Avropada Bakının ayaq səsləri: Prezidentin Brüssel səfəri nələr vəd edir?
Bizi izləyin

Köşə

Avropada Bakının ayaq səsləri: Prezidentin Brüssel səfəri nələr vəd edir?

Asif Nərimanlı

Azərbaycan-Avropa İttifaqı münasibətlərinin genişlənməsi fonunda Prezident İlham Əliyevin Brüsselə səfəri xüsusi əhəmiyyət kəsb edir. Bu səfər Şərq Tərəfdaşlığı proqramının 10 illiyinə həsr olunmuş tədbirlərdə iştirak məqsədi daşıyırdı və Azərbaycan lideri ilə yanaşı, proqram iştirakçısı olan digər ölkə rəhbərləri də Avropa torpaqlarına qonaq gəlmişdi. Lakin Prezident İlham Əliyevin Brüsseldə yüksək səviyyədə qəbul edilməsi, keçirdiyi görüşlər və aparılan müzakirələr bölgədə Azərbaycanın Avropa İttifaqı üçün ikiqat əhəmiyyətindən xəbər verir.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində çəkilmiş protokol fotosu da Brüsseldə Azərbaycanın əhəmiyyətini önə çıxardı. Adətən protokol fotoları diplomatik xarakter daşıyır və liderlərin tutduğu yerlər həm də onlara və onların ölkəsinə münasibəti göstərir. Brüsseldə çəkilmiş protokol fotosunda Azərbaycan lideri ön sırada, Donald Tuskun yanında yer almışdı. Diqqətçəkən məqam Ermənistanın baş naziri Nikol Paşinyanın arxa sırada yer alması, bəzi fotolarda isə ümumiyyətlə görünməməsi idi. Bu, Azərbaycanın Aİ üçün regiondakı ən əhəmiyyətli ölkə olduğunu təsdiqləyir. Azərbaycan liderinin Avropada xüsusi qəbulu da bunu təsdiqlədi.

Prezident İlham Əliyevin işçi şam yeməyində çıxışı isə bir neçə aspektdən xüsusi diqqət çəkdi.

a) Dağlıq Qarabağ münaqişəsindən danışan dövlət başçısı Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalına və bu işğal nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşadığına diqqət çəkdi.

Bu, Azərbaycan liderinin Nikol Paşinyanın da iştirak etdiyi şam yeməyində Ermənistanın işğalçı ölkə olduğunu Avropanın diqqətinə çatdırması və işğalçı ölkəyə diplomatik masada zərbəsi idi. Ermənistanın baş nazirinin bu çıxış qarşısında müdafiə oluna bilməməsi də bunu göstərdi. Beləliklə işğalçı ölkə dünyanın önündə fakt qarşısında qaldı.

b) Prezident İlham Əliyev bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsi 25 ildən artıqdır davam edir və münaqişə yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır.

Birincisi, Azərbaycan lideri bununla Avropanın maraq göstərdiyi Cənubi Qafqaz regionunun təhlükəsizliyini təhdid edən işğal faktının uzun müddətdir davam etdiyini və bunun əsas səbəbkarının Ermənistan olduğunu diqqətə çatdırdı.

İkincisi, beynəlxalq hüququn münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini vurğulamaqla, bu hüququn təmin olunmasında əsas tərəflərdən biri kimi çıxış edən Avropa İttifaqına münaqişəyə yanaşmada tutmalı olduqları mövqeni xatırlatdı. Bu, Avropanı da fakt qarşısında qoymaq gedişi idi və Azərbaycan lideri bunu diplomatik manevrlə reallaşdırdı.

c) Prezident İlham Əliyev xatırlatdı ki, ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub.

Bununla Azərbaycan lideri Aİ-nin Dağlıq Qarabağ münaqişəsindəki mövqeyinə nöqtə qoymuş oldu və həm də işğalçı Ermənistana Avropanın önündə dərs verdi.

d) Dövlət başçısı çıxışında Azərbaycan-Avropa İttifaqı münasibətlərindən də bəhs etdi. Bildirdi ki, Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə də sıx əlaqələrə malikdir.

- Azərbaycanın Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır;

- Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və təşkilatın üzv dövlətləri ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər;

- Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunur;

Dövlətimizin başçısı Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılmasında mühüm rol oynadığını qeyd edərək ölkəmizin Avropa İttifaqı ilə nəqliyyat sahəsində də uğurla əməkdaşlıq etdiyini bildirdi.

Prezident bu fikirləri ilə Azərbaycanın regionda etibarlı tərəfdaş olduğunu və Avropa İttifaqı ilə münasibətlərdə bu etibarın daim ön planda dayandığını bəyan etdi. Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk da Azərbaycan lideri ilə eyni fikri paylaşdı.

Donald Tusk Prezident İlham Əliyevlə görüşü zamanı Azərbaycanı Avropa İttifaqının etibarlı, məsuliyyətli tərəfdaş kimi qiymətləndirdi və regionda oynadığı rolun Aİ tərəfindən müsbət qiymətləndirildiyini vurğuladı.

Azərbaycan beynəlxalq münasibətlərdə daim etibarlı tərəfdaş kimi qəbul olunub. İstər qonşu ölkələr, istərsə dünyanın digər ölkələri ilə münasibətdə həmişə bərabərhüquqlu, etibarlı münasibətlərə önəm verir. Analoji yanaşma Avropa İttifaqı ilə münasibətlərdə də sərgilənib. Aİ-Azərbaycan münasibətlərinin tarixi belə faktlarla zəngindir:

Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS): Azərbaycanla Avropa ittifaqı arasında münasibətlərin hüquqi əsasını 1996-cı ilin 22 aprelində Lüksemburqda imzalanan bu sənəd qoyub. Sənəd onu imzalayan bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə minib.

TƏS əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə Azərbaycan-Avropa İttifaqı münasibətlərinə yeni təkan verib. Bu saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən biri Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir. Azərbaycan hökuməti bu istiqamətində ciddi addımlar atıb.

Saziş çərçivəsində Azərbaycanla Avropa ittifaqı arasında mütəmadi dialoqun aparılması üçün Əməkdaşlıq Şurası, Əməkdaşlıq Komitəsi, Parlamentlərarası Əməkdaşlıq Komitəsi, Ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər üzrə Alt-komitə və Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitə kimi strukturlar yaradılıb.

Avropa Qonşuluq Siyasətinə (AQS): Avropa İttifaqı Şurasının 2004-cü ilin 14 iyun tarixli qərarı ilə Azərbaycan qonşuluq siyasəti proqramına qəbul olunub. Münasibətlərin inkişafına təkan verən bu addımdan sonra Azərbaycanın mühüm dividendlər əldə etdi: Avropa İttifaqı bazarlarında paya sahib olmaq; ittifaqı ölkələri ilə dialoqun genişləndirilməsi və güzəştli ticarət əlaqələri; ölkəyə sərmayə axınının təmin edilməsi; Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istiqamətində dəstək və s;

Fəaliyyət Planı: Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planı adlanan bu sənəd 2006-cı ilin 14 noyabr tarixində Brüsseldə keçirilən Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasında qəbul olunub. Bu, Azərbaycan-Aİ münasibətlərinin yüksək mərhələyə daxil olması deməkdir.

Azərbaycan bu proqramlar çərçivəsində qarşılıqlı razılıqla əldə olunan işləri uğurla həyata keçirib. Bunun fonunda, Avropanın nəqliyyat və enerji sahələrinin inkişafında mühüm rol oynayıb.

“Yeni İpək Yolu”: TRACECA adlanan bu proqram Mərkəzi Asiya, Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrinin inkişafını nəzərdə tutur.

Azərbaycanın bu proqramın həyata keçirilməsi istiqamətində atdığı ən mühüm addımlardan biri Bakı-Tbilisi-Qars dəmiryolu layihəsidir. Bu, Prezident İlham Əliyevin Brüsseldəki çıxışı zamanı bəhs etdiyi nəhəng Şərq-Qərb nəqliyyat dəhlizinin əsas hissələrindən biri hesab olunur. Şərq-Qərb nəqliyyat dəhlizi Çin-Qazaxıstan-Xəzər Dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə (yaxud Qara Dəniz)-Avropa marşrutu üzrə hərəkət edir, Çindən Avropaya və əks istiqamətə yüklərin daşınmasını nəzərdə tutur. Bu layihə Çinin irəli sürdüyü “Bir kəmər-bir yol” layihəsində Orta Dəhliz adlanan hissəni təşkil edir və Azərbaycan bu layihədə ən mühüm tərəfdaşlardandır. Məhz Azərbaycan liderinin siyasi iradəsi ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Şərq-Qərb nəqliyyat dəhlizinin, ümumilikdə “Bir kəmər-bir yol” layihəsinin həyata vəsiqə almasını sürətləndirdi.

Avropanın xilası: Avropa enerji təminatını şaxələndirmək üçün müxtəlif yollar axtarışında olarkən ilk döydüyü qapılardan biri Bakı idi. Əvvəlcə “Nabucco” layihəsi irəli sürülmüşdü. Bu, həm bahalı, həm də geosiyasi baxımından o qədər də sərfəli deyildi, ona görə də layihənin həyata keçirilməsi çətinləşir, Avropa isə enerji təminatında asılılıqdan xilas olmaq arzuları puç olurdu. Bu mənzərədə Azərbaycan lideri “Nabucco”dan daha sərfəli və daha real olan təşəbbüslə çıxış etdi: “Cənub Qaz Dəhlizi” layihəsi. Bu layihə irəli sürüləndə çoxlarına xəyal kimi görünsə də Azərbaycan liderinin siyasi iradəsi və Azərbaycanın bir dövlət kimi etibarlı mövqeyi xəyalları gerçəkləşdirdi.

Layihə 4 seqmentdən ibarətdir – “Şahdəniz – 2”, Cənubi Qafqaz boru kəməri, Trans Anadolu Təbii Qaz Kəməri (TANAP) və Trans Adriatik Boru kəməri (TAP).

Birinci seqment: “Şahdəniz” yatağının ehtiyatları 1,4 trilyon kubmetr hesab olunur. Yatağın ilkin fazası “Şahdəniz -1” 2006-cı ildə istifadəyə verilib və ildə 9 milyard kubmetr təbii qaz istehsal edir. “Şahdəniz – 2” isə yatağın əsası hissəsini təşkil edir. İlkin istismar 16 milyard kubmetr nəzərdə tutulur. Bunun 6 milyard kubmetri Türkiyənin daxili istehsalına sərf olunacaq, yerdə qalanı isə Avropaya ötürüləcək. Lakin bu, Azərbaycanın təbii qaz ehtiyatlarının yalnız bir hissəsidir. Ümumilikdə qaz ehtiyatlarımız 2,6 trilyon kubmetr həcmində qiymətlədirilir.

İkinci seqment: Cənubi Qafqaz boru kəmərinin (Bakı-Tiflis-Ərzurum) inşası 2006-cı ildə yekunlaşdırılıb. 691 kilometr uzunluğu olan kəmərin 443 kilometri Azərbaycan, 248 kilometri isə Gürcüstanın payına düşür. Səngəçal terminalından başlanğıcını götürən kəmər Türkiyə-Gürcüstan sərhədində tamamlanır.

Üçüncü seqment: TANAP Türkiyə-Gürcüstan sərhədində yerləşən Ərdəhan vilayətindəki Posof mahalının Türkgözü kəndindən başlayaraq Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Ədirnə olmaq üzrə 20 vilayət, 67 mahal və 600 kənddən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala mahalında yekunlaşır və bu nöqtədən etibarən TAP-a bağlanacaq. TANAP 10-11 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

Dördüncü seqment: TAP Cənub Qaz Dəhlizi layihəsində yekun mərhələdir. Türkiyə-Yunanıstan sərhədindən başlayaraq Adriatik dənizinin dibi ilə qazı daşıyacaq kəmər Albaniya ərazisindən keçərək İtaliyaya qədər uzanacaq. 20 milyard kubmetr həcmində nəzərdə tutulan kəmərin yükgötürmə qabiliyyəti sonrakı illərdə artırıla bilər.

Layihənin üç seqmenti başa çatdırılıb, dördüncü seqment olan TAP-ın inşasında 87 faiz iş görülüb, qalan işlər 2020-ci ildə tamamlanacaq.

Faktlar Azərbaycanın etibarlı tərəfdaş kimi daim Avropa İttifaqı ilə münasibətlərə böyük töhfə verdiyini təsdiqləyir. Bunun nəticəsidir ki, hazırda Avropa İttifaqı və Azərbaycan arasında yeni tərəfdaşlığa dair sazişin hazırlanması üzərində iş aparılır. Bu sazişdə əsas müzakirə mövzusu məhz enerji və ticarət məsələləridir. Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaş olan Azərbaycan yeni sazişdə öz vətəndaşlarının və şirkətlərinin maraqlarını qorumağı əsas hədəf seçib. Brüssel də Bakının maraqlarına xüsusi əhəmiyyət verir.

Əsas məqamlardan biri isə Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünə dəstəyidir. Bu, Aİ-nin rəsmi sənədlərində öz əksini tapır:

- 2017-ci il qəbul olunan Şərq Tərəfdaşlığı Brüssel Zirvə bəyannaməsində tərəfdaş ölkələrin hər birinin suverenliyinin, ərazi bütövlüyünün təmin edilməsi və sərhədlərinin toxunulmazlığı yer alır;

- 2018-ci ildə Prezident İlham Əliyevin Avropa İttifaqının mənzil qərargahına səfəri zamanı paraflanmış “Tərəfdaşlıq Prioritetləri” adlı sənəddə Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini açıq şəkildə ifadə edib;

Azərbaycan-Avropa İttifaqı münasibətlərində bu məqam xüsusi yer tutur və rəsmi Bakı bütün imkanlardan məhz ərazi bütövlüyümüzün bərpası üçün istifadə edir. Prezident İlham Əliyevin Brüssel səfəri və keçirdiyi görüşlər də Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığın möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan liderinin həyata keçirdiyi siyasətin əsas hədəfi milli maraqların qorunması, ölkəmizin mövqelərinin güclənməsidir və dövlət olaraq buna nail oluruq...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm