• USD 1,7000 0,00% EUR 1,8970 +0,04%
    • GBP 2,1628 -0,09% RUB 0,0264 +0,38%

Anqlosakson eqoizmi, yaxud finaldan öncə “ofsayt”a düşənlər...

Anqlosakson eqoizmi, yaxud finaldan öncə “ofsayt”a düşənlər...

Beynəlxalq idman turnirlərinin keçirilməsi üçün üç mühüm faktor önəmlidir: infrastruktur, təhlükəsizlik və təcrübə. Bu üç faktorun olduğu ölkələr adətən mühüm idman tədbirlərinə ev sahibliyi etmək üçün əsas namizədlər arasında yer ala bilirlər. Hər üç faktora malik olan Azərbaycan dəfələrlə belə namizədlər arasında olub və dəfələrlə dünya idmanını öz evinə gətirməyi bacarıb.

Azərbaycan mayın 29-da Bakıda keçiriləcək UEFA finalına ev sahibliyi hüququnu da üç mühüm faktora sahib olduğu üçün qazanıb:

İnfrastruktur: Azərbaycanda idmanın bütün növlərinin keçirilməsi üçün infrastruktur mövcuddur, hətta təkcə Bakıda yox, regionlarda da beynəlxalq idman yarışlarının keçirilməsi üçün lazımi şərait yaradılıb. Artıq beynəlxalq turnirlərin regionlarda keçirilməsi təcrübəsinə də sahibik. Dünyanın ən bahalı idman növü olan Formula 1 yarışlarının Bakı küçələrində marafona çıxması isə Azərbaycanın idman sahəsi üzrə dünyada seçmə ölkələr arasında olduğunu təsdiqləyir. O cümlədən, UEFA finalında “Arsenal”-“Çelsi” qarşılaşmasına ev sahibliyi edəcək dünya standartlarına uyğun inşa edilmiş Bakı Olimpiya Stadionunda indiyə qədər müxtəlif xarici klublar qonaq olub və oyunlar ən yüksək səviyyədə baş tutub.

Təhlükəsizlik: Azərbaycan Şərqdə ən sabit müsəlman ölkəsi olaraq qəbul olunur, o cümlədən, MDB-nin ən təhlükəsizlik ölkələrindəndir. Dünyanın aparıcı maliyyə və analitik jurnallarından biri olan “Global Finance” “2019-cu il dünyanın ən təhlükəsiz ölkələrinin” reytinqi də Azərbaycanın regionda ən təhlükəsiz ölkə olduğunu təsdiqləyir. İndiyə qədər dünyanın ən mötəbər idman turnirlərinə ev sahibliyi etməyimizin başlıca səbəbi də məhz təhlükəsizlikdir.

Təcrübə: I Avropa Oyunları, Formula 1 yarışları, İslam Həmrəyliyi Oyunları, idmanın müxtəlif növləri üzrə - gimnastika, güləş, voleybol və s. – dünya çempionatları və digər beynəlxalq idman turnirlərinə ev sahibliyi etmişik və həmişə beynəlxalq təcrübəyə öz töhfəmizi vermişik. Bir çox hallarda Azərbaycanda keçirilən beynəlxalq turnirlərin təşkilatçıları növbəti turnirlər zamanı məhz bizim təcrübədən faydalanıblar.

Günlər sonra Bakı dünyanın mötəbər futbol yarışlarından birinə - UEFA finalına ev sahibliyi edəcək. Bu, futbol azarkeşlərinin ekran başında həyəcanla izlədiyi oyunlardan birini canlı izləmək şansı verməklə yanaşı, Azərbaycanın idman ölkəsi kimi imicinin möhkəmlənməsinə də töhfə verəcək.

İdman sülhdür, hətta münaqişədə olan ölkələrin idmançıları belə yarışlar zamanı dostlaşır, düşmənçiliyi bir kənara qoyur. Bu tarix boyu belə olub və Azərbaycan öz təcrübəsində bunu dəfələrlə sübut edib.

2015-ci ildə I Avropa Oyunları zamanı gümüş medal qazanan erməni əsilli boksçu Qevorq Manukyanın Prezident İlham Əliyev tərəfindən mehribanlıqla qarşılanması və mükafatlandırılması, yarışdan sonra Manukyanın “Kimsə mənə erməni olduğuma görə aqressiv yanaşma nümayiş etdirmədi. Bakını unutmayacağam” sözləri bunu təsdiq edir. Bu, təkcə idmanın sülhün rəmzlərindən biri olması, Azərbaycanın da bu rəmzə uyğun hərəkət etməsindən irəli gəlmir, burada həm də ölkə olaraq, xalq olaraq qonaqpərvərliyimiz, sülhsevərliyimiz aparıcı amildir.

Və “Arsenal”ın erməni əsilli futbolçusu Henrix Mxitaryan da Bakıda Manukyanın qarşılaşdığı münasibətlə qarşılaşacaq, onun da təhlükəsizliyi tam təmin olunacaq. Buna şübhə yoxdur, hərçənd, anti-Azərbaycan qüvvələr UEFA finalı yaxınlaşan ərəfədə yenidən hərəkətə keçiblər. İddia edirlər ki, Mxitaryanın Bakıda təhlükəsizliyinə zəmanət verilməyib. İndiyə qədər onlarla erməni əsilli idmançını qonaq edən və digər idmançılarla eyni münasibəti göstərən Azərbaycan niyə bunu etsin?! Məntiqsiz iddiadır, əslində bunu ortaya atanlar da reallığı bilə-bilə manipulyasiya edirlər. Məqsəd Azərbaycanın sülh imicini zədələməkdir və təcrübə təsdiqləyir ki, Azərbaycana qarşı belə kampaniyaların arxasında adətən erməni diasporu/lobbisi dayanır.

Bu dəfə diqqətçəkən məqam anti-Azərbaycan kampaniyasına Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin də qoşulmasıdır.

İngilis diplomatlar “Arsenal” və “Çelsi” azarkeşlərinə xəbərdarlıq edirlər ki, “Bakıda terror ola bilər və azarkeşlər özlərini soyğunçulardan qorusunlar”.

Terror faktı üzərindən müqayisə aparanda Azərbaycandan fərqli olaraq, İngiltərədə demək olar ki, hər il qanlı terror aktı baş verir. Son iki ilin statistikasına nəzər salaq:

2017-ci il, 23 may: Mançester şəhərində 22 nəfərin ölümü, 59 nəfərin yaralanması ilə nəticələnən dəhşətli terror aktı törədildi və diqqətçəkən məqamdır ki, terror aktı beynəlxalq futbol turnirlərinin keçirildiyi “Mançester Arena” stadionunda baş verdi.

2017-ci il, 4 iyun: terrorçular Londonun küçələrində insanlara silahlı hücum etdi. 6 ölü, 30-dan çox yaralı.

2017-ci il, 19 iyun: Londonun şimalında, Finsbury park bölgəsində naməlum şəxsin maşını məsciddən çıxan kütlənin üzərinə sürməsi nəticəsində 1 nəfər həlak oldu, onlarla insan ağır yaralandı.

2017-ci il, 5 sentyabr: Londonun “Parsons Green” metro stansiyasında terror aktı törədildi, 20-dən çox inan yaralandı.

2018-ci il: İngiltərə polisi dəfələrlə terror həyəcanı ilə ayağa qaldırıldı.

2019-cu il: iki ay öncə, martda yüzlərlə insanın ölümünün planlaşdırıldığı terror aktının qarşısı son anda alınıb.

Və Avropanın ən inkişaf etmiş ölkələrindən olan Böyük Britaniyada insanlar daim terror təhlükəsi ilə yaşayırlar. Təkcə 2017-ci ildə 4 böyük terrorun yaşandığı və demək olar ki, hər gün terror ehtimalının olduğu İngiltərənin ən təhlükəsizlik ölkələrdən hesab olunan Azərbaycanda “terror təhlükəsi” haqqında danışmağı hansı məntiqə sığır?!

Yaxud BMT hesabatlarına Avropada soyğunçuluğun, təcavüzlərin, oğurluğun yüksək olduğu ölkə kimi düşən Böyük Britaniyanın dünya sıralanmasında eyni halların sıfırın altında olduğu Azərbaycan haqqında “soyğunçuluq təhlükəsi” iddiası irəli sürməsi də olduqca gülüncdür. Azərbaycan təhlükəli ölkə olsaydı nə UEFA finalına, nə də indiyə qədər keçirilən beynəlxalq turnirlərə ev sahibliyi edə bilməzdi. Hər şey bu qədər sadədir.

Viza məsələsi, otellərin, yaxud aviabiletlərin baha olması kimi reallıqdan uzaq iddiaların səbəbi də sadədir: beynəlxalq idman tədbiri ərəfəsində dünyanın diqqətinin yönələcəyi Azərbaycanın imicini zədələmək.

Bu filmə əvvəllər də baxmışıq. Misal üçün, I Avropa Oyunları zamanı mikroskopla qüsur axtarışına çıxanlar Bakıda “səhər yeməyi zamanı niyə kalorisi çox olan yeməklərin verilməsindən” şikayətlənirdilər. Bu da eyni filmin başqa fraqmentlərindəndir.

Azərbaycanda viza rejimi turistlərin gələcəyi dövrlərdə xüsusilə sadələşdirilir, hətta bir çox güzəştlər edilir. Otellər istənilən turistin cibinə uyğundur: 20-30 dollardan başlamış 2 min dollara qədər. AZAL-ın tətbiq etdiyi aviabiletlərin qiyməti isə beynəlxalq göstəricilərdən aşağıdır, xüsusilə turistlərin gəldiyi dövrlərdə qiymətlər daha münasib olur. Maraqlananlar AZAL-ın saytına daxil ola bilərlər.

Bütün bunlar marketinq siyasətidir və dünya təcrübəsi də göstərir ki, turistlərin kütləvi şəkildə gələcəyi vaxt hər bir ölkə qiymət siyasətini yumşaldır, xidmət səviyyəsini yüksəldir.

Bu iddiaların fonunda sual yaranır: Azərbaycan ölkəyə gələn turistin önünü alacaq maneələr niyə yaratmalı, yəni kapital axınının qarşısını niyə almaldır? Turizmin ciddi gəlir mənbəyi olduğunu nəzərə alsaq, heç bir ölkə belə maneələrdə maraqlı deyil, o cümlədən Azərbaycan. Bunu anlamaq üçün “Tarixi-Nadir”i yarıya qədər oxumağa ehtiyac yoxdur.

Lakin irəli sürülən iddialar Böyük Britaniya XİN-nin Azərbaycana gələcək azarkeşlərə süni maneələr yaratmaq niyyətindən xəbər verir. Və belə görünür ki, iki ingilis klubunun top qovmaq üçün Bakıya qədər gəlməsi anqlosakson cığallığını körükləyir.

İngilislər hesab edirlər ki, niyə onlar “Arsenal”la “Çelsi”nin oyununu izləmək üçün Bakıya getməli və pul xərcləməlidirlər. Hərçənd, bu Azərbaycanın problemi deyil, bir dərdiniz, yaxud sualınız varsa, ünvan UEFA-dır. UEFA finalın vaxtını və yerini müəyyən edəndə hansı komandaların sona qədər qalacağı müəyyən deyildi, ümumiyyətlə futbol tarixində belə bir təcrübə yoxdur. Finala iki ingilis komandasının qalması nə Azərbaycanın, nə də UEFA-nın günahıdır. Halbuki, futbol tarixində komandaların nəticə əldə etmək üçün öz vətənlərindən minlərlə kilometr uzaqlığa getdiyi ən adi haldır, iki ingilis komandasının bu məqsədlə Bakıya gəlişi də eynidir. Adətən belə hallarda bu cür iddialar irəli sürülmür, bəs Azərbaycanın üzərinə niyə bu qədər gəlinir, reallıqdan uzaq iddialarla anti-kampaniya təşkil olunur?!

Burada anti-Azərbaycan qüvvələrin və bu qüvvələrlə eyni xalı üzərinə çıxan ingilislərin narahatlığının səbəbləri aydın görünür:

a) Azərbaycan UEFA finalı ilə idman tədbirlərinin keçirilməsi təcrübəsini genişləndirəcək və bundan sonra digər turnirlərlə yanaşı, futbol çempionatları da ölkəmizdə keçiriləcək.

b) Azərbaycanın idman ölkəsi – təhlükəsiz, sülhsevər olması imici daha da güclənəcək.

c) Final oyununun yayımlanması və böyük azarkeş kütləsinin diqqətinin Bakıya yönəlməsi dünyada Azərbaycanın ödənişsiz təbliğatı deməkdir.

d) Adətən belə yarışlar turist axınının artması ilə nəticələnir ki, Azərbaycan UEFA finalı ərəfəsində ciddi gəlir əldə edəcək.

e) İngilislər final oyunu zamanı Azərbaycanın gəlir əldə etməsini istəmir. Bunun adı tarix boyu mövcud olmuş anqlosakson eqoizmidir.

Bütün iddialara rəğmən nəticə dəyişməyəcək, Azərbaycan ən yüksək və ən təhlükəsiz şəkildə UEFA finalını təşkil edəcək, biz də böyük oyuna canlı baxmaq imkanını əldə edəcəyik. Və bu, ölkəmiz üçün yeni qapılar açacaq. Sadəcə olaraq, final oyunundan öncə anti-Azərbaycan dairələr absurd iddiaları ilə özlərini “ofsayt”a salmış oldular...

Asif Nərimanlı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR