• USD 1,7000 0,00% EUR 1,8931 -0,20%
    • GBP 2,1934 -0,01% RUB 0,0263 -0,38%

Xalqın rifahı, azad olunan ərazilər və... - İlham Əliyev son bir ildə nələr etdi?

Xalqın rifahı, azad olunan ərazilər və... - İlham Əliyev son bir ildə nələr etdi?

Aradan 16 il ötür və hər şeyi öz yerinə qoyan zaman böyük Heydər Əliyevin bütün bəlalardan xilas edərək, ayağa qaldırdığı Azərbaycanı əmin əllərə təslim etdiyini hər keçən gün bir daha təsdiqləyir.

Heydər Əliyev deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək”.

Bu, sadəcə, Heydər Əliyevin taleyüklü məsələləri inandığı bir insana həvalə etməsi deyildi. Burada dahi liderin uzaqgörənliyi də aydın sezilir. İlham Əliyev dahi liderdən ona keçən dərin zəkası ilə Azərbaycanı regionun liderinə çevirə bildi, dünyanı bu kiçik Qafqaz ölkəsi ilə hesablaşmağa məcbur etdi. Azərbaycan insanının firavan həyatı üçün gecə-gündüz çalışdı. Bu fəaliyyət beynəlxalq arenalarda gərgin diplomatik manevrlərdən tutmuş, ölkə içində ən ucqar rayondakı vətəndaşın rahatlığını təmin etmək üçün eyni əzmkarlıqla davam edir.

Və zaman dahi Heydər Əliyevin uzaqgörənliyini bir daha təsdiq edir: İlham Əliyevə inanmağa dəyərmiş! Azərbaycan dahi Heydər Əliyevi kimi bir liderin timsalında böyük şansa sahib idi, lakin ömür böyük strateqə vəfa etməyəndə yenidən 90-cı illərin ağrılı günlərinə qayıtmaq təhlükəsi yarana bilərdi və məhz bu məqamda tale İlham Əliyevi bizə ikinci şans olaraq bəxş etdi.



O, Azərbaycana qarşı bütün xain planların qarşısına cəsarətlə çıxdı və dəf etdi. Düşmənə qarşı nə qədər sərt oldusa, xalqına o qədər humanist və qayğıkeş davrandı, bu millətin rifahı uğrunda gecə-gündüz çalışdı. Vətəndaşlarla görüşəndə ətrafında yaratdığı səmimilik və xeyirxahlıq mühiti, sadə və sıravi vətəndaşın ən xırda problemindən tutmuş, üzləşdiyi haqsızlığa qədər bütün çətinlikləri yerindəcə həll etməsi və bunu xalqının xidmətçisi kimi həyata keçirməsi çox az ölkənin liderinə xas cəhətlərdir. Və biz onun sadəliyi, incə davranışlarına paralel olaraq, müzakirə mövzusu dövlətinin və xalqının maraqları olanda nə qədər sərtləşdiyinin də şahidi olduq. Azərbaycanı və onun sərhədləri içində xalqı mütiləşdirmək, ələbaxan etmək cəhdlərini necə qətiyyətlə dəf etdiyinə də hər şeydən öncə tarixin özü şahidlik edir. Anti-Azərbaycan dairələrin məkrli oyunlarına alət olmamaq üçün zaman-zaman sinəsini qabağa verdi, hətta dünyanın super gücü hesab olunan ölkələrə qarşı çıxdı, çünki hədəfdə millətinin maraqlarının olduğunu hər birimizdən daha yaxşı anlayırdı. Lakin baş verən siyasi oyunların ağırlığını xalqının üzərinə atmadı, bizi bu ağır yükün altına vermədi, daim bu milləti əzmək istəyənlərin üzərinə yeridi. Hətta onun özünün şəxsini hədəfə alanda belə... Əsl ailə başçısı kimi, əsl lider kimi... Bizləri yalnız xoş günlərə ortaq etdi, qələbələrə daşıdı, xoşbəxt gələcəyi bu gündən inşa etdi.

Əzmkarlıq bir liderin ən böyük xüsusiyyətlərindəndir və bu xüsusiyyəti genlərində daşıyan Azərbaycan lideri bu ölkəni strateji zəkası ilə zirvələrə aparır.

- O, ilk dəfə prezident seçiləndə Azərbaycanda yoxsulluğun minimuma endiriləcəyi vədini verdi. “Hər bir azərbaycanlının prezidenti olacam” vədinə sona qədər sadiq qalan Prezident İlham Əliyev tezliklə 600 min yeni iş yeri yaratmaqla çoxları üçün xəyal olan bu hədəfi də reallığa çevirdi. Ötən 16 il ərzində ölkədə 2 milyona yaxın yeni iş yeri yaradılıb, iqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb. Ölkə iqtisadiyyatına 180 milyard dollardan çox investisiya qoyulub;

- Bürokratik əngəlləri aradan qaldırmaqla insanların daha rahat yaşamağını təmin edən Prezident İlham Əliyev “ASAN Xidmət”i yaratmaqla dünyada analoqu olmayan addım atdı. Bu, dünyada öyrənilən şəffaflığın Azərbaycan modeli idi və dövlət başçısının özünün dediyi kimi, “Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir”;

- Azərbaycan bütün dünyanın hesablaşdığı, beynəlxalq güclər arasında tarazlıq yaradan regional gücə çevrilib. Qlobal güclərin təmas qurmaq üçün məhz Bakını seçməsi də bunun nəticəsidir;



- Dünyanın enerji xəritəsini məhz Prezident İlham Əliyevin strateji addımları formalaşdırır. “XXI əsrin müqaviləsi” olaraq tarixə keçən “Cənub Qaz Dəhlizi” layihəsi Onun dühasının bəhrəsidir. Və unudulmamalıdır ki, bu layihə təkcə Azərbaycana siyasi və iqtisadi dividendlər gətirmir, həmçinin region və Avropa ölkələrinin də gələcək taleyini müəyyənləşdirir;

- O, Azərbaycanı dünyanın mərkəzinə çevirmək istiqamətində yorulmadan çalışır. “Şimal-Cənub” nəqliyyat dəhlizi, Böyük İpək Yolunun gerçəkləşməsi istiqamətində atılan addımlar, “Bakı-Tbilisi-Qars” dəmiryolunun istifadəyə verilməsi və digər addımlar Azərbaycanı beynəlxalq nəqliyyat qovşağının açar ölkəsinə çevirir;

- Rusiya, Çin, İran, Avropa İttifaqı ölkələri və ABŞ bu gün Azərbaycanın dəstəyini qazanmağa çalışırlar. Dünya nəhənglərinin Azərbaycanın maraqları ilə hesablaşmasının təməlində məhz Prezident İlham Əliyevin siyasi dühası dayanır;

Bütün bunlar 2018-ci ilin 11 aprelində keçirilən prezident seçkilərində Azərbaycan xalqının öz gələcəyini yenidən İlham Əliyevə etibar etməsinin əsas zəminidir. Həmin seçkidən ötən bir il ərzində tarixə düşən hadisələr xalqın öz seçimində nə qədər haqlı olduğunu bir daha təsdiqləyir:

- Prezident İlham Əliyev ötən 1 il ərzində Azərbaycan insanının rifahının yaxşılaşdırılması, sosial təminatın gücləndirilməsi istiqamətində inqilabi addımlar atdı. Dövlət başçısının seçkidə xalqın etimadını yenidən qazanan kimi verdiyi ilk qərar şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi ilə bağlı oldu və 12 min 200-dən çox şəhid ailəsinə 11 min manat ödəniş edildi. Bununla yanaşı, şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata, Əfqanıstan müharibəsində həlak olanların ailələrinə verilən müavinətlər 220 manatdan 300 manata qədər artırıldı, 5800-dən çox köçkün ailəsinə yeni mənzillər verildi, minimum əmək haqqı və minimum əmək pensiyalarının 38 faiz artırıldı, çoxmənzilli binaların sənədləşdirilməsi probleminin həllinə start verildi. Ən ciddi məsələlərdən olan problemli kreditlər vətəndaşların xeyrinə həll olundu. Son bir il ərzində 118 mindən çox yeni iş yeri yaradıldı. Şamaxı və Ağsuda zəlzələ baş verəndə dövlət başçısının tapşırığı ilə insanların evlə təmin edilməsi həyata keçirildi, yanğın zamanı sahibkarlara dəymiş ziyan da məhz Prezidentin müdaxiləsi ilə həll olundu. Bu, Prezident İlham Əliyevin xalqının rifahını hər şeydən üstün tutduğunu təsdiqləyir.



Dövlət başçısının humanist addım olaraq imzaladığı əfv sərəncamı isə 431 məhkum ailəsinə əsl bayram sevinci yaşatdı. 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edildi, ömürlük həbsdən azad edilmiş bir məhkumun cəzası 25, iki məhkumun cəzası isə 20 ilə endirildi, 11 nəfər şərti cəzadan, 3 nəfər islah işləri cəzasından, 1 nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edildi.

Hər şey xalq üçün, İlham Əliyevin əsas prinsipi məhz budur.

- Son 1 ildə Prezident İlham Əliyevin Azərbaycanın güclənməsi istiqamətində atdığı addımlar da xüsusi diqqət çəkir.

20 ildən artıq müddətdə həll olunmayan, əslində 100 illik problem olaraq qalan Xəzərin hüquqi statusu məhz Azərbaycan liderinin irəli sürdüyü konvensiya əsasında həllini tapdı. Bu, Azərbaycanın ən qlobal problemlərindən birinin həlli edilməsi ilə yanaşı, regionun təhlükəsizliyinə də mühüm töhfədir; Cənub Qaz Dəhlizinin rəsmi açılışı həyata keçirildi, beləliklə Avropanın enerji təhlükəsizliyinə, Azərbaycanın isə siyasi və iqtisadi gələcəyinə hesablanmış bu nəhəng layihə tarixə yazıldı; Azərbaycanın üçüncü peyki “Azerspace – 2” orbitə buraxıldı; Sumqayıtda Azərbaycan və İtaliya prezidentlərinin iştirakı ilə “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodu, Türkiyənin İzmir şəhərində isə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı “Star” neft emalı zavodu istifadəyə verildi; Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi açıldı;



Ötən bu müddət ərzində ən mühüm hadisələrdən biri də Bakıda keçirilən iki hərbi paraddır: 26 iyun tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə və möhtəşəm hərbi parad keçirildi. Sentyabrın 15-də isə Bakının bolşevik-daşnak işğalından azad olunmasının 100 illiyinə həsr edilən hərbi parad təşkil olundu. Azərbaycan və Türkiyə hərbiçilərinin birgə iştirak etdiyi bu hərbi paradı hər iki ölkənin liderləri də izləyirdi. Hər iki paradda Azərbaycan Ordusunun qüdrəti nümayiş olundu və bu, düşmən üzərində ciddi təsir yaratdı.

Prezident İlham Əliyev son bir ildə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində ciddi diplomatik addımlar atdı.

İşğalçı ölkədə küçədən siyasi Olimpə yüksələn Paşinyan hakimiyyəti Dağlıq Qarabağ münaqişənin nizama salınması istiqamətində aparılan danışıqları pozmağa cəhd etdi və bunun üçün “Qarabağ masada tərəf olmalıdır” iddiasını ortaya atdı. İrəvanın yeni sahibləri düşünürdülər ki, bununla həm danışıqlar prosesini pozacaq, həm də mövcud status-kvonu davam etdirəcəklər. Lakin Azərbaycan lideri diplomatik manevrləri işğalçını çətin vəziyyətə satdı.

Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Soçiyə səfər etdi, Moskva-İrəvan münasibətlərində yaranmış çatlar fonunda Bakı-Moskva xəttində ciddi proseslər başlandı. Bu, yaranmış fürsəti qazanca çevirmək gedişi idi. Ardınca Rusiya prezidentinin Bakıya səfəri Ermənistanın ən böyük arxasını itirdiyini və bunun işğalçı ölkə üçün ağır nəticələnəcəyini deməyə əsas verirdi. Daha sonra Azərbaycan lideri Ermənistanı üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) ağır məğlubiyyətə uğratdı. Bu, Paşinyan hakimiyyəti üçün Azərbaycanın sərt üzü ilə ilk qarşılaşması idi...



Lakin Prezident İlham Əliyev diplomatik manevrlərini çoxtərəfli həyata keçirirdi. Düşənbədə Nikol Paşinyanla ayaqüstü söhbət və cəbhədə sabitliyin təmin edilməsi ilə bağlı razılaşma olduqca maraqlı və gözlənilməz oldu. Çoxlarına görə, bunu Rusiya istəyib, bu mümkün versiya olaraq görünür, lakin burada daha çox İlham Əliyevin ağıllı manevri aydın görünür. Azərbaycan lideri bir tərəfdən Rusiya ilə yaxınlaşır, ardınca şəxsi nüfuzundan istifadə edərək, Ermənistana öz “müttəfiqlərinin əli ilə” zərbələr endirir, digər tərəfdən, Paşinyanla razılaşaraq, onu dilemma qarşısına qoyur. Bu prosesin davamı olaraq Vyana görüşündə işğalçının bütün planları alt-üst edildi və həmsədrlərin timsalında beynəlxalq ictimaiyyət münaqişənin Azərbaycanın ərazi bütövlüyünü çərçivəsində həll edilməsi prinsipini bir daha təsdiqlədi.

Diplomatik zəkası ilə işğalçını diz çökdürən Prezident İlham Əliyev buna paralel şəkildə Ali Baş Komandan olaraq Ordunu gücləndirir. Çünki hər an son sözü demək üçün Azərbaycan Ordusu kazarmaları tərk edə bilər. Bunu işğalçı yaxşı anladığı üçün geri çəkilməkdən başqa yolu qalmır. Ötən 1 il ərzində Azərbaycan Ordusunun potensialına görə dünya miqyasında 52-ci yerdə qərarlaşması Ali Baş Komandanın hərbi sahədə gördüyü işlərin nəticəsidir.



Günnüt əməliyyatı və işğal altındakı ərazilərin 11 min hektarının azad edilməsi son 1 ildə Prezident İlham Əliyevin işğalçını təkcə diplomatik cəbhədə yox, hərbi cəbhədə də məğlubiyyətə uğratdığını təsdiqləyir. Və baş verənlər Qarabağa qayıdışın hər keçən gün daha da yaxınlaşdığını deməyə əsas verir. Azərbaycan xalqı öz liderinə etibar edir, ona inanır. İlham Əliyevin Azərbaycana bəxş etdiyi ən böyük dəyərlərdən biri də məhz inamdır. Azərbaycan lideri bizlərə böyük dövlətlər arasında xüsusi yerə sahib olacağımıza inanmağı, əzmlə mübarizə aparmağı öyrətdi. Öyrətdi ki, ədalətli mübarizə həmişə zəfərlə sona çatır. Və O, bu mübarizədə həmişə öz xalqına arxalandı, bu millətə etibar etdi. Çünki uğrunda çalışdığı xalqın ona etibar etdiyini, inandığını, sona qədər dəstəkləyəcəyini bilir. İlham Əliyevin bütün siyasi fəaliyyətini incələdikdə onun əsas məqsədinin Azərbaycan xalqının gözəl gələcək bəxş etmək, dünyanın ən xoşbəxt insanına çevirmək olduğu aydın şəkildə görünür. Onun bir məqsədi var: Azərbaycan xalqının xoşbəxtliyi, rifahı və güclü, bütöv, azad Azərbaycan. İstər uniformada ön cəbhəyə gedəndə, istər beynəlxalq arenada çətin şərtlər altında mübarizə aparanda da O, yalnız bu barədə düşünür: “Müstəqil, güclü və firavan Azərbaycan”.

Asif Nərimanlı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR