Türkiyənin S-400-ü Azərbaycana belə FAYDA VERƏCƏK - Politoloq bütün məqamları açıqladı
Bizi izləyin

Nida Təhlil

Türkiyənin S-400-ü Azərbaycana belə FAYDA VERƏCƏK - Politoloq bütün məqamları açıqladı

“Rusiyanın S-400 raketləri artıq Türkiyədədir. Bu, sıradan bir hadisə deyil”.

Publika.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.

Türkiyənin Rusiyadan aldığı S-400 sistemlərinin tədarükü məsələsinə toxunan politoloq hadisəni 5 istiqamətdə şərh edib: “Birincisi, bu, Rusiya-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoymasıdır. Soyuq müharibə illərində Türkiyə ABŞ-ın strateji müttəfiqi idi. SSRİ-nin dağılmasıyla və bölgədə yeni şərtlərin formalaşmasıyla Türkiyənin Amerikadan asılılığı azaldı və Ankara Moskva ilə sıx münasibətlərinin bünövrəsini qoydu. Son 15 ilin gedişatına baxsaq, Türkiyə-Rusiya münasibətləri keyfiyyətcə Türkiyə-ABŞ münasibətlərini üstələyir. Bu həm də Vaşinqtonun yanlış siyasəti ilə bağlıdır”.

E.Şahinoğlu qeyd edir ki, ikinci məqam S-400 sisteminin Türkiyənin təhlükəsizliyini və siyasi çəkisini artırmasıdır: “Bundan başqa, Türkiyə Rusiyadan əldə etdiyi texnologiya əsasında özü eyni sistemlərin istehsalına başlayacaq. Digər tərəfdən, Türkiyə S-400 sistemlərinin pulunu elə Rusiyadan aldığı kreditlə ödəyəcək. Bunların heç birini Amerika Türkiyəyə təklif etmirdi. Təsadüfi deyil ki, Amerikanın hazırkı prezidenti Donald Tramp G20-nin Yaponiyadakı son sammitində hazırkı vəziyyətə görə keçmiş prezident Barak Obamanı qınadı. Çünki Obama Türkiyəyə “Patriot” raketlərini satacağını vəd etsə də, bu vədini yerinə yetirmədi və qatar artıq getdi. Trampın etirafı Türkiyənin S-400 məsələsində haqlı olduğunu göstərdi”.

Üçüncü nüans isə Türkiyənin S-400 raketlərini əldə etdikdən sonra Amerikanın təzyiqlərinə hazır olmasıdır: “Doğrudur, Tramp Türkiyə ilə münasibətlərin daha da gərginləşdirilməsini istəmir. Ancaq Konqres və Pentaqon Türkiyəni S-400 raketlərinə görə cəzalandırmağa çalışacaq. Buna baxmayaraq, zaman keçdikcə ABŞ Türkiyənin ərazisində Rusiya raketlərini həzm etmək məcburiyyətində qalacaq və bundan sonra münasibətlərin normallaşma prosesi başlayacaq. Çünki Türkiyə Rusiyadan aldığı S-400 raketlərinə baxmayaraq, Amerikadan da hərbi texnika almağa çalışacaq. Bu isə Amerikanın da maraqlarına uyğundur ki, Türkiyə bazarını itirməsin. Əks halda, Ankara Vaşinqtondan ala bilmədiyi hərbi texnikanı da Rusiyadan almağa qərar verəcək”.

Politoloq bildirir ki, son sövdələşmə Rusiyanın da maraqlarına xidmət edir: “Rusiya NATO-nun əsas dövlətlərindən birinə müasir raket sistemini satdı. Bu silah bazarında Rusiyanın mövqelərini daha da gücləndirəcək. Təsadüfi deyil ki, Türkiyənin ardınca Hindistan da Rusiyadan S-400 sistemini almaq istəyir”.

S-400 məsələsində beşinci amil Azərbaycanla bağlıdır: “Türkiyənin müdafiə qabiliyyətini artırması, heç şübhəsiz, müttəfiqi Azərbaycanın da maraqlarına xidmət edir. Türkiyə S-400 raketlərini gələcəkdə özü istehsal etməyə başlayacağı halda, əldə edəcəyi məhsulları Azərbaycanla da bölüşəcək. Bu, Azərbaycanın təhlükəsizlik imkanlarını artıracaq. Digər tərəfdən artan Rusiya-Türkiyə hərbi əməkdaşlığının Cənubi Qafqazdakı proseslərə də müsbət təsirini proqnozlaşdırmaq olar. Rusiya istər-istəməz Türkiyənin Cənubi Qafqazdakı maraqlarını nəzərə almağa başlamalıdır. Türkiyə Azərbaycanla hərbi əməkdaşlığı daha üst səviyyəyə qaldırarsa, Rusiya buna etiraz etməməlidir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm