Azərbaycana qarşı “4 kolondan” hücum və “5-ci kolon”un MİSSİYASI
Bizi izləyin

Nida Təhlil

Azərbaycana qarşı “4 kolondan” hücum və “5-ci kolon”un MİSSİYASI

- “Bakıya həlledici zərbəni kim vuracaq?”

- “5-ci kolon”.


Ötən əsrin 30-cı illərində İspaniyada vətəndaş müharibəsi zamanı Madridə hücum edən general Frankon 4 kolonla hücum etdiyi şəhərə “həlledici zərbəni kim vuracaq” sualına məhz “5-ci kolon” cavabını vermişdi və bu, onun şəhərin qaranlıq lağımlarında gizlənən casus şəbəkəsinin adı idi. Beləliklə, tarixin sonrakı dövründə bütün hərbi və siyasi hücumlarda “5-ci kolon” təcrübəsindən gen-bol istifadə edildi.

Bu gün Avropa İttifaqı (Aİ) ilə strateji saziş imzalamağa hazırlaşan Azərbaycanın üzərinə edilən hücum məhz frankistlərin üslubunu xatırladır: “4 kolon” xaricdən, “5-ci kolon” daxildən hərəkətə keçib.

Hədəf imzalanacaq sazişin qarşısını almaqdır və bu, səbəbsiz deyil:


a) Aİ ilə imzalanacaq saziş ilk növbədə Azərbaycanın geosiyasi mənzərədə strateji mövqeyini gücləndirəcək;
b) Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı zəmin daha da artacaq;
c) Azərbaycanın iqtisadi imkanları genişlənəcək və bu, əhalinin sosial rifahının daha da yaxşılaşması, “Avropa standartları” deyilən səviyyəyə yüksəlməsi ilə nəticələnəcək;

- Son dövrlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar bu prosesin başlandığını göstərir və dövlət başçısının elan etdiyi “sosial paket”də birbaşa vətəndaşlara yönələn sosial layihələr yer alıb.

Aİ ilə imzalanması planlaşdırılan saziş özündə kifayət qədər geniş imkanları əks etdirir. Ümumi tablo bu prosesdən Azərbaycan dövlətinin və xalqının qazanclı çıxacağını deməyə əsas verir. Anti-Azərbaycan qüvvələri narahat edən də məhz budur və bu gün onlar 5 kolondan hücuma keçiblər.

“Birinci kolon” – Ermənistan: işğalçı ölkəni narahat edən əsas məqam Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllidir. Hazırda bu proses başlanıb və Aİ-nin də buna dəstək verməsi işğalçını çətin vəziyyətə salıb.
Bu günlərdə Ermənistan mediasında yayılan bir informasiya bu fonda diqqət çəkdi. Xəbərdə deyilir: Avropa İttifaqı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin danışıqlarda tərəf kimi iştirakını rədd edib. Bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini Brüsseldə Nikol Paşinyanla görüşdə erməni baş nazirin diqqətinə çatdırıb. Hətta ali komissar Ermənistanın baş nazirinə separatçıların danışıqlar prosesinə qoşulması çağırışları etməməyi tövsiyə edib.

İşğalçı ölkənin bu vəziyyətdə hərbi ritorikanı gücləndirməsi, Ermənistanın hərbi-siyasi rəhbərliyinin işğal edilmiş Azərbaycan ərazilərinə intensiv səfərlər etməsi diqqət çəkir. Mümkündür ki, bu “kolon”un üzərinə fiziki hücum missiyası qoyulub və işğalçı roluna uyğun olaraq cəbhədə yeni təxribatlara əl ata bilər.

“İkinci kolon” – erməni diasporu/lobbisi: Avropanın müxtəlif strukturlarına sızan bu şəbəkə Azərbaycana qarşı “kağız müharibəsi” aparır. Söhbət reallıqdan uzaq iddiaların yer aldığı qətnamələrdən gedir.

Hərçənd, bu qətnamələrin kağız parçasından başqa bir şey olmadığı məlumdur, lakin faktiki olaraq, Aİ ilə saziş imzalamağa hazırlaşan Azərbaycan haqqında “mənfi rəy”in formalaşdırılması, müxtəlif yalan və iddialarla gözdən salınması prosesi gedir. Avropa Şurası Parlament Assambleyasında qəbul olunan son qətnamə bu prosesin tərkib hissəsidir. Bu “kolon”un missiyası Azərbaycanı beynəlxalq qınaq obyektinə çevirməkdir.

“Üçüncü kolon” – “legionerlər dəstəsi”: bu dəstə Azərbaycandan Avropaya gedənlərdən ibarətdir və belə görünür ki, dəstənin sıravi üzvlərinin çoxu oynanılan oyundan xəbərsizdirlər. Dəstəyə rəhbərlik edən Leyla Yunus, Arif Məmmədov kimilər isə oyunun aparıcı fiqurlarıdır.

Leyla Yunusun AŞPA-nın yaz sessiyasında Ermənistanın baş naziri Nikol Paşinyanla eyni tribunadan Azərbaycana hücum etməsi və “Dağlıq Qarabağ münaqişəsinin yeganə maneə kimi Azərbaycan hakimiyyətini göstərməsi” buna hesablanmışdı. Ona paralel olaraq Arif Məmmədov hərəkətə keçdi və REAL-ı Brüsselə səfər zamanı Azərbaycandakı vəziyyəti obyektiv şərh etdiyi üçün “hədəf taxtasına” çıxartdı. Ardınca “Azərbaycanın Aİ ilə imzalayacağı sənəddə hakimiyyətin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı güzəştə getdiyi” kimi iddiaları irəli sürdü. Hərçənd, Aİ-in münaqişəyə dair sənədləri, o cümlədən, Brüsseldə Moqereninin Paşinyana dedikləri və digər faktlar bunun tam əksini göstərir. Hədəf Azərbaycanda ictimai rəyi manipulyasiya etmək, xüsusilə Dağlıq Qarabağ məsələsi üzərindən hücuma keçməkdir. Bu “kolon”un missiyası da budur.

“Dördüncü kolon” – anti-Azərbaycan qüvvələr: bu qüvvələrin tərkibi zaman-zaman genişlənir, yaxud daralır, lakin hədəf dəyişmir: rəsmi Bakının müstəqil siyasətini və Azərbaycan rəhbərliyinin milli maraqlara əsaslanan addımlarını “baltalamaq”.

“Trensparency İnternational”, “Amnisty İnternational”, OCCRP və bu kimi digər beynəlxalq QHT-lər bu “kolon”un “güllələridir”. Adıçəkilən təşkilatlar yoxlanılmamış informasiyalara əsaslan “hesabatlar” hazırlayır və bunu anti-Azərbaycan şəbəkəsinin əlinin altındakı KİV-lərdə tirajlayır, beləliklə, “ictimai rəyi” formalaşırmağa cəhd edirlər. Bu prosesi idarə edən “dördüncü kolon” həm də piramidanın təpəsində yer alır və Azərbaycana qarşı hücumların koordinasiyasını həyata keçirir. Onlar bütün fəaliyyətləri boyunca “həlledici zərbəni” “5-ci kolonun” vuracağını düşünürlər.

“Beşinci kolon” – ətrafında KİV və QHT-lərin toplaşdığı siyasi qruplaşmalar: Azərbaycanda bu “kolon”un tərkibini ənənəvi müxalifət adlandırdığımız siyasi qüvvələr təşkil edir. Bu gün “5-ci kolon” açıq şəkildə hücuma keçib.

AXCP sədri Əli Kərimli bu sazişin imzalanmasına açıq şəkildə etiraz edir. Aprelin 18-də o, Avropa İttifaqının Bakıdakı səfirliyində olub, müzakirələrin detalları açıqlanmasa da, Kərimlinin Aİ-ni Azərbaycanla sazişin imzalamaması üçün əlindən gələni etdiyi məlumdur. Bunu AXCP sədri də gizlətmir. Onun Aİ ilə imzalanacaq sazişə dair anti-Azərbaycan qüvvələrin tövsiyəsi ilə erməni diasporu/lobbisinin hazırladığı, Avropaya “sığınan”ların dili ilə Azərbaycan ictimaiyyətinə ötürülən “Qarabağ yalanı”nı təkrarlaması və “Azərbaycan hakimiyyəti Qarabağ məsələsində bizi çətin vəziyyətə salıb” iddiasını ortaya atması bu prosesin davamıdır. Buna paralel olaraq, Milli Şuranın may ayında – sazişin imzalanacağı ərəfədə iki mitinq təyin etməsi və Brüsselə “Azərbaycanda toplaşmaq azadlığı pozulur” mesajını ötürməyə hazırlaşması da məhz Azərbaycanın Avropaya gedən yolunu “bağlamağa” hesablanıb. Və o, məqsədinin bu olduğunu açıq şəkildə etiraf edir. Belə görünür ki, “5-ci kolon” gizləndikləri lağımlardan çıxmaqdadır...

Bir-birinə üzvü şəkildə bağlı olan bu “kolon”ların hər birinin öz missiyası var və sonuncu – “5-ci kolon”un missiyası da “həlledici zərbəni” vurmaqdır.

Bu oyunun baş tutmayacağı əvvəldən bəllidir. Çünki nə Aİ belə oyunlara görə illərdir üzərində çalışdığı, hər xırda detalına diqqət yetirdiyi sazişdən imtina edəcək, nə Azərbaycan dövləti 90-cı illərin ölkəsidir, nə də bu dövlətin rəhbərliyini bu cür oyunlarla dövlətin maraqlarına xidmət edən strateji addımlardan çəkindirmək mümkündür. Lakin cəmiyyət olaraq baş verənləri anlamağımız və dövlətin yanında yer almağımız vacibdir, çünki bu şəbəkənin hücumlarının davam edəcəyi aydın görünür...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm