• USD 1,7000 0,00% EUR 1,8846 -0,16%
    • GBP 2,0621 +0,30% RUB 0,0254 -1,18%

Yeni yaxınlaşma oyunu: Əli Kərimli İsa Qəmbəri belə “dəfn edir”

Yeni yaxınlaşma oyunu: Əli Kərimli İsa Qəmbəri belə “dəfn edir”

Azərbaycan müxalifətinin “mehriban düşməni” olan, son 25 ildə gah barışıb, gah küsən, təmsil olunduqları ittifaqlarda “kim liderdir” davasından tutmuş “satqın” ittihamlarına qədər gedən AXCP və Müsavat partiyaları arasında yenidən mehribanlaşma müşahidə olunur. Hər iki partiya sonuncu dəfə Milli Şurada bir yerdə təmsil olunurdu. Lakin Müsavat AXCP sədri Əli Kərimlinin Milli Şurada özünü “alternativsiz lider” elan etməsinə etiraz edərək, birlikdən ayrıldı. Daha sonra “domino effekti” ilə digər siyasi partiyalar da şuradan çıxdı, sonda Milli Şura Əli Kərimliyə qaldı.

2014-cü ilin 7 yanvar tarixində baş verən bu ayrılıqdan sonra AXCP və Müsavat arasında “sular durulmayıb”, partiya funksionerləri zaman-zaman qarşılıqlı ittihamlar irəli sürür, “real müxalifət kimdir” mübahisələri acı bağırsaq kimi uzanır, o deyir “sən satqınsan”, bu deyir, “yox, sən satqınsan” və s.

Bu ilin 19 yanvar mitinqində isə Müsavat da AXCP ilə birlikdə tribunada yerini almışdı. Lakin həmin mitinqdə də Əli Kərimlinin tribunadan “əsas lider” kimi boylanması münasibətləri yenidən gərginləşdirdi. Ardınca Müsavat aprelin 7-nə mitinq təyin etdi, AXCP isə onu qabaqlayaraq, 6 apreldə mitinq keçirmək qərarını verdi və beləliklə, qılınclar yenidən qınından çıxdı. Partiyalar arasında əsl “virtual müharibə” başlandı. Cəbhəçilər sosial şəbəkə hesablarında Müsavatı “bombardmana” tutdu, müsavatçılar qarşılıq verdi, ara yenidən qarışdı…

Və nəhayət, iki partiya, daha doğrusu AXCP yenidən mehribanlaşmaq gedişlərinə başladı. Bu dəfə bəhanə Azərbaycan Xalq Cəbhəsi hərəkatının 30 illiyi idi. Hərçənd, bu yaxınlaşmada yenə “Əli Kərimlinin müxalifətin şəriksiz lideri” kimi təqdim edilməsi cəhdi müşahidə olunur.

Əslində proseslərin inkişafı Əli Kərimlinin klassik üslubuna – müxalifət partiyalarını toplayıb, özünü “vahid lider” kimi göstərmək – müraciət etdiyini göstərir.

AXC-nin 30 illik yubileyi iyulun 16-da idi, lakin Əli Kərimli öncədən iki gediş etdi.

Birincisi: İyunun 28-də “marafon” təşkil etdi və tədbirlə bağlı öncədən elə atmosfer yaratdı ki, hüquq-mühafizə orqanları ictimai asayişin qorunması üçün məsələni aydınlaşdırmaq məqsədilə onu polis bölməsinə apardı. Həmin vaxt sosial şəbəkələrdə “Əli Kərimli həbs edildi”, “Müxalifətin lideri naməlum istiqamətə aparıldı” təbliğatı başlandı. Bu, öz ətrafında ajiotaj yaratmaq və “şəriksiz lider” kimi təqdim olunmaq gedişi idi. Və maraqlıdır ki, “marafon” Müsavat Partiyasının qərargahında keçirilirdi, Əli Kərimli də məhz Müsavatın qərargahında saxlanılmışdı. Bu o deməkdir ki, AXCP ilə “real müxalifət” mübarizəsi aparan Müsavatın qərargahında Arif Hacılı, yaxud İsa Qəmbər yox, məhz Əli Kərimli saxlanılır, yəni hakimiyyətə alternativ “müxalifətin şəriksiz lideri” Əli Kərimlidir, digərləri yox.

İkincisi:
İyunun 30-dan etibarən Əli Kərimli sosial şəbəkə hesabında “AXCP sıralarına yeni üzv” kampaniyasına başladı və demək olar ki, hər gün təxminən eyni adamları müxtəlif məkanlara toplayır, fotolar çəkdirib, “bu gün sıralarımıza filan qədər yeni üzv yazıldı” paylaşımları edirdi. “Yeni üzv” kampaniyasının dövrü xarakter daşıdığı, yəni sonrakı siyasi gedişlərə hesablandığı aydın görünür. Çünki sonuncu “yeni üzv” paylaşımı iyulun 7-də qeyd olunub, əgər “yeni üzv” məsələsi reallıq olsaydı, bu paylaşımların davamı olardı. “Yeni üzv” kampaniyasının məqsədi “real müxalifət AXCP-dir” görüntüsünə hesablanmışdı. İyulun 10-dan sonra baş verənlər də bunu təsdiqləyir və “İyulun 7-dən sonra niyə “yeni üzv” qəbul edilmədi?” sualının cavabını aydınlaşdırır.

İyulun 10-dan başlayaraq, Əli Kərimli sosial şəbəkə hesabında AXC-nin 30 illik yubileyinə hazırlıqla bağlı postlar paylaşmağa start verdi. Maraqlı məqam odur ki, AXC hərəkat idi və indi Azərbaycan müxalifətində təmsil olunanların əksəriyyəti bu hərəkatın şinelindən çıxıblar, eləcə də Müsavat Partiyası. Lakin Əli Kərimli AXC-30 həştəqi ilə paylaşdığı bütün postlarında məsələni AXCP-nin üzərinə gətirir, özünü hərəkatın “sonuncu mogikanı” kimi təqdim edir və əsas qüvvənin məhz AXCP olduğunu təbliğ edirdi. Onun paylaşımlarına reaksiya verən cəbhəçilərin AXC-ni məhz AXCP kimi təqdim etmələri, xüsusilə yubiley AXC-nin olsa da, “təbriklər AXCP” rəyləri yazması diqqətdən yayınmadı.

Hədəf məlumdur: AXCP-ni “əsas müxalifət”, Əli Kərimlini isə “müxalifətin şəriksiz lideri” kimi təqdim etmək.

1. Kərimli “marafon” oyununu məhz Müsavatın qərargahında təşkil etdi və ictimai asayişin pozulması görüntüsü yaradaraq, polisin onu məhz “İsa Qəmbərin ofisindən” aparmasına zəmin yaratdı.
2. “Yeni üzv” kampaniyası ilə AXCP-nin sıralarının genişləndiyi mesajını verdi.
3. AXC-ni AXCP kimi göstərdi və hərəkatdan qalmış “sonuncu mogikan” obrazını yaratmağa çalışdı.

Prosesi tamamlamaq üçün onun müxalifətdə özünə əsas alternativ hesab etdiyi İsa Qəmbəri “oyundankənar vəziyyətə” salmaq lazım idi. Və kampaniya başlandı.

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli iyulun 12-də Feysbuk hesabında – Əli Kərimlinin AXC-30 həştəqi ilə kampaniya apardığı ərəfədə – “Parlament seçkiləri olacaqmı, yaxud Azərbaycan hakimiyyəti niyə tərəddüd edir?!” başlıqlı məqaləsini yaydı. Məqalədə müxtəlif iddialar irəli sürülür, fərziyyələr istehsal edilir. Lakin məqsəd hakimiyyətin planlarını təhlil etmək yox, “hakimiyyətin planları” adı altında Əli Kərimlinin “müxalifətin şəriksiz lideri” kimi göstərilməsi, İsa Qəmbərin isə ikinci plana salınması idi. G.Hacıbəyli REAL sədri İlqar Məmmədovun da “bostanına daş atdığı” məqaləsində belə yazır: “Azərbaycan hakimiyyətinin parlamentdə heç bir halda görmək istəmədiyi yalnız iki şəxs var – Əli Kərimli (müxalifətin şəriksiz lideri olduğu üçün) və İsa Qəmbər (2003-cü ilin kompleksindən çıxa bilmədikləri üçün)”.

“Müxalifətin şəriksiz lideri”, yazının bütün canı məhz Əli Kərimlinin yüksəldilməsi, İsa Qəmbərin arxa plana keçirilməsi idi. İ.Qəmbərin 2003-cü il hadisələri fonunda təqdim edilməsi də artıq onun “siyasətdən getmiş” kimi göstərilməsinə hesablanıb. Əli Kərimlinin iyulun 18-də paylaşdığı fikirlər də bunu təsdiqlədi.

“AXC30 münasibətilə maraqlı tədbirlərdən birini də MSDM (Milli Strateji Düşüncə Mərkəzi) başqanı İsa Qəmbər təşkil etmişdi. AXC ilk İdarə Heyətinin 5 nəfər üzvü və xeyli sayda hərəkat veteranları iştirak edirdi. AXC-nın yaranışı ilə bağlı maraqlı xatirələri dinlədikcə, bu da AXC-nin unikallığıdır ki, həm böyük və şərəfli tarixə malikdir, həm də bu gün gəncliyin ən çox seçdiyi partiyadır, deyә düşündüm. NİDA təmsilçisi Ülvi Həsənli yubiley tədbirimizdə deyəndə ki, hazırda AXCP daha çox gənclər partiyası kimi tanınır, etiraf edim, bununla qürur duydum”.

Əli Kərimli belə yazırdı və onun bu fikirlərini təsnif edəndə nə etmək istədiyi aydınlaşır.

– İsa Qəmbər Müsavat Partiyasının başqanlığından getsə də, müsavatçılar üçün hələ də liderdir və 2014-cü ildə partiyanın qurultayında qəbul edilmiş qərara görə, gələcək seçkilərdə o, əsas namizəd kimi irəli sürülə bilər. Lakin Əli Kərimli İsa Qəmbəri MSDM-nin timsalında QHT rəhbəri kimi təqdim edir.

– Hərəkat olan AXC-ni partiya kimi təqdim edir. İlk baxışdan, bu, hərf yanlışlığı kimi görünsə də, sonrakı cümləsində AXCP-ni araya salmaqla məqsədini açıqlayır: AXC AXCP-dir və o, hərəkatın, həmçinin, müxalifətin “əsas lideridir”.

Diqqətdən qaçmayan ən mühüm detallardan biri isə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının Əli Kərimlinin bu paylaşımından 15 dəqiqə sonra paylaşdığı statusudur.

“Bu gün xalqının azadlığı uğrunda aparteid rejiminə qarşı 38 il mübarizə aparmış və buna görə də 27 il həbs həyatı yaşamış Nelson Mandelanın ad günüdür. Bu xatırlatmanı ona görə etdim ki, heç kim Mandelaya bizdəki bəzi “ağıllılar” kimi “38 il ərzində heç nəyə nail ola bilmədin, buna görə də çəkil yerini başqalarına ver demədi”. Əksinə, Cənubi Afrika xalqı illərini mübarizəyə həsr etmiş bu böyük insanın iradə və mübarizə əzminə böyük dəyər verərək, hər zaman onun yanında oldu və sonunda öz böyük lideri ilə birgə qalıb gəldi”, – Qəhrəmanlı yazır və Əli Kərimlini Mandela ilə müqayisə edir (Cənubi Afrika xalqının qulağından iraq-red.), həm də Əli Kərimliyə “illərdir müxalifət postunu tutmusan, çıx get” deyənlərə mesaj verir. Bu iradları zaman-zaman müsavatçılar AXCP sədrinə qarşı qaldırıblar, xüsusilə 2014-cü ildə İsa Qəmbər başqanlığı Arif Hacılıya verəndən sonra müsavatçıların əlində ciddi əsas yarandı. Əli Kərimli buna cavab olaraq, bir tərəfdən öz dili İsa Qəmbəri “QHT rəhbəri” kimi təqdim edir, digər tərəfdən müavininin dili ilə Müsavata mesaj göndərir.

Hadisələri incələdikdə məlum olur: Müsavatın qərargahında təşkil edilən “marafon”dan tutmuş AXC-nin 30 illik yubileyinə qədər davam edən bütün proseslərin hədəfi İsa Qəmbəri “dəfn etmək” və “müxalifətin şəriksiz lideri” olduğunu təsdiqləməkdir. AXC-nin gözlənilmədən Müsavata yaxınlaşmasındakı oyun da budur. Bu oyunun müsavatçılarla cəbhəçilərin yenidən üz-üzə gələcəyi ilə nəticələnəcəyini proqnozlaşdırmaq çətin deyil, lakin hər şey Müsavatın qurulmuş tələni nə vaxt görəcəyindən asılıdır…

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR