Geosiyasi təxribatın daxili cəbhəsi və rəsmi Bakının oyunları pozan STRATEJİ ADDIMI
Bizi izləyin

Nida Təhlil

Geosiyasi təxribatın daxili cəbhəsi və rəsmi Bakının oyunları pozan STRATEJİ ADDIMI

İyulun 14-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı törədilən insident zamanı sərhədçilərimizin təmkinli davranışı bölgədə ciddi geosiyasi oyunları pozdu. Hərçənd, insidentdən sonra Azərbaycanda müxtəlif siyasi qrupların məsələni gündəmdə saxlaması və radikal çağırışların edilməsi hadisəyə yeni siyasi çalarlar qatır və təxribat planının hədəflərinə yenidən diqqət çəkir.

“Sərhədçimizi tərksilah etdilər”, “Məsuliyyəti hakimiyyət daşıyır”, “Azərbaycan xarici qüvvələrin önündə əsir” tipli qızışdırıcı açıqlamalar yayıldı və davamı olaraq, “Gürcüstana gücümüzü göstərməyin lazımlılığı”, hətta “müharibəyə başlamaq” kimi çağırışlar edildi. İlk açıqlamalar radikal müxalifətin hakimiyyəti ittiham etməsi üçün əlinə “əsas” düşməsi, sonrakı çağırışlar isə emosiyalardan qaynaqlanan fikirlər kimi görünə bilərdi, hərçənd, proseslərin inkişafı bu açıqlamalar və çağırışların bir-birinin davamı olduğunu göstərir. Məqsəd təkcə hakimiyyətə qarşı “kampaniya” aparmaq kimi bəsit klassik təcrübənin tətbiqi yox, həm də sərhəd insidenti üzərindən uzaqmənzilli hədəflərə çatmaq istəyən geosiyasi qüvvələrin oyunlarının davamı idi. Bakı və Tbilisini üzə-üzə qoymaq və regionda yeni cəbhə açmaq istəyənlər Azərbaycanda da “daxili cəbhə”ni açmışdılar.

Bunu anlamaq üçün “Keşikçi dağ” məbədi ətrafında yaradılan süni gərginlik və bunun davamı olaraq, sərhədçilərimizə qarşı törədilən insidenti düzgün oxumaq lazımdır. Azərbaycan və Gürcüstan arasındakı strateji münasibətlər sərhəd delimitasiyası kimi məsələlərin müzakirə yolu ilə həllinin çətin olmadığını göstərir. Rəsmi Bakı və Tbilisi də eyni mövqeni sərgiləyir, lakin Gürcüstan daxilində müəyyən qrupların məbəd ətrafında təxribat xarakterli addımları və açıqlamaları müşahidə olunur.

Bu, gürcü ictimaiyyətinin milli refleksi deyildi, əskinə, regional planların tətbiqi üçün Gürcüstan daxilində açılmış cəhd idi. Tbilisi küçələrində anti-Rusiya çağırışları, ardınca qərbpərəstlərlə rusiyayönümlülərin toqquşması və baş verənlər də eyni prosesin təzahürləridir.

Qərb Gürcüstanda hakimiyyətin Moskvaya münasibətində loyallaşmanı aradan qaldırmaq üçün hərəkətə keçdi və Tbilisidə parlament binasına hücum kimi hadisələr yaşandı. Buna cavab olaraq, rusiyayönümlülər də “revanş” addımları atdılar. Tbilisi küçələrində hadisələr səngidiyi bir vaxtda bir qrup Gürcüstan vətəndaşı “Keşikçi dağ” məbədində Azərbaycan sərhədçilərinə qarşı insident törətdilər. Burada Rusiyanın maraqları aydın görünür:

- Tbilisi küçələrindəki anti-Rusiya əhval-ruhiyyəsini anti-Azərbaycan əhval-ruhiyyəsi ilə əvəzləyəcək;
- Bakı və Tbilisinin üz-üzə gəlməsi ilə bölgədə yeni hərbi münaqişə yaranacaq, yaxud ən azından, ikitərəfli münasibətlərin pozulması Azərbaycanın Gürcüstana siyasi-iqtisadi dəstəyinin dayanması ilə nəticələnəcək və beləliklə, Gürcüstan bölgədə çətin vəziyyətə düşəcək;
- Bakı-Tbilisi qarşıdurması Avropanın enerji təhlükəsizliyində əsas alternativ olan enerji layihələrinin gələcəyini təhlükə altına atacaq;
- Qərbin Cənubi Qafqazda mövqeləri zəifləyəcək;


Proseslərin analizi göstərir ki, sərhəd insidenti Tbilisi küçələrindəki geosiyasi qarşıdurmanın davamı idi. Tbilisidəki aksiyaların Gürcüstan pravoslav kilsəsinin Xarici Əlaqələr İdarəsinin təşəbbüsü ilə keçirilən Pravoslav Assambleyasının tədbirindən sonra başlaması və “Keşikçi dağ” məbədi ətrafında süni gərginlik yaratmaq istəyən “gürcü ictimai fəalları”nın arasında elə həmin pravoslavların aktivliyi də əslində sərhəd təxribatının arxasındakı qüvvələrə açıq işarədir.

Və gürcülərin paytaxtındakı bu qarşıdurmada erməni təxribatçıların aktiv iştirakına, hətta parlament binasına hücumun təşkilində erməni missionerlərinin roluna dair faktlar Azərbaycan-Gürcüstan münasibətlərini baltalamağa hesablanmış bu oyunda Ermənistanın maraqlarını açıq şəkildə göstərir:

- Azərbaycanla münasibətlərinin pozulması Ermənistanın Gürcüstan üzərində diktəsini gücləndirəcək və cari planda Tbilisi qarşısında Rusiyadan Abxaziya vasitəsilə Ermənistana dəmiryolunun çəkilməsi layihəsi, gələcək planda isə Cavaxetiyaya ən azı muxtariyyətin verilməsi tələbi irəli sürüləcək;
- Ermənistan işğalçı siyasətinə görə Azərbaycan tərəfindən məruz qaldığı blokadadan Gürcüstan vasitəsilə xilas olacaq;
- Gürcüstanla münasibətlərin pozulması Azərbaycanın “Qərb qapısı”nın bağlanması və blokadaya düşməsi ilə nəticələnəcək;
- Sərhədçilərimizin silahları işə salması ilə başlana biləcək yeni hərbi toqquşma Azərbaycan üçün Qarabağdan savayı ikinci hərbi cəbhə deməkdir ki, bu da işğalçı ölkənin cari və gələcək planları kontekstində sərfəli olar: cari olaraq, Ermənistan Azərbaycanın diqqətinin yayınmasından istifadə edərək, Qarabağda hərbi mövqelərini möhkəmləndirəcək; gələcəkdə isə müdafiə naziri David Tonoyanın “yeni müharibə yeni ərazilər” tezisinin həyata keçirilməsi üçün yeni işğal addımlarına başlayacaqlar;


Göründüyü kimi, sərhəd insidentinin arxasındakı hədəflərin kökü daha dərinə gedir və hər şey Azərbaycan sərhədçisinin bir gülləsinə bağlı idi. Bu oyunları yaxşı anlayan Azərbaycan dövləti təmkinli davrandı və böyük oyunun qarşısını aldı. Hərçənd, bu məsələ həm də Gürcüstanda olduğu kimi, Azərbaycan daxilində də dövlətin strateji təhlükəsizliyinə təhdid olan belə insidentlərdən siyasi ambisiyaları üçün istifadə edənlərin olduğunu bir daha təsdiqlədi.

Misal üçün, AXCP sədri Əli Kərimli “insidenti biabırçılıq” adlandırır və birbaşa məsuliyyəti dövlət rəhbərliyinin üzərinə qoymağa çalışır, onun dəstəkçiləri, insidentdən “hakimiyyətlə mübarizədə” istifadə etməyə cəhd göstərir, Avropada “bloqer” adı altında fəaliyyət göstərənlər məsələni qızışdıran addımlar atırdı. Onların bu fəaliyyətində ilk görünən tərəf yaranmış vəziyyətdən “hakimiyyət uğrunda mübarizə”dən istifadə etmək cəhdidir. Bu yanaşma belə siyasi qruplar üçün dövlət marağının siyasi ambisiyalardan daha ucuz olduğunu, hakimiyyətə gəlmək naminə dövlətin strateji təhlükəsizliyinin üzərindən istənilən vaxt xətt çəkmək mahiyyətinə sahib olduqlarını göstərir. Hərçənd, bu siyasi qrupların “qan çıxarmaq” cəhdləri həm də geosiyasi planların həyata keçirilməsinə hesablanmış “daxili cəbhə”nin açılması cəhdidir.

Eyni qüvvələr Gürcüstanda açdıqları daxili cəbhə ilə hadisələri Azərbaycanın üzərinə transfer etməyə və bunun üzərindən həm rəsmi Bakı, həm də rəsmi Tbilisiyə qarşı olan regional planlarını həyata keçirməyə çalışdılar.

Eyni qüvvələr prosesi daha da sürətləndirmək üçün Azərbaycan daxilində də analoji cəbhəni açdılar.

Gürcüstandakılar sərhəddə insident yaradacaq, Azərbaycandakılar isə qarşıdurmanın silahlı müstəviyə keçməsi üçün “ictimai rəyi” səfərbər edəcəkdilər.


Azərbaycan dövləti təmkinli olmasaydı, dövlətin strateji maraqlarına ağır zərbə vuracaq proseslər oyunu quran qüvvələrin istəyinə uyğun davam edəcəkdi. Dövlət bu oyunları pozdu, buna paralel olaraq, “Keşikçi dağ” məbədi üzərində sərhədin delimitasiyası məsələsində milli mövqeyini sərgilədi.

Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfovun açıqlaması dövlətin bu məsələdə sərgilədiyi mövqenin isbatıdır.

Dövlət sərhədinin delimitasiyası üçün hər hansı dini-mədəni və sair qeyri-hüquqi faktlar əsas təşkil edə bilməz. Keşikçidağ mağaralar kompleksini əhatə edən sahə bütün mövcud hüquqi sənədlər, faktiki istifadə vəziyyətinə görə hər zaman Azərbaycan ərazilərinə aid olub. Bu, eyni zamanda, hələ 1963-cü ildə Gürcüstan SSR Ali Soveti tərəfindən təsdiq edilmiş topoqrafik növbətçi xəritələrdə öz əksini tapıb və SSRİ-nin süqutuna qədər tərəflər arasında inzibati sərhəd kimi qəbul edilib. Buna görə də hüquqi baxımdan qeyd edilən sahə ilə bağlı hər hansı mübahisədən və ya iddiadan söhbət gedə bilməz. Eyni zamanda, bu sahə də razılaşdırılmayan digər sahələr kimi delimitasiya çərçivəsində razılaşdırılmalı, iki dövlət arasında imzalanacaq dövlət sərhədinə dair müqavilədə təsbit olunmalıdır”, - Prezidentin xüsusi nümayəndəsi qeyd edib.

Bu, Azərbaycan dövlətinin milli məsələlərdə indiyə qədər tutduğu mövqeni “Keşikçi dağı” məbədi ilə bağlı də sərgilədiyini təsdiqləyir. Hərçənd, geosiyasi oyunların daxili icraçıları dövlətin təmkinini “hakimiyyət mübarizəsi”ndə alətə çevirməyə çalışırlar, lakin artıq ictimaiyyət onların hansı oyunlara alət olduğunu anlayır.

Gürcüstan ictimaiyyəti də bu hadisələrin əsl mahiyyətini anlayır və iki dost xalqın arasına nifaq salmaq istəyənlərin əlinə əsas vermir. Unutmurlar ki, Azərbaycan və Gürcüstan münasibətlərinin pozulması ilk növbədə gürcü dövlətinin milli təhlükəsizliyinə, gürcü xalqının rifahını qarantı olan ikitərəfli layihələrə və rəsmi Tbilisinin müstəqil siyasət yürütməsi imkanlarına zərbə olacaq.

Hazırda mövcud olan ikitərəfli münasibətlərin səviyyəsi, iki xalqın dostluğu bölgədə məkrli planların baş tutmamasının əsas təminatçısıdır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm