Əhalinin rifahına hesablanmış addımlar: 6 ayın böyük uğuru - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Əhalinin rifahına hesablanmış addımlar: 6 ayın böyük uğuru - ŞƏRH

“Bu ilin 6 ayı ölkəmizin sosial-iqtisadi həyatı üçün uğurlu olub, qarşıya qoyulmuş bütün vəzifələr artıqlaması ilə icra edilib”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Azər Badamov iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə müzakirə edilən məsələlərlə bağlı danışarkən deyib.

Millət vəkili bildirib ki, bu ilin ilk 6 ayı ərzində iqtisadi artım yekunlaşıb, bu müddət ərzində 8 milyard manata yaxın ölkə iqtisadiyyatına investisiya yatırılıb: “Ölkəmizin valyuta ehtiyatları 49 milyard dollara çatıb. İnfilyasiya aşağı həddə - 2,5 faiz ətrafında qalıb. Bütün bunlarla yanaşı, böyük sosial paketlər icra olunub. Bu sosial paketlər 4 milyondan çox insanı əhatə edib. Bu da 4 milyondan çox insanın sosial rifahına təsir edəcək sərəncamların imzalanması deməkdir. Sosial paketə daxil olan sərəncamlar birbaşa insanların sosial həyatına təsir edən qərarlar idi. Bundan başqa, əhalinin ən çox narahat olduğu problemli kreditlər məsələsi bu 6 ay ərzində öz həllini tapıb. Yüz mindən çox yeni iş yeri yaradılıb. 2018-ci ildə bir çox qanunlarda edilən dəyişikliklərlə bağlı iqtisadiyyatın şəffaflaşması, çökək iqtisadiyyatın aradan qaldırılması prosesləri 2019-cu ildə də davam edib. Vergi Məcəlləsindəki dəyişikliklər bu 6 ay ərzində də izlənilib. Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi xətti ilə daxil olunan vəsaitlər nəzərdə tutulan proqnoz göstəricilərindən artıq olub. Bu artıq gəlirlər dövlət büdcəsinə daxil edilib və həm investisiyaların yatırılmasına, həm də sosial layihələrin həyata keçirilməsinə sərf edilib. Ölkədə böyük yol-infrastruktur layihələri icra olunub, 15 min km-dən artıq yol çəkilib. Kəndlərarası yolların asfaltlaşdırılması prosesi sürətlə davam etdirilib. Əgər biz 2019-cu ilin əvvəlindəki kəndlərin yollarına diqqət yetirsək, son nəticə ilə qarşılaşdırdıqda görərik ki, kifayət qədər rahat və müasir şərait yaradılıb. Əməkhaqqı iki dəfə artırılıb, məcburi-köçünülərə verilən müavinətlərin miqdarı çoxaldılıb. Şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb, birdəfəlik müavinətlər ödənilib, mənzillər və avtomobillər hədiyyə edilib”.

Azər Badamov qeyd edib ki, iqtisadi gəlirlərin artması ölkənin makro-iqtisadi sabitliyinin qorunub saxlanmasını təmin edib: “Beynəlxalq Reytinq Təşkilatının Azərbaycan iqtisadiyyatına baxışında yüksək mövqedə olması Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan sosial, iqtisadi, siyasi siyasətin düzgünlüyünün göstəricisidir. Düşünürəm ki, 2019-cu ilin sonuna qədər kifayət qədər artımlar olacaq. Büdcə gəlirləri çoxalacaq. Əhalinin rifahına müsbət təsir edən yeni addımlar atılacaq. Ümumilikdə, 2019-cu il həm sosial, həm də iqtisadi sahədə əldə olunan uğurlarla yadda qalacaq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm