• USD 1,7000 0,00% EUR 1,9008 0,00%
    • GBP 2,1523 0,00% RUB 0,0262 0,00%

Bakı-Brüssel xəttindən “sallananlar”...

Bakı-Brüssel xəttindən “sallananlar”...

Avropa İttifaqının (Aİ) son hesabatında Azərbaycana dair müəyyən fikirlərin yer alması bəlli qrupların “Aİ Azərbaycanla sazişi insan haqlarına görə imzalamadı”, “İqtidarın planı baş tutmadı” və bu kimi ajiotaj yaratmaq cəhdinə səbəb oldu. Halbuki, bu, Aİ-nin dünyada insan haqları və demokratiya dair ənənəvi illik hesabatıdır. Hesabatda Azərbaycana kiçik bir hissə həsr olunub və bu kiçik hissənin cəmi bir abzası insan haqları ilə bağlıdır. Digər məqamlar Aİ-Azərbaycan əlaqələri və 2018-ci ildə qəbul olunmuş “Fəaliyyət planı”na uyğun atılan addımlardan bəhs edir.

Bəlli qruplar – Əli Kərimlinin timsalında “hakimiyyət sevdası” üçün hər şeyi “çıxış yolu” kimi görən radikal müxalifət isə bu hesabatı “Aİ-in Azərbaycana zərbəsi” kontekstində və özlərinin uğuru kimi təqdim etməyə çalışırlar. Və bununla özlərini gülünc vəziyyətinə də salmış oldular.

AXCP sədri iddia edir ki, Aİ-nin hesabatı Milli Şuranın müraciətinə cavabdır. Guya 28 dövləti birləşdirən, dünyanın ən böyük siyasi qütblərindən biri olan Avropa İttifaqı Azərbaycanla saziş imzalamağa hazırlaşırmış, Milli Şuranın müraciəti ilə strateji əhəmiyyətli addımlarını təxirə salıblar və bəyan ediblər ki, “Milli Şura narahatdırsa, bu saziş imzalanmamalıdır”.

Birincisi, Avropa İttifaqının Azərbaycanda nümayəndəliyi var və bu nümayəndəlik Azərbaycan hökuməti ilə aktiv əməkdaşlıq edir. Bu o deməkdir ki, Azərbaycanla bağlı hər-hansı qərar verilərkən Aİ-nin hansısa müraciətə istinad etməsinə ehtiyac yoxdur.

İkincisi, Aİ ötən il qəbul olunmuş “Fəaliyyət proqramı”na uyğun olaraq Azərbaycan hökuməti ilə birlikdə aktiv proqramlar həyata keçirir və bundan məmnunluğunu gizlətmir.

Üçüncüsü, hesabatda yer alan fikirlərdə Milli Şuranın müraciəti yaxından-uzaqdan heç bir əlaqə yoxdur.

Və Avropa İttifaqı da Azərbaycanda bir neçə min nəfərə xitab edən, ölkədə mövcud olan 5 milyon 209 min 420 seçicinin heç 1 faizini belə öz ətrafına toplaya bilməyən qüvvələrin iddialarının Azərbaycan xalqının mövqeyi olmadığını yaxşı bilir.

Burada sual yaranır: Milli Şuranın Aİ-yə etdiyi müraciətə hər-hansı cavab verilibmi? Əli Kərimlinin Milli Şuranın müraciətinin nəzərə alındığı iddiası hansısa fakta söykənirmi?

Əgər belə bir iddia ortaya atırlarsa, o zaman, bunu əsaslandıracaq fakt da açıqlanmalıdır və belə vəziyyətdə Milli Şura Aİ-nin onların müraciətinə cavabını göstərməlidir. Hərçənd, 6 mayda edildiyi göstərilən müraciətə bir cümlə ilə də olsa cavab verilsəydi, Əli Kərimli və komandası keçən 10 gün ərzində bütün sosial şəbəkə istifadəçilərini boğaza yığmışdı. Ortada heç bir fakt yoxdur, yalnız iddia var və AXCP sədrinin bu iddiaları bir sıra hədəfə hesablanıb:

- “Aİ bizə görə Azərbaycan hakimiyyətindən imtina etdi” görüntüsü yaratmaq və illərdir “hakimiyyətə gəlirik” vədi ilə yanında saxladıqlarına özünün əhəmiyyətini göstərmək;

- Digər siyasi partiyalara “real müxalifət” bizik, Avropa İttifaqı da bizi belə qəbul edir” mesajını vermək;

- Özünü və ətrafının siyasi əhəmiyyətini artırmaq;

- Ən nəhayət, Azərbaycan üçün strateji əhəmiyyətə malik olan sazişin imzalanmasının qarşısını ala biləcək bütün yollara baş vurmaq;


Sonuncu hədəf Bakı-Brüssel arasında sazişlə bağlı danışıqlar başlayandan bu günə kimi ana xətti təşkil edir.

Əli Kərimli sosial şəbəkədə şikayət edir ki, “hakimiyyət müxalifəti Aİ ilə imzalanacaq sazişə qarşı çıxmaqda ittiham edir”. Halbuki, iqtidar bütün müxalifəti yox – ölkədə konstruktiv siyasi qüvvələr də var və onlar Aİ ilə saziş məsələsində bir daha dövlətin maraqlarından çıxış edərək bunu nümayiş etdirdilər – Azərbaycanın maraqlarını öz siyasi ambisiyalarından aşağı cərgəyə qoyanları nəzərdə tutur.

Aİ ilə saziş hakimiyyətin yox, dövlətin gələcəyinə hesablanmış strategiyadır: istər iqtisadi imkanlar, istər Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, istərsə də ölkənin Avropa ailəsinə daxil olması baxımından...

Sazişin bir neçə ay ləngiməsi problem deyil, problem o olardı ki, saziş hökumətin istədiyi kimi, daha çox iqtisadi əməkdaşlıq tipli sahələri əhatə edərdi”.

Bu sözlərin müəllifi Əli Kərimlidir və o, açıq şəkildə hədəflərinin sazişin imzalanmaması olduğunu qeyd edir. Çünki sazişin imzalanması güclü və daha da inkişaf edən Azərbaycan demək, bu mənzərə isə məhz Əli Kərimlinin timsalında siyasi ambisiyalarını dövlət maraqlarından üstün tutanlar üçün faciə deməkdir. Bu baxımdan, onlar “Aİ sazişə insan haqları məsələsini daxil edəcək” kimi iddialar irəli sürür və sevinclərini gizlətmirlər. Hesab edirlər ki, bu, sazişin imzalanmaması və Azərbaycanın gələcəyinə hesablanmış strategiyanın baş tutmaması “problem nə qədər çox olarsa, bizim kürsüyə gedən yolumuz bir o qədər yaxındır” tezisinin həyata keçməsi deməkdir.

Hərçənd, Aİ Azərbaycanla əməkdaşlıq prioritetlərini illər öncə müəyyənləşdirib və bu istiqamətdə böyük yol qət edilib: iqtisadi və humanitar əlaqələr, enerji layihələri və yalnız bu kontekstdə demokratiya və insan hüquqları məsələsi.

Aİ-Azərbaycan münasibətlərində əsas prioritet iqtisadi və enerji sahəsidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində əvəzsiz tərəfdaş kimi çıxış edir və rəsmi Bakının təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi 2020-ci ildə başa çatdırılacaq. Bununla yanaşı, Azərbaycan Avropa İttifaqının nəqliyyat sahəsində də əhəmiyyətli tərəfdaşdır.

Aİ isə Azərbaycanda onlarla proqram həyata keçirib, belə proqramların hazırda 10-u davam edir, biri isə hazırlıq mərhələsindədir. İttifaq Azərbaycandakı fəaliyyətində 4 istiqamətə xüsusi diqqət yetirir: təhsil və gənclərin inkişafı, səhiyyə, regionların inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi.

Azərbaycan və Avropa İttifaqı arasında demokratiya və insan hüquqları sahəsində də dərin əməkdaşlıq mövcuddur və bu əməkdaşlıqdan hər iki tərəf razıdır.

Reallıq iddialardan tamamilə fərqlənir və Azərbaycanın gələcək inkişafına aparan bu reallığın siyasi ambisiyalarını dövlət marağından üstün tutanlar üçün faciəyə çevrilməsi o qədər də təəccüblü deyil...

Asif Nərimanlı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR