Hikmət Babaoğlu: “Bu cür insanların azərbaycanlı adına iddia etməyə mənəvi haqları yoxdur”
Bizi izləyin

Nida Təhlil

Hikmət Babaoğlu: “Bu cür insanların azərbaycanlı adına iddia etməyə mənəvi haqları yoxdur”

Prezident İlham Əliyev mayın 13-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə, Belçikalıların Kralı Əlahəzrət Filip ilə görüşündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verib. Prezident Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunduğunu, münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında və ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırdı.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Hikmət Babaoğlu Prezident İlham Əliyevin Brüssel səfərini şərh edərkən deyib.

Millət vəkili bu görüşlərin bəzi maraqları narahat etdiyini bildirib:

“Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunuldu, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olundu və Prezident İlham Əliyevin Belçikaya səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfə verəcəyi bildirildi. Bu görüşlər hazırki mərhələdə milli maraqlarımızın təmin olunması, torpaqlarımızın işğaldan azad olunması istiqamətində atılan mühüm addımlar kimi qiymətləndirilməlidir. Ancaq milli maraqlarımızın təmin olunması üçün atılan bu addımlar anti-azərbaycançı mərkəzləri narahat edir və təəssüf ki, bəzən bizə qarşı öz vətəndaşlarımızdan istifadə edirlər.

Özünü azərbaycanlı hesab edən hər kəs ermənipərəst mərkəzlərin belə ucuz oyunlarına alət olmamalıdırlar. Çünki Prezidentin səfəri zamanı təşkil edilən bu cür aksiyalar Azərbaycan hakimiyyətinə qarşı deyil, Azərbaycan dövlətinə, milli maraqlarımıza qarşıdır. Belə mövqe Azərbaycanın milli davasına, milli maraqlarımıza, Azərbaycan xalqının məqsədlərinə xəyanətdir. Ermənilər müxtəlif vasitələrə əl atmaqla Azərbaycanı öz ərazi bütövlüyünü bərpaetmə məqsədlərindən yayındırmağa çalışırlar. Şübhəsiz ki, Azərbaycan diplomatik münasibətlərədən, öz beynəlxalq nüfuzundan istifadə edərək ermənilərin törədə biləcəyi təxribatların qarşısını alır. Ancaq təəssüf ki, vətəndaşlıq məsuliyyəti və milli təəssübkeşliyi lazımi səviyyədə olmayan bəzi şəxslər ermənilərin əlində alətə çevrilməklə belə aksiyalar keçirməyə cəhd edirlər. Bu, yolverilməzdir, milli davamıza, Qarabağ davamıza xəyanətdir. Bu cür insanların azərbaycanlı adına iddia etməyə mənəvi haqları yoxdur. Biz torpaqlarımızı yalnız milli birlik və ümummilli mücadilə nəticəsində azad edə bilərik. Hamımız birdəfəlik bu həqiqəti bilməli və milli maraqlarımıza qarşı hər hansı bir addım atmamalıyıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm