Putinin İrana “Biz yanğınsöndürən deyilik” ismarıcı: Kreml ABŞ-la razılığa gəldi?
Bizi izləyin

Nida Təhlil

Putinin İrana “Biz yanğınsöndürən deyilik” ismarıcı: Kreml ABŞ-la razılığa gəldi?

“Biz yanğınsöndürən deyilik”.

Publika.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-İran gərginliyinə münasibət bildirərkən deyib.

Avstriya prezidenti Aleksandr Van Der Ballenlə Soçidəki görüşdən sonra jurnalistlərə açıqlama verən Putin bunları deyib: “Açıq şəkildə deməyim lazımdırsa, İranın da ABŞ-ın ardınca razılaşmadan çəkilməsi son məqsədə uyğun addım olmaz. Xəta olduğunu düşünürəm. Çünki sabah hamı öncə ABŞ-ın razılaşmadan imtina etdiyini unudub İranın imtinasından danışacaq. Biz, əlbəttə, prosesi yaxından izləməyə davam edəcəyik. Ancaq Rusiyanın yanğınsöndürən heyəti olmadığını hər kəs bilməlidir. Hər an hər şeyi xilas etməyə çatmaya bilərik”.

Rus lider ABŞ ilə dialoqu davam etdirməyə hazır olduqlarını bildirib: “ABŞ xüsusi bir rejimlə təmasları davam etdirməyə hazırdırsa, Rusiya hər yerdə açıq dialoq etməyə hazırdır. Mən bu mövzu barədə bir neçə dəfə danışmışam”.

“Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri Elxan Şahinoğlu Putinin bu açıqlamasını şərh edib. Politoloqun fikrincə Putin “Biz yanğınsöndürən deyilik” cümləsi ilə bir mesaj göndərib:

“ABŞ-ın dövlət katibi Mayk Pompeonun Rusiyaya səfərini belə izah edənlər tapıldı ki, İran məsələsində Vaşinqtonla Moskva arasında razılıq mümkündür. Həqiqətən, Rusiya prezidenti Vladimir Putin son çıxışında Amerika ilə yanaşı İranı da tənqid etdi. Putin dedi ki, Rusiya hər zaman İranı müdafiə edə bilməz. Putin hətta belə bir ifadə də işlətdi: “Rusiya yanğınsöndürən deyil ki, hər yerə özünü çatdırsın”.

Putin haradasa haqlıdır. Suriyada təhlükə yaranır, Bəşər Əsəd rejimi Rusiyanı köməyə çağırır, Venesuelada çevrilişə cəhd olunur, prezident Nikolas Maduro Rusiyanı köməyə çağırır, indi də Tehran Rusiyadan dəstək istəyir. Putin də demək istəyir ki, Rusiya hər yerdə ABŞ və digər ölkələrlə toqquşmaqdan yorulub. Çünki bu halda həm Rusiyaya qarşı sanksiyalar sərtləşir, həm də Rusiya enerjisini və pulunu kənarda xərcləmək məcburiyyətində qalır. Halbuki, bu enerjinin və pulun daxildə xərclənməsinə və dərin iqtisadi, sosial problemlərin həllinə ehtiyac var.

Rusiya prezidenti İranın nüvə anlaşmasından çıxmaması vacibliyini bildirdi. Halbuki, İran prezidenti Həsən Ruhani deyib ki, Amerikanın siyasəti dəyişməsə İran iki ay ərzində nüvə anlaşmasından çıxacaq. Bu yanaşma Avropa ilə yanaşı Rusiyanı da narahat edir. Çünki, İranla nüvə anlaşmasına Amerika ilə yanaşı Avropa dövlətləri və Rusiya da imza atmışdılar.

Buna baxmayaraq, Rusiya Amerikanın İrana qarşı sanksiya siyasətini qəbul etmir. ABŞ-ın İranı vurması üçün Rusiyanın razılığına ehtiyacı yoxdur. Çünki, Kreml heç zaman İranın vurulması üçün Amerika ilə açıq və ya gizli razılaşmaya getməz. Vaxtilə Rusiya Bəşər Əsədə məhz ona görə hərbi dəstək verdi ki, bu ölkədə hakimiyyət dəyişikliyi Amerikanın istədiyi şəkildə baş verməsin. ABŞ-la Rusiyanın maraqları fərqlidir. Ona görə də bütün digər məsələlərdə olduğu kimi İran mövzusunda da Vaşinqtonla Moskva arasında razılaşma mümkün deyil. İrana qonşu olan heç bir ölkə bölgədə təlatüm və müharibə istəməz. Rusiya da bu mövqedən çıxış edir. İranda hakimiyyət dəyişikliyi Rusiyanın maraqlarına cavab vermir. Bir anlığa təsəvvür edin ki, İranda şah rejimi bərpa edildi, keçmişdə olduğu kimi Pəhləvi sülaləsi Amerikanın bütün tapşırıqlarını yerinə yetirməyə başladı. Rusiya qonşuluğunda Amerikaya müttəfiq dövlətin formalaşmasına razılaşmaz”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm