NATO Azərbaycanın geostrateji mövqeyinə mühüm əhəmiyyət verir - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

NATO Azərbaycanın geostrateji mövqeyinə mühüm əhəmiyyət verir - ŞƏRH

“Bu gün tərəflər arasında münasibətlər daha da inkişaf etmək meylinə malikdir. Belə ki, Bakı-Tbilisi-Qars dəmiryolu çəkildikdən sonra Əfqanıstana daşınacaq yüklər Türkiyə ərazisindən Yeni Bakı Dəniz limanına gətirilməklə, bu prosesin tələb etdiyi xərc ən azı 3 dəfə azaldılacaq. Bu da Azərbaycanı NATO üçün əvəzedilməz bir məkana çevirir”.

Bu fikirləri Publika.az-a açıqlamasında siyasi şərhçi, professor Qabil Hüseynli deyib.

Azərbaycan-NATO əlaqələrinin inkişaf perspektivindən bəhs edən politoloq qeyd edib ki, bu əməkdaşlığının xeyli yaşı var:

“Ümumilli lider Heydər Əliyevin dövründə NATO ilə 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq Proqramı imzalandı. Bu proqrama uyğun olaraq Azərbaycan Ordusunun NATO standartları səviyyəsində qurulması prosesi start götürdü. Ən əvvəl ordudaxili əsgər və rəis heyəti arasında müraciət formaları NATO standartlarına uyğunlaşdırıldı. Daha sonra ölkədə fəaliyyət göstərən hərbi ali məktəblərin dərs proqramları və vəsaitləri NATO standartlarına uyğunlaşdırılmağa başlandı. Bu məsələdə Azərbaycanın ən yaxın köməkçisi qardaş Türkiyə oldu. Çünki Türkiyə NATO-nun üzvüdür və bütün məsələlərə hakim idi. Türkiyə bütün bu məsələlərin həyata keçirilməsində Azərbaycan Ordusuna praktiki yardım göstərdi. Amma Azərbaycanla NATO münasibətləri Sülh Naminə Tərəfdaşlıq Proqramından sonra ikili əməkdaşlıq şəklində saziş imzalanması hesabına inkişaf etməkdədir. Bunun əsas məqsədi isə NATO standartlarının, eləcə də, NATO xüsusi silah növlərinin Azərbaycanda tanıdılmasından ibarət idi. Daha sonra Alyans Əfqanıstanda fəaliyyət göstərən heyətinə kömək üçün Azərbaycan Silahlı Qüvvələrindən qoşun kontingenti istədi. Azərbaycan da 110 nəfərlik xüsusi komanda tipli yüksək döyüş hazırlığına malik olan əsgərlərimizi NATO xətti ilə Əfqanıstana göndərdi. Onlar da orada asayiş və mühafizə qaydalarını qorumağa başladılar. Bu xidmətin üzərindən 12 ildən çox zaman keçib. Bu müddət ərzində NATO-Azərbaycan əməkdaşlığı xeyli irəliləyib. Azərbaycan, həmçinin, Əfqanıstanda olan NATO qoşunlarına sursat və digər ləvaizmatların daşınması məsələsində məkan etibarilə böyük dəstək oldu. Qırğızıstan və Rusiya öz ərazisindən Əfqanıstana NATO ləvazimatlarının daşınmasına icazə vermədikdən sonra bu yüklərin 80 faizindən çoxu Azərbaycan ərazisindən daşınmağa başladı. Yəni yüklər Almaniyadan Bakı yaxınlığında yerləşən hərbi bazaya daşındı, oradan isə Azərbaycanın nəqliyyat vasitələri və Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyatı ilə Qazaxıstanın dəniz limanlarına daşındı. Oradan da Əfqanıstana ötürülürdü.

Bu gün bu tərəflər arasında münasibətlər daha da inkişaf etmək meylinə malikdir. Belə ki, Bakı-Tbilisi-Qars dəmiryolu çəkildikdən sonra Əfqanıstana daşınacaq yüklər Türkiyə ərazisindən Yeni Bakı Dəniz limanına gətirilməklə, bu prosesin tələb etdiyi xərc ən az 3 dəfə azaldılacaq. Bu da Azərbaycanı NATO üçün əvəzedilməz bir məkana çevirir. Azərbaycan özü də artıq NATO üzvləri ilə, xüsusilə, ABŞ-la əlaqələri yüksək səviyyəyə qaldırıb. Amerika tərəfi artıq bir neçə dəfə Azərbaycanı müəyyən silah növləri ilə təmin edib. ABŞ prezidentinin köməkçisi Con Boltonun Azərbaycana son səfərində də bildirildi ki, ölkəmiz yaxın gələcəkdə NATO ölkələrindən də, Amerikadan da silahlar ala bilər. Bütün bunları ümumiləşdirəndə belə qərara gəlmək mümkündür ki, NATO–Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. NATO Azərbaycanın geostrateji mövqeyinə mühüm əhəmiyyət verir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm