Fəzail Ağamalı: "Düşmən İlham Əliyevin siyasətindən nəticə çıxarmasa, bir neçə aya..."
Bizi izləyin

Nida Təhlil

Fəzail Ağamalı: "Düşmən İlham Əliyevin siyasətindən nəticə çıxarmasa, bir neçə aya..."

“Ölkə prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən və cəmiyyətin bütün sahələrini əhatə edən dərin xarakterli islahatlar prosesi Azərbaycan dövlətinin güclənməsinə, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artmasına, insanların həyat səviyyəsinin yüksəlməsinə, vətəndaş cəmiyyətinin möhkəmlənməsinə, iqtidarla xalq arasındakı münasibətlərin daha yüksək səviyyədə qurulmasına əhəmiyyətli və ciddi şəkildə təsir göstərəcək”.

Publika.az xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, ölkə prezidentinin 2003-cü ildən, prezident seçildiyi zaman kəsiyindən bu günə qədər hədəflədiyi məqsədlərə doğru ciddi addımlar atılmaqdadır və artıq bu addımlar 2018-ci ilin prezident seçkilərindən sonra daha ciddi, daha geniş miqyas almaqdadır:

“Əminəm ki, islahatlar bundan sonra da davam etdiriləcək və dərin xarakter daşıyacaq. İslahatlar prosesi Azərbaycanın həm beynəlxalq miqyasda nüfuzunun artmasına, həm də ölkəmizin qüdrətlənməsinə, güclənməsinə ciddi töhfələr verəcək. Bunlar işğal olunmuş torpaqlarımızın azad olunmasına özünün müsbət, əhəmiyyətli təsirlərini göstərəcək və göstərməkdədir.

Azərbaycan getdikcə güclənir və Azərbaycan iqtisadiyyatının güclənməsi, ölkəmizdə sabitliyin təmin olunması, buna paralel olaraq xalqla prezident arasında birliyin daha möhkəm xarakter alması, o cümlədən, hərbi qüdrətimizin artması, gücümüzün dünya miqyasında etiraf edilməsi torpaqlarımızın azad edilməsinə özünün müsbət təsirlərini göstərməkdədir.

Hazırda Qarabağ danışıqları gedir, davam etdirilir. Danışıqlarda birmənalı şəkildə üstünlük Azərbaycanın tərəfindədir.

Yəni ölkə prezidentinin uzun illərdən bəri həyata keçirmiş olduğu xarici siyasət kursunun, xüsusilə də hücum diplomatiyasının güclənməsi, dünyanın aparıcı dövlətləri ilə qurulmuş olan yüksək səviyyəli intensiv münasibətlər, beynəlxalq təşkilatlarda işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı müzakirələrin açılması, müvafiq qərarların – qətnamələrin qəbul edilməsi, Azərbaycanın daxili potensialı, gücü, hərbi potensialımızın, imkanlarımızın dünya miqyasında etiraf olunması danışıqlarda ölkəmizin üstünlüyünü təmin etməkdədir.

İşğalçı ölkə bundan nəticə çıxarmalıdır. Nəticə çıxarmasa, onlara beynəlxalq güclərin yanaşması, təsiri ilə verilmiş güzəşt limiti bitəcək və əgər yaxın zaman içərisində, bir neçə aya danışıqların gedişində ciddi irəliləyiş olmasa, Ermənistan özünün işğalçılıq siyasətini aradan qaldırmaq üçün addımlar atmasa, onda qətiyyən şübhə etmirəm ki, Ali Baş Komandan yaratmış olduğu güclü ordu, silahlı qüvvələr vasitəsilə torpaqlarımızın azad edilməsinə doğru konkret addımlar atacaq.

Bu da Azərbaycanımızın və dövlətimizin milli maraqları ilə tamamən üst-üstə düşür” –, F.Ağamalı əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm