• USD 1,7000 0,00% EUR 1,8924 0,00%
    • GBP 2,2219 0,00% RUB 0,0276 0,00%

Sabiq nazir: "Əgər ABŞ prezidentinin bir zəng ilə neftin qiyməti kəskin azalırsa..."

Sabiq nazir: "Əgər ABŞ prezidentinin bir zəng ilə neftin qiyməti kəskin azalırsa..."

“Əgər ABŞ prezidentinin bir telefon zəngi ilə neft qiymətləri kəskin azala bilirsə, deməli neftə güvənməyin heç yeri yoxdur”.

Publika.az xəbər verir ki, bunu sabiq maliyyə naziri Fikrət Yusifov deyib.

Sabiq nazir Azərbaycan iqtisadiyyatının inkişaf tempinin ilini sonuna qədər hədəflənən məqsədlərə yetişməyə kifayət edib-etməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Fikrət Yusifov hesab edir ki, idxalı əvəzləyəcək istehsalın və real sektordan ixracın həcminin artması Azərbaycanın təhlükəli neft qiymətlərindən asılılığını minimuma endirə bilən yeganə yoldur:

“Bu gün Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İlin birinci rübündə iqtisadiyyatımızın qarşısında qoyulan hədəflərə necə çatıldı? İqtisadiyyatın inkişaf templəri ilin sonuna qədər hədəflənmiş məqsədlərə yetişmək üçün kifayət edəcəkmi?

Bütün bu dediklərimizi cari ilin birinci rübünün yükunlarını əks etdirən rəsmi göstəricilərə nəzər salmaqla əsaslandırmaq mümkündür. Cari ilin ötən dövrü ərzində ölkə iqtisadiyyatı əvvəlki illərlə müqayisədə daha pozitiv nəticələr sərgiləyə bildi. Rəsmi statistika 4 ayın nəticələrinə dair göstəriciləri may ayının 10-dan sonra açıqlayacaq. Ona görə də biz cari ilin ötən dövrünə yanvar-mart ayları üçün dərc edilmiş rəsmi statistik göstəricilər əsasında qiymət verək. Bu ilin 3 ayı ərzində ÜDM-un 3% artımına nail olunub. Nəzərə çatdıraq ki, keçən ilin eyni dövründə bu artım öncəki illə müqayisədə cəmisi 2,3% olub. Hesabat dövründə sənaye məhsulunun həcmi 4,4%, o cümlədən qeyri-neft sənayesi üzrə məhsul istehsalının həcmi 15,6% artıb. İqtisadiyyatın inkişafının əsas indikatoru olan əsaslı kapitala yönəldilən vəsaitlərin həcmi ötən ildəki səviyyədən 5,3% artaraq 2018-ci ilin birinci rübündəki 84,7%-dən cari ilin birinci rübündə 91%-ə yüksəlib. Bu zaman qeyri-neft sektorunda əsas kapitala yönəldilən vəsaitlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,0% artıb. Bu göstərici özlüyündə ölkə iqtisadiyyatının əsasını təşkil edən real sektorun inkişafına bütün səviyyələrdən olan diqqətin nəticəsində mümkün ola bilmişdi. Üç ay ərzində kənd təsərrüfatında 3,6%, o cümlədən, bitkiçilik sahəsində 24,7% artıma nail olunub. Ötən illə müqayisədə dövlət büdcəsinin gəlirləri 19,2%, xərcləri isə 14,2% artıq icra edilib”.

F.Yusifov qeyd edib ki, ölkənin bank sektoruna insanların inamının bərpa olunmasının bir bariz nümunəsi, onların banklardakı əmanətlərinin vəziyyəti ilə xarakterizə olunur:

“Son 3 ayda vətəndaşlarımızın banklara yatırdığı əmanətlərin həcmi ötən ilin birinci rübü ilə müqayisədə 6,0%, kredit qoyluşlarının həcmi 12,2% artıb. Halbuki 2018-ci ildə ölkənin bank sektoru üzrə kredit qoyluşlarının həcmi 2017-ci illə müqayisədə 27,2% azalmışdı. Ötən 2 ay ərzində qeyri-neft sektorundan ixracın həcmi 16,5% arta bilib. Cari ilin birinci iki ayı ərzində əhalinin orta aylıq nominal əmək haqqı 8,6% artıb. Nəzərə çatdıraq ki, ilk üç ay ərzində infilyasiya cəmisi 2,1% təşkil edib”.

Sabiq nazir müsbət göstəricilərlə yanaşı bəzi mənfi nüanslara da diqqət çəkib:

“Bu göstəricilərin pozitivliyi nə qədər diqqətçəkən olsa da, ötən üç ayda qeyri neft sektorunda ÜDM artım sürətinin azalması, bu sektordan ixracın həcmindəki templərin aşağı düşməsi diqqətdən yayına bilməz. Məsələn, 2018-ci ilin birinci rübü ərzində ÜDM-un artım sürəti 2,3 %, qeyri-neft ÜDM-un artım sürəti 2,9% olduğu halda, cari ilin birinci rübündə ÜDM artım sürəti 3,0%, qeyri-neft ÜDM-un artım sürəti isə cəmisi 1,7% təşkil edib. Bu ilin iki ayı ərzində qeyri-neft sektorundan ixracın həcmində də kifayət qədər azalmalar qeydə alınmışdı. Məsələn, 2018-ci ilin birinci iki ayı ərzində qeyri- neft ixracınin həcmi 2017-ci ilin ilk 2 ayı ilə müqayisədə 66 milyon dollar artmışdısa, 2019-cu ilin birinci 2 ayı ərzində bu sektordan ixracın həcmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə cəmisi 40 milyon dollar arta bilib. Əgər bu sıraya cari ilin ilk iki ayı ərzində idxalın həcmində baş vermiş 50%-ə qədər artımı da əlavə etsək, bu halda mövcud vəziyyətin bir o qədər ürəkaçan olmadığı aşkardır”.

F.Yusifov vurğulayıb ki, aidiyyəti icra qurumlarının ətalətdən çıxaraq vəziyyətlə bağlı ciddi araşdırma aparmasına və təxirəsalınmaz tədbirlər görməsinə ehtiyac var:

“Prezident 2015-ci ilin sonlarında ölkədə post-neft dövrünün başlandığını bəyan etdikdən sonra qısa zaman kəsiyində ölkədə real sektorun sürətli inkişafını təmin edə biləcək bütün qərarlara imza atdı. Bundan sonra ötən dövr ərzində əldə olunan nəticələr qənaətbəxş deyilsə, deməli bu vəziyyəti yaradan icra aparatının fəaliyyətindəki qüsurlardır. Hesab edirəm ki, bunun üzərində ciddi düşünməyin vaxtı çatıb. Neftin qiymətlərinə güvən getdikcə azalır. Cənab icraçılar bilməlidirlər ki, ölkə iqtisadiyyatının inkişafı üçün güvənilməli olan tək yol Prezidentin müəyyən etdiyi yoldur. Bu yolla qətiyyətlə hərəkət edib iqtisadiyyatın real sektorunun sürətli inkişafını təmin etmək lazımdır. Bunu etmək - idxalı əvəzləyəcək istehsalın və real sektordan ixracın həcminin artması demək olacaq. Bu da bizim təhlükəli neft qiymətlərindən asılılığımızı minimuma endirə bilən yeganə yoldur”.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR