Ölkənin iqtisadi strategiyasının qarşısında bu dayanır - DEPUTAT
Bizi izləyin

Nida Təhlil

Ölkənin iqtisadi strategiyasının qarşısında bu dayanır - DEPUTAT

“İqtisadiyyatımız inkişaf etdikcə, büdcə gəlirlərimiz artdıqca pensiya, təqaüdlər artırılır, qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır, şəhid ailələri, Qarabağ müharibəsi veteranlarının, sosial qayğıya ehtiyacı olan vətəndaşlarımızın problemləri həll edilir. Bütün bu addımlar nəticəsində cənab Prezident tərəfindən böyük bir sosial zərfin həllini görürük. Aparılan islahatlar nəticəsində büdcə gəlirlərində önəmli artım qeydə alınır”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov deyib.

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə ilk 6 ayda ölkə iqtisadiyyatında baş verən yeniliklərlə bağlı danışan millət vəkili bildirib ki, bundan sonra da ölkə iqtisadiyyatının inkişafı, valyuta ehtiyatlarımızın artırılması, xüsusilə əmək haqlarının artırılması, sosial tədbirlərin əhatə dairəsinin genişlənməsi istiqamətində tədbirlər davam edəcək:

“Bu gün ölkənin iqtisadi strategiyasının qarşısında müasir çağırışlar, sənaye, kənd təsərrüfatının inkişaf etdirilməsi dayanır. Cənab Prezidentin rəhbərliyi ilə yaxın gələcəkdə ölkəmiz dünyanın ən inkişaf etmiş ölkələri sırasında yer alacaq. Artıq iqtisadi inkişaf və biznes mühitinə görə dünyada 25-ci yerdəyik. Bu, bir daha ölkə iqtisadiyyatının dinamik inkişafının qorumasından xəbər verir. Azərbaycan həm regionda, həm də dünyada böyük iqtisadi mərkəzlərdən birinə çevriləcək”.

A.Hüseynov Prezidentin bir neçə ay öncə də əməkhaqqlarının artırılması ilə bağlı sərəncamını xatırladaraq qeyd edib ki, qısa müddət ərzində əməkhaqqlarının iki dəfə artması dövlətin və dövlət büdcəsinin sabitliyindən və inkişafından xəbər verir: “Vergi, gömrük sahəsində aparılan islahatlar da buna öz müsbət təsirini göstərir. Dövlət büdcəsinin gəlirləri artır və bunun sayəsində vətəndaşların əməkhaqqı yüksəlir. Bütün bu sərəncamların xərcləri dövlət büdcəsi hesabına həyata keçirilir. Deməli, dövlət büdcəsinin gəlir mənbələri proqnozlaşdırılan istiqamət üzrə inkişaf edir. Dövlət büdcəsi sahibkarlıq, istehsal, vergi və bu kimi sahələrin dinamik inkişafı hesabına özünü qoruyur. Bunun hesabına da vətəndaşlarımızı əhatə edə bilən sosial tədbirlər həyata keçirilir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm