• USD 1,7000 0,00% EUR 2,0614 +0,23%
    • GBP 2,3949 -0,17% RUB 0,0236 0,00%

Torpaqlarımız niyə işğal olundu? - AXC-nin məxfi iclasının SENSASİON PROTOKOLU

Torpaqlarımız niyə işğal olundu? - AXC-nin məxfi iclasının SENSASİON PROTOKOLU

Elçibəy iqtidarında baş nazir olmuş Pənah Hüseynin Dövlət Müdafiə Komitəsinin məxfi iclasının protokolunu gün üzünə çıxarması 1990-cı illərdə ölkədə baş verənlərə yenidən işıq tutdu. 4 iyun qiyamından 8 gün öncə prezident Əbülfəz Elçibəyin rəhbərliyi ilə keçirilən iclasda danışılanlar ölkədə əsl xaosun yaşandığını, rəhbərliyin vəziyyətə nəzarət edə bilmədiyini, ordu içində qruplaşmaların bir-birinə qarşı döyüşdüyünü və saydıqca bitməyən problemləri ortaya çıxarır. Və bu protokol erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarını niyə işğal etdiyini, 90-cı illərin tariximizə niyə qara təqvim olaraq düşdüyünü, xalqın xilas üçün niyə məhz Heydər Əliyevə üz tutduğunu da təsdiqləyir.

26 may 1993-cü ildə keçirilən Dövlət Müdafiə Komitəsinin iclasının protokolu göstərir ki, həmin vaxt hakimiyyət devrilməsinə 8 gün qalmış belə vəziyyətə nəzarət edə bilməyib, ölkədəki riskləri və təhlükələri dəyərləndirə bilməyib, prezidentə düzgün məlumatlar verilməyib, yaxud da ölkə rəhbəri qeyri-adekvat davranıb.

Fərarilik, hərbi qruplaşmaların xalqı incitməsi və hakimiyyətin laqeydliyi

İclas Rusiya qoşunlarının Azərbaycandan çıxarılması məsələsi ilə başlayır, ardınca ordudakı vəziyyət və Türkiyədən gələn təlimatçılar müzakirə olunur. Daha sonra ordunun çağırışçı problemi ilə üzləşdiyi deyilir.

Dövlət katibi olan Əli Kərimli çağırış planının yerinə yetirilmədiyini etiraf edib.

Ə.Kərimov: 13 rayonda çağırış planı yerinə yetirilməyib. Həmin rayonların rəhbərliyi haqqında tədbirlər görülməlidir.

Abdulla Allahverdiyev (Daxili işlər naziri): .... çağırışdan boyun qaçıranların sayı çoxdur. Bununla bağlı Baş prokurorla razılaşmışıq ki, qanuna uyğun şəkildə materiallar toplanaraq istintaq aparılsın və çağırışdan yayınanlar cinayət məsuliyyətinə cəlb olunsunlar. Çağırışçı gənclərin bir qrupu Dağıstana keçib orada xidmət edirlər. .... hazırda şəxsi heyəti 90 nəfərdən ibarət olan 1 batalyon var. Onu tam komplektləşdirib hazır vəziyyətdə saxlamaq lazımdır. Qazıməmməddə Daxili Qoşunların yaşayış yeri ilə bağlı problemler var, o da yaxın zamanda həll olunacaq. Daxili Qoşunlarda şəxsi heyətin sayı nəzərdə tutulduğu kimi 12 min yox, cəmi .... mindir. Burada da komplektləşmə getməlidir.

Ə.Kərimov: Daxili və Sərhəd Qoşunlarının şəxsi heyətin komplektləşməsinə tələbatı var. 13 rayonda 1000 nəfər çağırışdan kənarda qalıb, …. nəfər fərari var. Həmin fərarilərdən ….. nəfəri Fəhmin Hacıyev tərəfindən tutulub. Qeyd edilən rayonlarda səy göstərilsə Daxili Qoşunların və Sərhəd Qoşunlarının tələbatı tam ödənə bilər.

A.Allahverdiyev: Fövqəladə Vəziyyətin vaxtı iyunun 2-də qurtarır. Gəncədə və s. yerlərdə FV rejiminin tətbiq olunması müsbət qarşılanır. Gəncədəki diviziya, Seyfəlidə və Hacıkənddəki hərbi hissələr camaatda narazılıq yaradır. Həmin hərbi hissələrin Surət Hüseynovla əlaqəsi var.

Dadaş Rzayev (müdafiə naziri): Surətin Murovda heç nəyi yoxdur. Orada 701-ci briqada və 1 batalyon var,….. nəfərdir. Onları da 45-ci hərbi hissəyə göndərmişik. Surətin Seyfəlidə 1 batalyonu var (komandiri podpolkovnik Eldar Əliyev).

A.Allahverdiyev: FV rejimi saxlanılsa Gəncədə və Mingəçevirdə işlər qaydasında olar.

D.Rzayev: Lənkəranda da Əlikram Hümbətov öz işilə - vəziyyəti qarışdırmaqla məşğuldur.

İsa Qəmbər: Sabah MM-də FV müzakirə olunacaq. Ona görə də bu gün və ya sabah FV haqqında fərman verilməlidir.

Ə.Elçibəy: Avropa Şurasında da bu məsələyə müsbət baxırlar. Onlar da qeyd edirlər ki, əgər yeni yaranan dövlətlərdə FV rejiminin tətbiqi vətəndaş sülhünə kömək edirsə, bu variant istisna olunmamalıdır. FV-n nə qədər uzadılmasını təklif edirsiniz?

Sonda fövqəladə vəziyyətin iki ay uzadılması qərarı verilir.

Göründüyü kimi, hakimiyyət vəziyyətə nəzarət edə bilmir, lakin ən təəccüblüsü odur ki, ölkədə acınacaqlı durumun olmasına, dövlətin təhlükə altına düşməsinə baxmayaraq, iclasdakılar sanki məişət məsələlərini müzakirə edirmiş kimi davranır, sonda da çıxış yolu kimi fövqəladə halın uzadılmasını seçirlər.

Torpaqlarımız işğal edilir, icra başçıları ilə komandirlər “kimdir ağa” davası edir

Məxfi protokol təsdiqləyir ki, ölkənin prezidenti Elçibəy vəziyyətə nəzarət edə bilmədiyi kimi, ona cəbhədəki vəziyyətlə bağlı da yanlış informasiyalar verilir. Erməni hərbi birləşmələri torpaqlarımızı işğal etdiyi halda rayon icra hakimiyyəti rəhbərləri ilə batalyon komandirləri bir-birinə hücum edir.

Ə.Elçibəy: Hərbi rabitə sistemində çalışanları ciddi nəzarətdə saxlamaq lazımdır. Çünki onlar bəzi hallarda açıq danışırlar və ermənilər bundan istifadə edir. Kəşfiyyatın xarici mənbələrdən əldə etdiyi məlumata görə ermənilərin Ağdərə istiqamətində hücumu gözlənilir. Onlar Umudlu kəndindən Talış kəndinə yol çəkirlər. Buna nəzarət edilirmi? Orduda nizam-intizam məsələsinə ciddi fikir verilməlidir.

Fəxrəddin Təhməzov: İki aya yaxındır Füzulidə yerləşdirilmiş Sərhəd Qoşunlarını artıq əvəz etmək lazımdır. Baxmayaraq ki, onların narazılığı yoxdur. Amma indi həmin istiqamətdə sakitlik olduğundan onlar dislokasiya yerinə dönüb öz funksiyalarını həyata keçirməlidir.

D.Rzayev: İyunun 15-də ehtiyat batalyonları hazır olacaq və o zaman Sərhəd Qoşunları əvəz ediləcək. Cəbhənin Gədəbəy istiqamətində vəziyyət sabitdir. Hələlik bir şey gözlənilmir. Zonada ciddi hərəkətlilik yoxdur. Murov-Ağdərə istiqamətlərində ermənilər Ağdərə və Şaumyankəndi ələ keçirmək istəyirlər. Bu barədə sonra ətraflı danışarıq. Ağdam-Füzuli-Cəbrayıl istiqamətində Ağdama hücum gözləyirik və buna hazırıq. O istiqamətdə kəşfiyyatımız işləyir. Qalan istiqamətlərdə düşmən hücumunun elmi-hərbi əsası yoxdur. Qubadlı-Zəngilan hərbi hissələrinin zabitlərini yığmışdıq. Onların yaxşı təklifləri var. Əsas narahatlıq Ağdərə zonası ilə bağlıdır. Hərbi kollegiyada qərara gəldik ki, 3-cü korpus yaradılsın. Bu korpus özündə Ağdam-Ağdərə-Murov hərbi hissələrini birləşdirəcək. Birinci korpusa komandir polkovnik İsa Sadıxov, üçüncü korpusa isə polkovnik A.Salahov təyin olunub.

Halbuki, sonrakı hadisələr AXC-Müsavat iqtidarında hərbi-siyasi rəhbərliyin cəbhədəki vəziyyətdən xəbərsiz olduqları və vəziyyəti düzgün dəyərləndirə bilmədiklərini təsdiqlədi. Nəticədə erməni işğalı davam etdi. Düşmən torpaqlarımızı işğal edəndə hakimiyyət əsas gücünü daxili çəkişmələrə yönəltmişdi.

İ.Qəmbər:
Ağdərə istiqamətində müdafiə üçün hansı tədbirlər görülür?

D.Rzayev: Goranboyda 2 batalyon yaradılır. Komandirləri Rasim Əkbərov və Valeh Əliyevdir.

İ.Qəmbər: Rasim Əkbərovla Goranboyun icra başçısı Maşallah Abdullayev konfliktdədirlər. Belə təyinat olmaz.

Ə.Kərimov: Rayonda Rasimdən ciddi narazılıq var və Maşallahla aralarında düşmənçilik davam edir.

İxtiyar Şirinov (Baş prokuror): Rasim …, onu batalyon komandiri təyin etmək yaramaz.

A.Allahverdiyev: İşi elə aparmaq lazımdır ki, komandirlərlə rayon İHB-ları arasında narazılıq olmasın.

Ə.Elçibəy: Rayon İHB-ları yaxşı işləyəndə belə məsələlərə yer qalmır.

Ə.Kərimov: Hansı rayonda İHB-ları ilə komandirlərin münasibətləri normal deyilsə, münaqişə varsa, orada iş getmir.

İ.Qəmbər: Ağdərə-Goranboy istiqamətində vəziyyət ciddi olduğundan orada konfliktə yol vermək olmaz.

Məsələ açıq qalır, rayon rəhbərləri ilə komandirlərin münasibətlərindəki problemin həlli ilə bağı heç bir qərar verilmir, əvəzində mövzu sürətlə dəyişdirilir.

İclasın protokolu təsdiqləyir ki, ordunun təchizatında ciddi problemlər var, lakin hakimiyyət bu məsələni o qədər də ciddiyə almır.

Məlum olur ki, ordunun cəmi 255 tankı var, onun da 140 sıradan çıxmış vəziyyətdədir. Hərbi Hava Qüvvələrində ciddi problemlər var. Hərbi texnika ilə bağlı problemlər müzakirə olunsa da, bunun aradan qaldırılması ilə bağlı konkret addımlar atılmayıb. Bununla yanaşı, orduda intizamsızlıq hökm sürür.

Yaşar Paşa (Elçibəyin hərbi məsələlər üzə müşaviri): Bu anda Azərbaycanın bəzi hərbi əməliyyatlar aparmağa taqəti yoxdur. Belə müdafiədən qorxuram və arxayınçılığa son qoyulmalıdır. Daim hazır vəziyyətdə olmalıyıq... Düşündüyümüz işləri həyata keçirə bilsək, avqustun sonunda hər şeydən danışmaq olar. Hazırda orduda arxayınçılıq və intizamsızlıq var. Bunu aradan qaldırmaq lazımdır.

Qalsın bayramdan sonraya..., yaxud xalq niyə Heydər Əliyevi istəyirdi?

Protokolda bütün bu problemlərin olduğu və cəbhədə müharibənin getdiyi vaxtda hakimiyyətin Sürət Hüseynov təhlükəsini düzgün qiymətləndirmədiyi də təsdiqini tapır.

Əbülfəz Elçibəy: Seyfəlidə Surətin bir hissəsi var. Verilən məlumata görə orada atışmada 3 nəfər bir-birini öldürüb.

Dadaş Rzayev: Seyfəlidə bizə tabe olan bir batalyon var.

Əli Kərimov: İndi bəzi batalyon komandirləri Gəncədə Hərbi Birlik yaradıb imza atırlar ki, Surətə tabedirlər. Bu adamlar tezliklə ordudan təcrid olunmalıdır.

A.Allahverdiyev: Getdikcə nüfuzdan düşürük ki, niyə o hərbi hissə ilə bacarmırsınız. Son vaxtlar Surətə yaxın cinayətkar ünsürlər Hacıkəndə yığışırlar. Bu məsələni birdəfəlik qurtarmaq lazımdır.

Əli Kərimov: Bunların çoxu komandirlərdir. Onlar operativ şəkildə hərbi hissələrdən təcrid edilməlidir.

İsa Qəmbər: Bayramdan sonra bu məsələ həll olunmalıdır.

Əbülfəz Elçibəy: Surət Hüseynovun dəstəsinin özbaşınalığı, törətdiyi cinayətlər Azərbaycan dövlətinə və onun nüfuzuna ciddi zərər verib. İndi də o həddə çatıblar ki, dövlət komissiyasını hərbi hissəyə buraxmırlar. Ona və onun ətrafındakı cinayət əməlləri ilə məşğul olanlara Azərbaycan dövlətinin qüdrəti göstərilməli və özbaşınalığa son verilməlidir. Ordu vahid mərkəzdən idarə olunmalı, bütün hərbi hissələr Müdafiə Nazirliyinə tabe etdirilməlidir. Azərbaycan dövlətinin müstəqilliyinə qarşı çıxan şəxsi doğma qardaşım olsa belə onu bağışlaya bilmərəm. 709-cu briqada dövlətə tabe etdirilməli, törətdiyi cinayətkar əməllərə və fəaliyyətinə görə Surət Hüseynov ya həbs edilməli, ya da məhv olunmalıdır.

Elçibəy bunu etmək istəyirdi, lakin həm özünün tutduğu posta qeyri-adekvat olması, həm də komandasının ona düzgün məlumat verməməsi və digər səbəblər hakimiyyətin itirilməsi ilə nəticələndi. Protokolda ən diqqətçəkən məqam isə bütün problemlərin həlli üçün addımların atılmasının təxirə salınması, İsa Qəmbərin dediyi kimi “bayramdan sonraya saxlanılması”dır. Bu və protokolda ortaya çıxan digər faktlar həmin vaxt Azərbaycan torpaqlarının niyə işğal edildiyinin, ölkənin niyə acınacaqlı vəziyyətə düşdüyünün səbəbini ortaya çıxarır: Özbaşınalıq, səlahiyyətli şəxslərin hər birinin özünə ordu yaratması, prezidentin qərarlarının icra edilməməsi və dövlət rəhbərinə yalan məlumatların verilməsi, qeyri-peşəkarlıq və məsuliyyətsizlik və s.

Səbəblər onlarla deyil, yüzlərlə və daha çoxdur. Nəticə olaraq, 4 iyunda Sürət Hüseynov qiyama başladı, Gəncə bölgəsində hakimiyyəti ələ keçirən silahlı qruplaşma Bakıya doğru hərəkətə keçdi və ölkə vətəndaş müharibəsinin astanasına çatdı. Yeganə çıxış yolu Heydər Əliyevin dəvət edilməsi idi. Bunu xalq da bilirdi, Elçibəyin özü də. Yalnız Heydər Əliyev Bakıya gələndən, vəziyyətə nəzarəti ələ alandan sonra Azərbaycan dövləti bu bəlalardan xilas oldu. Və bütün bu faktlar xalqın məhz Heydər Əliyevin hakimiyyətə qayıdışını və ölkəyə rəhbərlik etməsini niyə istədiyinin səbəblərini bir daha aydınlaşdırır: Azərbaycanı yalnız o xilas edə bilərdi və etdi də...

Asif Nərimanlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR