ASALA Tbilisi küçələrində, Kiyevdə olduğu kimi... - Ermənilərin TƏHLÜKƏLİ HÜCUMU
Bizi izləyin

Nida Təhlil

ASALA Tbilisi küçələrində, Kiyevdə olduğu kimi... - Ermənilərin TƏHLÜKƏLİ HÜCUMU

Tbilisidə başlayan aksiyalar artıq 3 gündür davam edir. Hələlik etirazçıların tələbləri – hökumətin istefası, proporsional seçki sisteminə keçid və növbədənkənar parlament seçkisi – yerinə yetirilməsə də, gürcülərin küçələrə çıxışını təmin edən “rəngli inqilab” ssenaristlərinin hədəflərinə nail olduqlarını deyə bilərik: Rusiyaya loyallıq cəzalandırılacaq!

Gürcüstan parlamentinin qarşısındakı aksiyaların əsas məqsədi budur. Son dövrlər gürcü hakimiyyətinin Rusiya ilə münasibətdə əvvəlki radikallığı nümayiş etdirməməsi, İvanişvilinin timsalında müəyyən təmasların bərpa edilməsi Gürcüstanda “qala quran” ABŞ-ın maraqlarına uyğun gəlmirdi, xüsusilə Vaşinqtonun Ermənistanı çətiri altına alması və Cənubi Qafqaza regional planlarında platforma olaraq baxması fonunda Tbilisidəki aksiyalar təsadüfi deyil.

Tbilisidə parlament binasında keçirilən Pravoslav Parlament Assambleyasının 26-cı sessiyasının plenar iclasına Rusiyanı təmsil edən kommunist Sergey Qavrilovun sədrlik etməsi və parlament sədrinin kürsüsündə əyləşməsi etiraza səbəb oldu. Daha sonra etirazlar kütləvi aksiya mərhələsinə keçdi və hələ də başa çatmayıb.

Aksiyalar nəticəsiz başa çatsa belə, hərçənd, belə olacağını demək çətindir, bundan sonra Rusiyaya istənilən loyallıq ciddi ictimai qınağa səbəb olacaq və Gürcüstanda istənilən hakimiyyət bundan çəkinəcək.

Baş verənlər geosiyasi qarşıdurmanın elementi olaraq görünür, lakin bu qarşıdurmada ermənilərin hansı rolu oynadığı və nəyə nail olmaq istədiyi xüsusi xətt olaraq seçilir.

Gürcüstan mediası yazır ki, parlament binasını güc yolu ilə tutmaq istəyənlər arasında erməni əsilli təxribatçılar da olub. Onlardan biri Ermənistan vətəndaşı olan Minas Minasyan gürcü polisi tərəfindən saxlanılıb. Minasyanın saxlanılmasından dərhal sonra Ermənistanın Xarici İşlər Nazirliyi məsələyə müdaxilə edib və onun azad olunması tələbini irəli sürüb.

Artıq iki gündür Ermənistan Minasanyanın azad olunması üçün yüksək diplomatik təmaslardan istifadə edir və bu canfəşanlıq diqqət çəkir. Hər halda başqa dövlətin parlament binasını ələ keçirməyə çalışan şəxs adi vətəndaş deyil və onun azad olunması üçün göstərilən səy də təsadüfi hesab edilməməlidir. Gürcü mediası da Minasyanın erməni xüsusi xidmət orqanlarına bağlı olduğu versiyasını önə sürürlər.

Belə görünür ki, Qərbin Tbilisidə ruslara qarşı demarşından erməni diasporu/lobbisi öz maraqları kontekstində istifadə etməyə çalışır, Kiyevdə olduğu kimi...

2014-cü ildə Ukraynada Maydan hadisələri zamanı hələ də gizli fəaliyyət göstərdiyinə dair informasiyaların olduğu ASAL-a terror təşkilatının üzvləri aktiv rol oynayırdılar. Təşkilatın üzvlərindən olan Sergey Niqoyan polislərə “molotov kokteyli” ilə hücum edərkən öldürüldü və onun ölümü xalqın qəzəbini daha da körüklədi. Nəticədə Yanukoviç devrildi və ermənilər Ukraynanın yeni idarəçiliyində əhəmiyyətli pay əldə etdilər. Əlində güclü ordu saxlayan daxili işlər naziri Arsen Avakov bunun ən bariz nümunəsidir. Poroşenko yerini Zelenskiyə versə də, Arsen postunda qalmağa davam edir. Belə demək mümkünsə, bu, erməni diasporu\lobbisinin geosiyasi proseslərdə əldə etdiyi pay idi.

Tbilisidə parlament binasının tutulmasında ermənilərin iştirakı da Maydan ssenarisinin Gürcüstanda həyata keçirildiyini deməyə əsas verir.

Və ən diqqət çəkən məqam Tbilisidə erməni hücumunun Cavaxetiyada erməni millətçilərinin yenidən ayaqlanmasından təxminən iki həftə sonra baş verməsidir.

İyunun 6-da Cavaxetiyada erməni millətçiləri gürcü polisi ilə qarşıdurma yaratdı və dərhal Ermənistan mediası “Tbilisinin diqqətinə: Cavaxetiyadan əllərini çək - ora qədim erməni torpağıdır!” manşetlərini atdı. (Oxu: Ermənistanın Gədəbəydən Cavaxetiyaya qədər uzanan hücum ssenariləri - ). İyunun 20-də Tbilisidə etirazçılar parlament binasına hücum etdi və onların arasında ermənilər də var idi.

Bu iki hadisə və ermənilərin aktivliyi ASALA terror təşkilatının Cavaxetiyada “Virk-Yerkir” adı altında “dirildiyi”nə dair informasiyaları yada salır. Mümkündür ki, Tbilisidə parlament binasına hücum edən ermənilər məhz Cavaxetiyada “Virk-Yerkir” adı altında fəaliyyət göstərən ASALA-a terrorçularıdır. Gürcü mediası da saxlanılan Ermənistan vətəndaşı Minasyanın tək olmadığını, digər ermənilərin etirazçılar arasına qarışdığını yazır. Deməli, erməni təxribatçılar hələ də Tbilisinin küçələrindədir və onlar Kiyevdə etdiklərini həyata keçrimək istəyirlər.

Gürcüstanda hakimiyyət çevrilişi olur və yeni sistemdə erməni millətçilərinə də “xidmət haqqı” kimi söz sahibi olacaqları postlar verirlər.



Bu böyük planın ilk mərhələsidir və burada “ermənilər Tbilisidə niyə söz sahibi olmaq istəyir” sualı önə çıxır. Bu sualın cavabı planın sonrakı mərhələlərini müəyyən etməyə imkan verir:

İkinci mərhələ - Cavaxetiyada muxtariyyət: bu, “dənizdən dənizə Ermənistan” iddiasının əsas hissələrindən biridir. Erməni diasporu/lobbisinin dəstəyi ilə hakimiyyətə gələn Nikol Paşinyanın dövründə Cavaxetiya kartının sıx şəkildə gündəmə gəlməsi təsadüfi deyil. O da təsadüfi deyil ki, Paşinyan Sarkisyanın dövründə qiyamçı olaraq həbs edilən millətçi “Sasna-srer” qruplaşmasının dəmir barmaqlıqlar arasından azad olmasına və proqramlarında Cavaxetiya məsələsini ön plana çıxararaq, siyasi partiyaya çevrilməsinə şərait yaratdı. “Sasna-srer” erməni diasporunun yeni layihəsidir və əgər “Daşnaksütyun” Rusiyameylli qüvvələrin daxilinə yerləşdirilmiş qüvvədirsə, onlar Qərbmeyilli, yəni hazırkı Paşinyan hakimiyyətinin daxilindəki təsiredici qüvvə rolunu oynayır. Paşinyanın Azərbaycanın işğal edilmiş ərazilərindəki “Qarabağ klanı” ilə apardığı müharibədə “Sasna srer”i “hücum batalyonu” olaraq istifadə etməsi də əslində erməni diasporunun xəttidir. Göründüyü kimi, “Sasna srer”in əsas hədəfi qonşu ölkələrə qarşı ərazi iddialarının rəsmiləşdirilməsidir. Cavaxetiyadakı separatizm dalğası ilə Tbilisidə parlament binasına hücum da bu planın bir parçasıdır.

Üçüncü mərhələ - Tbilisini təzyiq altında saxlamaq: Cavaxetiyanın ələ keçirilməsi ilə Gürcüstan daim erməni separatizminin təzyiqi altında qalacaq və bu, İrəvana Tbilisini yönləndirmək gücü verəcək.

Dördüncü mərhələ - Bakıya qarşı oyun: Cavaxetiya ermənilərə Azərbaycanın bu bölgədən və ona yaxın ərazilərdən keçən enerji layihələrinin qarşısını almaq üçün də lazımdır.

Hərçənd, bütün proseslər bir-biri ilə sıx bağlıdır və erməni diasporu/lobbisi Cavaxetiyaya “ dənizdən-dənizə” iddiasının əsas açarlarından biri olaraq baxır. Bölgənin strateji əhəmiyyətinə nəzər yetirdikdə, bunu təsəvvür etmək çətin deyil:

1. Türkiyə ilə Azərbaycanın quru yolu üzərində yerləşir və Bakıdan Türkiyəyə, oradan da Avropaya çıxan kəmərlər bu bölgədən keçir.

2. Ermənistandan Cavaxetiya, oradan azərbaycanlıların kompakt yaşadığı Borçalıya, oradan da Azərbaycana keçmək mümkündür.

3. Cavaxetiya ilə Batumi arasında 50 kilometrlik məsafə var və bu, Ermənistanın Qara dənizə olan iddiasında əhəmiyyətli bölgədir. Son dövrlər ermənilərin Qaradənizin Həmşin bölgəsində erməniliyi təbliğ etməsi haqqında yayılan informasiyalar da bu kontekstdə diqqət çəkir.

Bütün bu faktlar ASALA-nın başqa ad altında məhz Cavaxetiyada “dirildilməsi”nin səbəblərini anlamağa imkan verir.

Və burada bir daha əminlik yaranır ki, Tbilisidə parlament binasına hücum edənlər arasında ermənilərin olması təsadüfi deyil. Təhlükənin hələ də paytaxt küçələrində qalmasını ilk növbədə rəsmi Tbilisi, elə aksiyanı təşkil edən gürcülər də düşünməlidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm