• USD 1,7000 0,00% EUR 1,8968 -0,53%
    • GBP 2,1937 -0,26% RUB 0,0264 -1,14%

Paşinyanın Strasburqda “dəfni”: Ermənilər Nikolu rüsvay etdi

Paşinyanın Strasburqda “dəfni”: Ermənilər Nikolu rüsvay etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının plenar iclasında iştirak etmək üçün aprelin 11-də Strasburqa səfər etdi. Avropanın siyasi paytaxtına cins şalvar, qara gödəkçədə enən Paşinyanın bu səfərini Ermənistanda “demokratik ölkənin demokratik liderinin Qərbdə yüksək qarşılanması” kimi təqdim etməyə çalışsalar da, onun “Köhnə Qitəyə” girişi uğursuzluqla nəticələndi.

Nikola ilk hücum elə ermənilərin özündən gəldi. Fransada erməni icması ilə görüşən Paşinyan ermənilər tərəfindən “inqilabdan sonra da Ermənistanda seçicilər pulla alınır” ittihamı ilə qarşılaşdı və bundan yayınmağa cəhd etsə də, qalmaqallı görüş yarımçıq dayandırıldı. Bu, Paşinyan üçün dünyadakı erməni diasporu ilə əlaqələrinin sıxlaşdırılması siyasətində ilk büdrəmə hesab oluna bilər. Xüsusilə “inqilab”dan sonra Ermənistanda sosial-iqtisadi vəziyyətin geriləməsi, ictimai münasibətlərin kəskinləşməsi “erməni xülyası”nın gerçəkləşmədiyini təsdiqlədi. Erməni diasporunun biznesmen üzvləri “inqilab”dan öncə ölkələrinə daha böyük yatırımlar qoyacaqları vədini versələr də, Paşinyanın Baqramyan 33-ə girişindən sonra qarşılaşdıqları mənzərə onları nəinki investisiya yatırmağa, hətta Ermənistandakı banklardan pullarını çəkməyə məcbur etdi. Bu vəziyyətdə Paşinyan erməni diasporu ilə münasibətlərini sıxlaşdırmaq və daha çox yardım almaq məqsədilə səfər etdiyi bütün ölkələrdə erməni icması ilə görüşür, özünü tərifləyir, “demokrat imicini” yaratmağa çalışır, xüsusilə Dağlıq Qarabağ münaqişəsi haqqında boşboğazlıq edir. Hərçənd, Fransada qalmaqalla nəticələnən görüşlə erməni baş nazirin imici zədələndi.

Paşinyan AŞPA-da çıxışı zamanı əsas diqqəti Ermənistandakı inqilaba yönəltdi və bunu qlobal uğur kimi təqdim etməyə çalışdı. Lakin onun Avropa ölkələri və ABŞ-ın inqilabdan sonra Ermənistana dəstək vermədiklərindən şikayətlənməsi erməni baş nazirin sələflərindən heç də fərqlənmədiyini və “Köhnə Qitə”yə dilənmək məqsədilə getdiyini təsdiqlədi.

Və burada Paşinyanı ilk tənqid edənlər də elə ermənilər oldu. Erməni jurnalist Qarnik Qevorqyan yazır ki, Paşinyan bütün dünyanın Ermənistanda baş verən inqilaba sitayiş etməli olduğunu düşünür.

Baş nazir elə danışır ki, sanki inqilab olubsa, deməli dünya buna dəstək verməli, qabağında əyilməlidir. Hərçənd, dünya ilk növbədə Ermənistanın özü-özünə kömək etməli olduğunu düşünür və burada əsas məsələ odur ki, Ermənistan inqilabdan sonra Avropaya nə verib?!”, - deyə erməni jurnalist qeyd edir.

Paşinyan Strasburqda “erməni xisləti”nə bürünərək, yardım dilənməsi və sanki Qərbin belə bir borcunun olduğunu iddia etməsindən sonra Rusiyaya da yaltaqlanmağı unutmadı. Bildirdi ki, “Ermənistan Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, biz bu təşkilatlarda üzvlüyümüzün daha effektiv olması üçün əlimizdən gələni edirik. Rusiya ilə münasibətlərimiz də strateji xarakter daşıyır və biz bu münasibətlərin inkişafı üçün hər şeyi edəcəyik”.

Ermənistanın baş naziri yaxşı anlayır ki, Avropada qonaqdır və tezliklə ölkəsinə qayıdacaq, bu baxımdan, onun Strasburqdan Moskvaya mesaj verməsi ruslara “baxın, mən sizi Qərbdə belə satmadım” demək istəyindən qaynaqlanır.

Avropada yaşayan erməni jurnalist Tevos Arşakyan yazır ki, Paşinyanın bu sözlərindən sonra AŞPA-da ona münasibət dəyişib.

Əldə etdiyimiz məlumata görə, Paşinyanın Strasburq səfəri uğursuz olub və əvvəlcə onu isti qarşılayan rəsmilərlə keçirdiyi görüşlər “soyuq notlarla” başa çatıb. Çünki onlar Ermənistanın yeni hakimiyyətinin xarici siyasətdə sələflərindən fərqli heç nə etmək istəmədiklərini anladılar. Yeni hakimiyyətin bəzi nümayəndələri bizimlə səmimi söhbətlərində bildirirlər ki, Paşinyan Boltonun Ermənistanı Rusiyanın qucağından xilas etmək üçün irəli sürdüyü təklifi və ABŞ-ın uzatdığı “dost əlini” sıxmaq istəmir. Budur, baş nazir Strasburqda da Rusiya kursunu bəyan etdi”, - deyə Arşakyan qeyd edib.

Strasburq səfərində erməni baş nazirin əsas canfəşanlıq etdiyi məqamlardan biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda “format dəyişikliyi” tezisinin irəli sürülməsi idi.

Paşinyan bu tezisi hakimiyyətə gəldiyi ilk vaxtdan irəli sürsə də martın 9-da ATƏT-in Minsk qrupunun məlum bəyanatı və martın 29-da Azərbaycan və Ermənistan rəhbərlərinin Vyana görüşü bu məsələdə son nöqtəni qoydu: danışıqlar münaqişənin iki tərəfi – Azərbaycan və Ermənistan arasında aparılacaq. Paşinyan isə öz absurd iddiasından əl çəkmək niyyətində olmadığını göstərir. Onun AŞPA-da “Münaqişənin istənilən həll variantı Ermənistan xalqının, Dağlıq Qarabağ xalqının və Azərbaycan xalqının maraqlarına uyğun olmalıdır” sözləri də hiyləgər şəkildə “format dəyişikliyi” ideyasını legitimləşdirmək niyyətindən irəli gəlir.

Və belə görünür ki, Paşinyan “erməni lider” kimi AŞPA-da qəbulundan kifayət qədər həyəcanlanıb və düşünür ki, Strasburqda qəbul edilməsi ona istədiyini qədər boşboğazlıq etməyə icazə verir. Hətta erməni baş nazir “aprel müharibəsi”nə görə AŞPA-nı belə ittiham etməkdən çəkinməyib.

Paşinyan iddia edib ki, 2016-cı ilin yanvarında AŞPA-nın qış sessiyası zamanı Sərsəng su anbarı ilə bağlı qəbul edilən “Azərbaycanın cəbhəyanı rayonların sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə Bakıya “aprel müharibəsini” başlatmaq üçün əsas verib.

“Mən inamla iddia edə bilərəm ki, bu qətnamənin müəllifləri müharibəyə presedent yaradıblar”, - Paşinyan AŞPA-nı günahlandırıb. Hərçənd, o, “aprel müharibəsi”nə səbəb olan təxribat hücumunun erməni hərbi birləşmələri tərəfindən edildiyini, hazırda müdafiə naziri təyin etdiyi David Tonoyanın bu təxribatın müəllifi olduğunu yaxşı bilir. Lakin onun Strasburqdan Moskvaya “sevgi dolu mesaj” göndərməsi fonunda “aprel müharibəsi”ndə Ermənistanın məğlubiyyətinə görə AŞPA-nı günahlandırması heç də təsadüfə bənzəmir. Mümkündür ki, erməni baş nazir Kremlin divarları önündə diz çökmək üçün yeni əsaslar axtarır.

Asif Nərimanlı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR