Azərbaycan regionda Avropa üçün çox mühüm ölkəyə çevrilməkdədir - Millət vəkili
Bizi izləyin

Nida Təhlil

Azərbaycan regionda Avropa üçün çox mühüm ölkəyə çevrilməkdədir - Millət vəkili

“Azərbaycan Avropada etibarlı bir tərəfdaş kimi tanınır. Azərbaycan regionda Avropa üçün, ümumilikdə, Avrasiya üçün çox mühüm ölkəyə çevrilməkdədir. Ölkəmizin Avropa üçün etibarlı tərəfdaş olması, onun imicinin yaxşılaşması Prezident İlham Əliyevin şəxsi keyfiyyətləri sayəsindədir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir: “Ölkəmiz iqtisadi, ticarət tərəfdaşı kimi hər bir partnyorunu qarşılıqlı əməkdaşlıq və səmərə əldə etmək baxımından məmnun edir. Ticarət müqavilələrini həyata keçirir. Eyni zamanda, Azərbaycan 2020-ci ildə Avropanın enerji təchizatında mühüm rol oynayacaq. Xüsusilə, mavi yanacaqla təmin olunmasında”.

Millət vəkili Azərbaycanın yerləşdiyi coğrafi məkanın önəminə də diqqət çəkib:

“Azərbaycan elə bir coğrafi mövqedə yerləşir ki, burada Avropa ilə Asiya birləşir. Beləliklə, ölkəmiz nəqliyyat-tranzit logistikasına çevrilir. Şərq və qərbi, şimal və cənubu birləşdirən bu coğrafiyamız eyni zamanda, regionda Azərbaycanın əhəmiyyətini daha da artırır. Ölkəmizin demokratik prinsiplərə söykənən siyasət həyata keçirməsi, multikultural dəyərlərin yüksək səviyydədə olması bütövlükdə büynəlxalq hüquq normalarına yüksək səviyyədə əməl etmək ölkəmizin imicini formalaşdırır, Azərbaycana marağı artırır. İnvestisiya mühitinin yaxşılaşdırılması Azərbaycanı dünyada bu cədvəl üzrə 25-ci pilləyə qaldırıb ki, bu da ölkəmizdə aparılan islahatların nəticəsidir. Biznes mühitinin, iqtisadi sferanın yüksək səviyyədə olmasını özündə ehtiva edir. Avropa üçün, həmçinin, digər dövlətlər üçün qarşılıqlı şəkildə əməkdaşlığın təmin olunmasında əsas rol oynayır. Ölkəmiz getdikcə region üçün etibarlı tərəfdaşa çevrilir. Bütün bu irəliləyişlər prezidentimizin və dövlətimizin siyasətinin uğurlu və düzgün olmasının nəticəsidir”.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Brüsseldə Şərq Tərəfdaşlığı Proqramının 10-cu ildönümü münasibətilə təşkil olunan tədbir çərçivəsində görüşü zamanı Azərbaycanı Avropa İttifaqının etibarlı, məsuliyyətli tərəfdaş kimi qiymətləndirib və Azərbaycanın regionda oynadığı rolun Aİ tərəfindən müsbət qiymətləndirildiyini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm