Millət vəkili: Mehriban Əliyeva ona həvalə olunmuş bütün vəzifələri uğurla həyata keçirir
Bizi izləyin

Nida Təhlil

Millət vəkili: Mehriban Əliyeva ona həvalə olunmuş bütün vəzifələri uğurla həyata keçirir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ona həvalə olunmuş bütün vəzifələri uğurla həyata keçirir. Fəaliyyət dairəsinə aid olan bütün sahələr daim onun diqqət və qayğısı ilə əhatə olunub.

Bunu Trend-ə açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

Deputat bildirib ki, aprelin 26-da Birinci vitse-prezident Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olub və orada aparılan təmir-bərpa işləri ilə tanış olub, öz tövsiyələrini bildirərək qeyd edib ki, İçərişəhər Azərbaycan xalqı üçün doğma və əziz yerdir, doğma Bakımızın ürəyidir. Azərbaycan memarlığının və mədəniyyətinin nadir incisi sayılan, Şirvan-Abşeron memarlıq məktəbinin ən məşhur nümunəsi kimi YUNESKO-nun Dünya İrs Siyahısına daxil olan İçərişəhərin qorunması daim Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir:

"Aprelin 26-da Birinci vitse-prezident Mehriban Əliyeva Nəsimi rayonunda Tibb Univesitetinin yataqxanasında və Qaradağ rayonunda salınmış “Qobu Park” yaşayış kompleksində məskunlaşan məcburi köçkünlərlə görüşüb. Bu, bir daha göstərir ki, Birinci vitse-prezidentin diqqət və nəzarətində olan ən vacib məsələlərdən biri köçkünlərin və qaçqınların yaşayış şəraitlərinin yaxşılaşdırılmasıdır. Görüşdə qeyd olunub ki, bu vaxta kimi bu sahədə çox böyük işlər görülüb, 300 mindən artıq insan evlə təmin olunub və bu işlər uğurla davam etdirilir. Əgər 2017-2018-ci illərdə 6126 mənzil təhfil verilmişdisə, bu il 6 min mənzil təhfil veiləcək".

R.Əliyev xatırladıb ki, aprelin 25-də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı körpələr evi-uşaq bağçasında, Mərdəkan qəsəbəsindəki Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada və gimnaziyanın 2-ci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində mövcud şəraitlə tanış olaraq tapşırıq və tövsiyələrini verib:

"Ölkəmizdə uşaq müəssisələrinin yüksək səviyyədə qurulması istiqamətində görülən işlərə Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu böyük töhfələr verir. 2014-cü ilin fevral ayında Fondun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə məktəbəqədər təhsil müəssisələrinin inkişaf proqramının təqdimatı keçirilib və həmin vaxtdan Fond tərəfindən ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, yeni müasir uşaq bağçalarının inşası sahəsində böyük işlər görülüb və görülməkdədir".

Millət vəkili vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətinin mühüm istiqamətlərindən birini sosial müdafiəyə ehtiyacı olan ailələrin, birinci növbədə, şəhid ailələrinin, müharibə əlillərinin sosial vəziyyətlərinin daima diqqətdə saxlanılmasıdır. Bu il aprelin 3-də Heydər Əliyev Mərkəzində Aprel döyüşlərində yaralanan və yüksək texnologiyalı protezlərlə təmin olunan əsgər və zabitlərlə keçirilən görüş buna bariz nümunədir:

"Bütün bunlar göstərir ki, Mehriman xanım Birinci vitse-prezident kimi ona həvalə olunmuş bütün vəzifələri uğurla həyata keçirir. Onun elm, təhsil, mədəniyyət, idman, əhalinin aztəminatlı hissəsinin problemlərinin və digər sosial məsələlərin həllinə diqqət və qayğı göstərməsi, bu sahələri daima nəzarətdə saxlaması cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Tam əminliklə demək olar ki, Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Azərbaycan xalqının sosial rifah halının daha da yaxşılaşdırılması məqsədilə qarşıya qoyulmuş bütün vəzifələri ugurla həyata keçirəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm