• USD 1,7000 0,00% EUR 1,8868 -0,30%
    • GBP 2,2124 -0,43% RUB 0,0276 0,00%
election

Xarabalıqlar üzərində “ucalanlar” – Bir fotonun izi ilə…

Xarabalıqlar üzərində “ucalanlar” – Bir fotonun izi ilə…

Dəlinin biri quyuya daş atdı, 10 ağıllı daşı çıxarmaq üçün…”.

Ölkədə gündəmi zəbt edən və daha çox süni şəkildə formalaşdırılan xəbərlər bu vəziyyəti xatırladır. Dəlinin biri əsası olmayan bir iddia irəli sürür, dövlət də, hökumət strukturları da enerjilərini, vaxtlarını bu iddianın doğru olmadığını sübut etmək üçün sərf edirlər. Və əslində o dəlilər dövlətin də, hakimiyyətin də öz enerjisini bu ölkəyə yox, “quyuya atılan daşa” –iddiaya sərf etməsində maraqlıdırlar. Çünki onlar “xarabalıqlar üzərində ucalacaqlarını” düşünürlər…

Dünəndən gündəmi zəbt edən “İçərişəhər dağıdılır” fotosu da “dəlinin quyuya atdığı daşı” xatırladır. “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi bu iddianı təkzib etdi, təkcə təkzib etməklə qalmadı, həm də foto-faktlarla sübut etdi ki, “qala divarları dağıdılır” fotosu 2011-ci ildə Qala divarlarının restavrasiya işlərinin aparıldığı ərəfədə çəkilib. Məsələnin kökündə də Sovetlər dönəmində – 1954-cü ildə Qala divarları üzərində aparılan kobud rekonstruksiya işləri durur. Bu proses zamanı Qala divarlarının o zamana qədər mövcud olmuş tarixi bürclərindən biri zədələnərək öz görkəmini itirib və düz divarın çəkilməsi ilə nəticələnibdir. 2011-2012-ci illərdə aparılan restavrasiya işləri də məhz səhvin düzəldilməsidir.

Ortada təkcə təkzib açıqlaması yox, foto və video sübutlar var. Hərçənd, bununla hər şey bitmiş, həll olunmuş sayıla bilməz. Çünki arxivdən çıxarılmış foto ilə “gündəm” yaradanların məqsədi heç də tariximizi qorumaq yox, məhz ajiotajın yaradılması idi.

Bu fotonun niyə indi – Formula 1 yarışlarının keçirildiyi ərəfədə ortaya atıldığına diqqət yetirəndə prosesi anlamaq olar.

Hadisələrin inkişafına baxaq:

– Formula 1 yarışlarının başlanmasına sayılı günlər qalmış “bu yarışlar insanları narahat edir” fikirləri ortaya atıldı.

– Bu fikri ortaya atan AXCP sədri Əli Kərimli dərhal sonra bu “fototəxribatı” tirajladı.

– Ardınca Müsavat başqanı Arif Hacılı “qonşudan geri qalma” prinsipi ilə prosesə qoşuldu.

– Məsələ şişirdildi və ictimai rəyə fotonun saxta olması ehtimalının yol tapmasına imkan verilmədi.

“Fototəxribatı”n axınına qoşulan və məsələnin mahiyyətinə varmadan tirajlayan vətəndaşların günahı böyük deyil. Çünki multi-medianın olduğu dövrdə gündəm yaratmaq üçün artıq saniyələr kifayət edir və kimsə məsələnin mahiyyətinin arxasınca düşmək fikrində olmur. İnsanların bu zəif yerindən istifadə edənlər “üzərinə palçıq at, təmizləyənə qədər üstüpalçıqlı görəcəklər” prinsipi üzərindən oynadılar. Vasitə kimi İçərişəhərin seçilməsi də Formula 1 yarışlarında Bakı Şəhər Halqasının bu marşrut üzrə hərəkət etməsidir.

Görünən budur ki, ölkədə süni ajiotajların yaradılması planları həyata keçirilir və bunun arxasındakıların sərhədlərin içində və çölündə olduğu məlumdur. Son dövrlər demək olar ki, hər həftə hansısa bir “daş” atılır və ajiotajların yaradılmasına cəhd olunur. “Diqlas” yanğınından başlamış, məktəblinin ölümü, küçə itləri ilə mübarizə, Dağlıq Qarabağ məsələsi və digərləri, son olaraq da bu “fototəxribat”…

– Ölkədə normal ictimai-siyasi mühitin olması;
– Aparılan islahatlardan sonra cəmiyyətdə əhval-ruhiyyənin daha da yüksəlməsi;
– İnsanların mitinqlərə qoşulmaması;
– Azərbaycanın müstəqil siyasətindən geri çəkilməməsi (Avropa İttifaqı ilə strateji sazişin müzakirəsinə diqqət!);


Bu qüvvələrin narahat olması üçün kifayət qədər səbəb var və belə mənzərəni pozmaq məqsədilə müxtəlif yollara baş vururlar, İçərişəhər məsələsi sonuncusu idi…

Bu hadisələrin Formula 1 yarışlarının keçirildiyi ərəfədə qeydə alınması I Avropa Oyunları zamanı Azərbaycana qarşı tətbiq etməyə cəhd etdikləri, lakin heç bir nəticə verməyən “siyasi mühəndislik” texnologiyasını yada salır.

“Sosial mühəndislik” termininin törəməsi olan “siyasi mühəndislik” manipulyasiyalar üzərindən siyasətə təsir etməkdir.

a) Beynəlxalq idman yarışları, yaxud digər tədbirlərin keçirildiyi ölkə dünyanın diqqət mərkəzində olur. Bu vaxt həmin ölkənin problemləri tapılır, tapılmasa belə yeni “problemlər” ixtira olunur. (I Avropa Oyunlarında bu metoda əl atıldı, eyni üslub Formula 1 yarışları zamanı da işə salınıb. İçərişəhər oyununa bu kontekstdən baxmaq olar).

b) İxtira edilən “problemlər” həmin ölkədə təşkil olunan idman yarışları, yaxud beynəlxalq əhəmiyyətli tədbirlə əlaqələndirilir, problemin mənbəyi olaraq göstərilir. (İçərişəhərin 8 il öncə restavrasiyası zamanı çəkilmiş fotonun indi gün üzünə çıxarılmasının səbəbi aydın olur: bu, Formula 1 yarışları zamanı yüksək sürətin Qala divarlarına zərər verməsi iddiasının “arqumentlə” gücləndirilməsinə hesablanıb).

c) İxtira olunmuş “problem” sosial şəbəkə və digər populyar informasiya resursları üzərindən tirajlanır, beləliklə, ən pis halda tədbirin, yaxud yarışın əhəmiyyəti azaldılır, ən yaxşı halda xaos yaradılır.

“Ən pis və ən yaxşı ssenarilərə” cəhd olundu, hərçənd, nəticəyə təsir etməsə belə, başa çatmış hesab olunmamalıdır. Cəmiyyət olaraq proseslərə daha ayıq yanaşmalıyıq…

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR