Anti-milli ünsürlərin və onların xarici havadarlarının siyasi hoqqabazlıqları uğursuzluğa məhkumdur - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Anti-milli ünsürlərin və onların xarici havadarlarının siyasi hoqqabazlıqları uğursuzluğa məhkumdur - ŞƏRH

Proqnozlar özünü tam doğrultmaqdadır. Azərbaycan əleyhinə olan beynəlxalq siyasi dairələr və onların miskin əlaltısına çevrilmiş antimilli ünsürlər yenidən fəllaşmaqdadırlar. Həmin qüvvələr Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlətə çevrilməsindən, habelə qarşıdan gələn dövrdə ölkəmizin bir sıra mühüm tədbirlərə ev sahibliyi edəcəyindən, “Cənub Qaz Dəhlizi” layihəsinin tamamlanacağından, Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişinin imzalanacağından, ölkəmizin Qoşulmama Hərəkatına sədrlik edəcəyindən ciddi narahatdırlar.

Bu fikirləri Milli Məclisin deputatı, professor Elman Nəsirov bildirib.

Elman Nəsirov deyib: “Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici və daxili bədxahlarımız unutmasınlar ki, heç bir qüvvə ölkəmizi öz düzgün yolundan sapdıra bilməz. Taleyimiz öz əlimizdədir. Ölkəmizdə mövcud xalq-hakimiyyət birliyi sarsılmazdır. Xalq Prezident İlham Əliyevi birmənalı olaraq dəstəkləyir. Prezident də hər hansı beynəlxalq siyasi dairələrin diktəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət həyata keçirir. Bu, xalq-hakimiyyət birliyini güclü edən həlledici amildir. Eyni zamanda, bu, monolitliyin xarici bədxahlarımızın və “sapı özümüzdən olan baltalar”ın hədəfinə çevrilməsini şərtləndirən mühüm səbəbdir. Qoy antimilli ünsürlər və onların xarici havadarları unutmasınlar ki, onların siyasi hoqqabazlıqları həmişə olduğu kimi, bu dəfə də uğursuzluğa məhkumdur. Səbəbi də sadədir. Hakimiyyətin mənbəyi olan xalqımız görür və əmindir ki, Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursu yalnız milli maraqların müdafiəsinə əsaslanır, istənilən dövlət və ya beynəlxalq təşkilatla bərabər hüquq, qarşılıqlı hörmət, qarşılıqlı faydalı əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə söykənir. Bu baxımdan Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı və onun inkişaf göstəricisi olan strateji tərəfdaşlıq sazişinin imzalanma prosesinə hazırlanması da eyni yanaşmalardan qaynaqlanır. Antimilli ünsürlərin işçi sənəd səviyyəsində olan bir sazişin mətni ilə tanış olmadan onu tənqid atəşinə tutmaları əslində onların qaragüruhçu, qurucu deyil, dağıdıcı xislətlərinin ifadəsidir.

“Radikal müxalifət və onların tör-töküntülərinin nəzərinə çatdırırıq ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair müvafiq bəndin guya sənəddə əks olunmamasına dair sizin “öngörməniz” əslində “siyasi korluq”dan başqa bir şey deyil. Bəsirət gözünüz açılsa, görərsiniz ki, qeyd edilən sazişdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı müvafiq maddələrin əks olunmasını şərtləndirən kifayət qədər ciddi sənədlər mövcuddur.

Beləliklə, ermənilər, ermənipərəstlər, antimilli ünsürlər, milli dönüklər və qaragüruhçu tor-töküntülər, sizin keçirdiyiniz təlaş, həyəcan və qorxunun motivlərini başa düşürük. Sizin Azərbaycandakı sabitliyin, təhlükəsizliyin, inkişafın daha da möhkəmləndirilməsinə və bunun əsasında dayanan xalq-hakimiyyət birliyinin sarsılmaz qüvvəyə çevrilməsinə xidmət edən istənilən addımdan vahimələndiyinizin də fərqindəyik. Müdrik xalqımız sizi hələ keçən əsrin 90-ci illərinin əvvəllərindən çox yaxşı tanıyır. Xalqımızın yaddaşına siz “xaos” və “anarxiya” sözlərinin sinonimi kimi həkk olunmusunuz. Xalqı bir dəfə aldatdınız, daha yetər. Çəkilin siyasi səhnədən! Qorxun, el qınağı yaman olur...” - deyə Elman Nəsirov bildirib. (azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm