Azərbaycanla müharibə başlayır və... - İrəvanın QARABAĞ PLANININ ŞOK PƏRDƏARXASI
Bizi izləyin

Nida Təhlil

Azərbaycanla müharibə başlayır və... - İrəvanın QARABAĞ PLANININ ŞOK PƏRDƏARXASI

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan Xarici işlər nazirlərinin növbəti görüşü ərəfəsində cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. İyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.

Bu, Ermənistanın ordusunun son bir neçə gündə ikinci belə təxribatıdır. Belə ki, 30 may tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törətmişdi. Müdafiə Nazirliyinin məlumatına görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olmuşdu.

Sabiq diplomat, siyasi şərhçi Fikrət Sadıqov məsələ ilə bağlı Publika.az-a açıqlamasında bildirir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüş keçiriləcəyi ərəfədə Ermənistan ordusunun təmas xəttində təxribat törətməsi bir həqiqətdir və burada başqa bir məqam var:

“İrəvan tələb edir ki, Dağlıq Qarabağ separatçıları müzakirələrdə iştirak etsin. Baxın, əsgərimiz Tərtər istiqamətində qətlə yetirilib. Deməli, ona Dağlıq Qarabağ ərazisindən atəş açılıb. İrəvan bununla bildirmək istəyir ki, görürsünüz, Dağlıq Qarabağ da fəaliyyətdədir, separatçılar canlı qüvvədir, onlarla hesablaşmaq lazımdır, onlar da danışıqlarda iştirak etməlidir. Ermənilər parçalanmış cəmiyyətlərini bir araya gətirmək istəyirlər. Bu addımlar düşünülmüş təxribatdır. Ermənistanın zənnincə, Azərbaycan bu təxribatlara cavab verəcək. Bu onlara ona görə lazımdır ki, cəmiyyətlərində birlik yaratsınlar. Çünki Ermənistanda son aylarda ziddiyyətli və qalmaqallı vəziyyət yaranıb. Hətta bir sıra dairələr baş nazir Nikol Paşinyanın nəzarətindən çıxıb. Onlara da lazımdır ki, Azərbaycanla müharibə başlasın, erməni cəmiyyəti də birləşib vahid düşmənə qarşı mübarizə aparsınlar. Ermənilər bir-birilərinə qarşı deyil, xarici düşmənə qarşı vuruşsun. Mən bunu bir ehtimal kimi irəli sürə bilərəm. Lakin Ermənistan başa düşməlidir ki, Azərbaycanın səbri tükənəcək və bunun cavabını on qat artıq qaytaracaq”.

Politoloq bildirir ki, hazırda ən yaxın müttəfiqi olan Rusiya belə Ermənistanı ələ salmaqdan çəkinmir:

“Baş nazir Dmitri Medvedevin İrəvan səfərindəki Paşinyana kinayəli zarafatını xatırlayın. Ermənistan başa düşür ki, danışıqlar prosesi onların xeyrinə başa çata bilməz. Danışıqlar onları qane etmir. Azərbaycan isə həm hərbi, həm də diplomatik potensialını inkişaf etdirərək hücum mövqeyində dayanıb”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm