Brüsseldə Azərbaycana qarşı erməni oyunu ifşa olundu - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Brüsseldə Azərbaycana qarşı erməni oyunu ifşa olundu - TƏHLİL

Prezident İlham Əliyevin Brüsselə səfəri və Şərq Tərəfdaşlığı proqramının 10 illiyinə həsr olunmuş tədbirlərdə iştirakı, o cümlədən, Avropa İttifaqı rəhbərliyi ilə görüşlər keçirməsi Azərbaycan-Aİ münasibətləri və imzalanması gözlənilən yeni saziş kontekstində əhəmiyyətlidir.

Bu saziş Azərbaycanın beynəlxalq müstəvidə siyasi çəkisini artırması, ölkədə əhalinin sosial həyatına birbaşa təsir edəcək yeni iqtisadi imkanlar yaratması və digər perspektivlərlə yanaşı, Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin həllinə ərazi bütövlüyü prinsipinə uyğun dəstək verməsini də şərtləndirir.

Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin imzalanacağı gündəmə gələndən sonra bu məsələ ətrafında müxtəlif manipulyativ proseslərin yaşanması kimlərinsə narahat olduğundan xəbər verirdi. Cəmiyyətdə ən çox çaşqınlıq yaradan məqam isə sazişdə “Dağlıq Qarabağın Azərbaycanın bölünməz hissəsi kimi göstərilməməsinə” dair ortaya atılan iddia oldu və bu iddianın yaratdığı mənzərə belə idi ki, Azərbaycan hakimiyyəti Aİ-nin sazişə imza atması üçün dövlətin ən prioritet siyasətindən və bərpası uğrunda üç onillikdir mübarizə apardığımız ərazi bütövlüyümüzdən imtina edir. Bu iddia üzərində müzakirə aparmaq ehtiyacı duymadan bir sualın cavabını tapmaq gerçəyin ortaya çıxmasını təmin etməyə imkan verir: Azərbaycan ərazi bütövlüyü hesabına niyə Aİ ilə saziş imzalasın ki?

Birincisi, bu saziş qarşılıqlı maraqlara uyğun hazırlanır və geosiyasi proseslər bu gün Azərbaycanın Aİ üçün daha əhəmiyyətli olduğunu göstərir;

İkincisi, Azərbaycanın Aİ-nin təqdim etdiyi sənədi olduğu kimi qəbul etməməsi, əksinə, Azərbaycanın təqdim etdiyi sənəd üzərində, hər iki tərəf üçün məqbul ola biləcək müddəaların müzakirə olunması faktı da bunu təsdiqləyir;

Üçüncüsü, Aİ Azərbaycanın ərazi bütövlüyünü rəsmən dəstəkləyir və ittifaqın sənədlərində də bu öz əksini tapır: 2017-ci il qəbul olunan Şərq Tərəfdaşlığı Brüssel Zirvə bəyannaməsində tərəfdaş ölkələrin hər birinin suverenliyinin, ərazi bütövlüyünün təmin edilməsi və sərhədlərinin toxunulmazlığı yer alır; 2018-ci ildə Aİ ilə Azərbaycan arasında ikitərəfli “Tərəfdaşlıq Prioritetləri” sənədində münasibətlərin suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı dəstəklənməsi əsasında inkişaf edəcəyi qeyd olunur; ekspert dairələrində aparılan müzakirələr təsdiqləyir ki, üzərində iş aparılan yeni sazişdə də “ərazi bütövlüyünün dəstəklənməsi” amili ilk sıradadır;

Dördüncüsü, Aİ “ərazi bütövlüyü məsələsinə” kompleks olaraq yanaşır və bundan imtina etməsi Ukrayna və Gürcüstanın da ərazi bütövlüyündən imtina etməsi demək olar. Halbuki, bu ölkələrin siyasi oriyentasiyanı Qərbə doğru dəyişdirdiyi üçün ərazi bütövlüyünün pozulması faktı ilə üzləşdikləri yaxın tarixdir. Bu baxımdan, sazişdə ərazi bütövlüyü prinsipi əsas amildir.

Lakin uzun müddətdir bu məsələ üzərindən manipulyasiya edilir və bu manipulyativ prosesin arxasında Ermənistanın, o cümlədən, erməni diasporu/lobbisinin dayandığı aydın görünür. Məqsəd Dağlıq Qarabağ məsələsi üzərindən Azərbaycan ictimaiyyətini çaşdırmaq, rəsmi Bakının Aİ ilə saziş imzalamasına qarşı daxili etiraz yaratmaq, nəticədə bunun qarşısını almaqdır.

Ermənistan, erməni diasporu və lobbisinin Azərbaycanın yolunu kəsmək üçün müxtəlif cəbhələrdən hücuma keçdiyi müşahidə olunur:

AŞPA-da Azərbaycana qarşı qətnamənin qəbulu, Ermənistanın baş naziri Nikol Paşinyanla hüquq müdafiəçisi adı altında Avropaya sığınmış Leyla Yunusun eyni vaxtda AŞPA tribunasından “Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının günahkarı kimi Azərbaycanı və Azərbaycan liderini göstərməsi”, Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri olmuş, sonradan Avropadan sığınacaq alan Arif Məmmədovun “mənbələrə istinadən”, “Avropa Birliyinın Azərbaycanla mayın 13-də imzalaması nəzərdə tutulan sazişin gizli saxlanmasının əsas səbəbi sənəddə Dağlıq Qarabağın Azərbaycanın bölünməz hissəsi kimi göstərilməməsidir. Avropa Birliyi bu bəndi qəbul etməkdən imtina edir” iddiasını gündəmə gətirməsi, eyni iddiaların Milli Şuranın “mətbəxində” əlavə “ədviyyatlar” qatmaqla Əli Kərimlinin son bir ayda əsas tezisinə çevrilməsi və Azərbaycan ətrafında baş verən ümumi proseslər izin Avropanın müxtəlif strukturlarında yuva qurmaq erməni lobbisinə, həmçinin, İrəvana qədər gedib çıxdığını göstərir. (Oxu: Qarabağ masasından Bakı küçələrinə qədər…–Qlobal mafiyanın Azərbaycana qarşı oyunu).

Və görünən budur ki, erməni mediası İrəvandan, erməni lobbisi Avropadan, bu və ya digər formada bu lobbiyə bağlı qruplar Azərbaycan daxilindən hücuma keçib.

Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü rədd edir”.

Əsas tezis bu istiqamətdə qurulub və eyni tezisin Ermənistan mediasında kütləvi şəkildə tirajlanması ilə Avropaya sığınmış bəzi qruplar və Azərbaycanda siyasi müxalifət adı altında toplanmış qüvvələr tərəfindən ictimaiyyətləşdirilməsi təsadüfə bənzəmir.

Bu iddianın Prezident İlham Əliyevin “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş tədbirlərdə iştirak məqsədilə Brüsselə səfər etdiyi gün yenidən gündəmə gəlməsi, o cümlədən, Brüsseldə 3-4 nəfərlik qrupun aksiya keçirməyə çalışması də təsadüfi deyil.

- Azərbaycan lideri Aİ ilə yeni saziş üzərində müzakirələrin davam etdiyi vaxt Brüsselə səfər etdi və ittifaqın rəhbərliyi tərəfindən yüksək səviyyədə qəbul olundu. Prezidentin bu səfərinin ana hədəfi məhz Azərbaycan torpaqlarında erməni işğalına son qoymaqdır və rəsmi Bakı bu istiqamətdə aktiv diplomatik manevrlərini davam etdirir. Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində çəkilmiş protokol fotosunda Azərbaycan Prezidentinin öndə Tuskla yanaşı dayanması, Ermənistanın baş nazirinin isə arxa sırada yer alması da Brüsseldə Azərbaycan və Ermənistana münasibətin nümayişidir. Çünki belə protokol fotoları adətən diplomatik xarakter daşıyır və liderlərin tutduğu yerlər həm də onlara və onların ölkəsinə münasibəti göstərir. Və hesab etmək olar ki, Azərbaycan Aİ üçün hazırda regiondakı ən əhəmiyyətli ölkədir, geosiyasi proseslərin inkişafı da bunu deməyə əsas verir. Rəsmi Bakının manevrləri yaranmış şərtlərdən ərazi bütövlüyümüzün bərpası üçün istifadə edildiyini deməyə əsas verir. Bu baxımdan, Azərbaycan liderinin Brüsseldə əsas müzakirə mövzusunun məhz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olduğu məlumdur.

- Bu mənzərə Ermənistanı ciddi şəkildə narahat edir. Son iki gündə baş verənlər ermənilərin Azərbaycana qarşı aktiv hərəkətə keçdiyini göstərir:

Ermənistan mediasını “Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü rədd edir” manşetləri bəzədi;

AXCP sədri Əli Kərimli eyni iddiaları təkrarladı, o cümlədən, əlavə olaraq Azərbaycanda “demokratiyanın” olmamasını iddia etdi və Aİ-ni sazişi Azərbaycanla münasibətləri təkrar gözdən keçirməyə çağırdı;

Avropada erməni diasporu/lobbisinə bağlı olduqlarına şübhə olmayanlar Brüsseldə “qorxulu Azərbaycan” yaratmaq məqsədilə aksiya keçirdi. Hərçənd, 3-4 nəfərlik bu qrup heç bir dəstək almasa da, onlar üçün əsas olan sifarişin yerinə yetirilməsi və Azərbaycan haqqında mənfi rəyin yaradılması planına töhfə vermək idi.


Hədəf məlumdur: Azərbaycan haqqında yanlış rəy yaratmaq, Aİ ilə münasibətləri baltalamaq, Azərbaycan dövlətinin erməni işğalına son qoymaq istiqamətində atdığı addımların qarşısını almaq, Dağlıq Qarabağda Ermənistanın xeyrinə olan mövcud status-kvonun saxlanılmasını təmin etmək.

Və proseslərin analizi bütün bu proseslərin arxasında Ermənistan-erməni diasporu/lobbisinin dayandığını təsdiqləyir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm