“Siyasi ölüm” qapıda: maaş artımı partiya sədrini depressiyaya saldı
Bizi izləyin

Nida Təhlil

“Siyasi ölüm” qapıda: maaş artımı partiya sədrini depressiyaya saldı

Prezident İlham Əliyevin islahatlar yolu ilə başlatdığı sosial inqilabın növbəti mərhələsinə start verildi. Müəllimlərdən tutmuş hərbi qulluqçulara, özəl və dövlət sektorunda çalışanlara qədər 2 milyondan artıq vətəndaşın əmək haqqının 40 faiz artması ilə nəticələnən sərəncamlar cəmiyyət tərəfindən sevinclə qarşılandı. Xüsusilə minimum əməkhaqqının 40 faiz artırılaraq, 180 manatdan 250 manata çatdırılması ölkədə yaşayış səviyyəsinin yüksəlməsinə birbaşa təsir edən qərardır.

Vətəndaşlar sevinir, çünki onlar haqqı olan həyatı yaşamağa layiqdirlər və Prezident məhz bu həyat şəraitini yaratmaq üçün ard-arda inqilabi addımlar atır. Məqsəd xalqın sosial rifahının daha da yaxşılaşdırılmasıdır və dövlət başçısının atdığı addımlar bir daha sübut edir ki, “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisi prioritet istiqamətdir. Gözlənildiyi kimi, bu islahatlar davam edəcək. Prezident İlham Əliyev ilin əvvəlində açıqladığı sosial paketin hədəfi də məhz budur.

Bu sosialyönümlü addımlar həm də siyasi mahiyyətin növbəti dəfə ortaya çıxmasına səbəb oldu: Prezident xalqın yaxşı yaşaması üçün inqilabi qərarlar verir, siyasi müxalifətsə “xalqın problemləri siyasi Olimpə gedən yolda bizim üçün tramplindir” tezisini irəli sürməyə davam edir və beləliklə, siyasi mənzərə xalq üçün çalışanlar və xalqın problemi üzərindən siyasi qazanc əldə etməyə çalışanlar olmaqla ikiyə ayrılır.

Xalq üçün çalışanlar real addımlarla məqsədlərini ortaya qoyur. Təkcə bu ilin ilk yarısında sosial rifahın yüksəlməsinə hesablanan iki qərar bunu nümayiş etdirdi.

Xalqın pis günü üzərindən siyasi qazanc əldə etməyə çalışanlar da məlumdur və onlar hər fürsətdə öz mahiyyətlərini ortaya qoymaqdan çəkinmirlər.

AXCP sədri Əli Kərimli də əmək haqlarının artımına münasibətilə növbəti dəfə xalq üçün hansı kateqoriyaya aid olduğunu təsdiqlədi.

Prezidentin sərəncamlarından dərhal sonra sosial şəbəkədəki “tribunasına” çıxan Kərimli təcili şəkildə sosialyönümlü addımları kiçiltmək cəhdləri etdi. Və ən diqqətçəkən məqam AXCP sədrinin vətəndaşlara “sənin sosial rifahının yaxşılaşması sənin xeyrinə deyil” tipli çağırışlar etməsi, dövlətin vətəndaşı üçün etdiyi hər müsbət işdə art niyyət axtarmaq mərəzidir.

Heç də təəccüblü deyil, əgər bir siyasətçi kiçik həcmli mitinq keçirib, sonra dövlətin vətəndaşı üçün aylar öncədən hazırladığı proqramları bu mitinqlə bağlayırsa, deməli, ortada kliniki vəziyyət var və həmin siyasətçidən normal mövqe gözləmək ən yaxşı halda öz ağlına şübhə etmək deməkdir.

“19 yanvar mitinqində və ondan sonrakı mitinq tələblərində mübarizə əzmini nümayiş etdirmiş xalqımız rejimə başa sala bilib ki...”.

AXCP sədrinin son sərəncamlara münasibətdə də köhnə val kimi eyni fikri təkrarlaması onun düşdüyü vəziyyəti təsəvvür etməyə imkan verir. Ortada uzun illərin siyasi uğursuzluğundan doğan psixoloji depressiyanın əlamətləri var. Və bu yanaşma həm də son sərəncamların bu siyasətçi üçün hansı nəticələr doğuracağını da aydınlaşdırır.

AXCP sədri yaxşı anlayır:

- Onun “rejim” dediyi hakimiyyət atdığı addımlarla dövlət-vətəndaş birliyini gücləndirir və bu birlik onun heç arzulamadığı mənzərədir.

- Xalq ona boş vədlər verənlərlə yox, onun rifahı üçün çalışanlarla birlikdədir.

- Son sərəncamlar xalqın Prezidentə dəstəyini daha da artıracaq və bu, “virtual lider”lərin, elə Kərimlinin də siyasi karyerasını təhlükə altına atır.

- Və nəhayət, Prezidentin vətəndaşlar üçün sosial inqilaba start verməsi Kərimlinin “siyasi ölümünü” bir az da yaxınlaşdırdı.

Ona görə yox ki, AXCP sədri siyasi hakimiyyətə opponent olmaq gücündədir və proseslərin onunla bir əlaqəsi var, bu haqda söhbət belə gedə bilməz, ona görə ki, dövlətin vətəndaşını düşünməsi və sosial rifahın yüksəlməsi ilə nəticələnən real addımlar Kərimlinin “problemlər üzərindən siyasi qazanc əldə etmək” xəyallarını alt-üst edir. Halbuki, onun nə xəyalları var idi: "əmək haqları sürətlə düşəcək, ölkədə iqtisadi böhran yaranacaq, vətəndaş qarşıdurması baş verəcək və o, hakimiyyəti götürəcək".

Əmək haqları sürətlə yüksəlir, ölkədə iqtisadi inkişaf artır, vətəndaşların həyat səviyyəsi yüksəlir və bütün bunlar onun “siyasi dəfnini” hazırlayır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm