunmuşdu.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm