İslahatlar kəndlini necə sahibkara çevirdi? - İnkişafın REAL NƏTİCƏLƏRİ
Bizi izləyin

Nida Təhlil

İslahatlar kəndlini necə sahibkara çevirdi? - İnkişafın REAL NƏTİCƏLƏRİ

“20 ildir pambıq əkirəm. Prezident İlham Əliyevin təşəbbüsü ilə kənd təsərrüfatına dövlət diqqətinin artması nəticəsində son 4 ildə gəlirlərimiz dəfələrlə artıb. Mənim hər il pambıqçılıqdan əldə etdiyim gəlir kifayət qədər böyükdür. Misal üçün, təkcə ötən il 90 min manat pul qazanmışam. Biz bütün bunlara dövlətin maddi-texniki dəstəyi ilə nail olmuşuq”.

Sabirabad rayonunun Zəngənə kəndindən olan fermer Əfras Əsgərov icra hakimiyyəti başçısından, yaxud digər dövlət məmurlarından daha çox pul qazandığını, sosial rifahlarının hər il daha da yüksəldiyini deyir. Kənd təsərrüfatına dövlət qayğısının artmasına və kəndlilər üçün yaradılan şəraitə görə dövlət başçısına təşəkkür edir.

... Prezident İlham Əliyev 2016-cı ildə Sabirabad rayonunda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində bildirirdi ki, “bu il pambıqçılığın inkişafı üçün həlledici il olacaq”.

Bu, bir başlanğıcdır və əminəm ki, bundan sonra pambıqçılıq Azərbaycanda sürətlə inkişaf edəcək, geniş vüsət alacaq. Dediyim kimi, bunun həm insanlara, həm dövlətə böyük xeyri olacaq”, - dövlət başçısı qeyd etmişdi.

Prezidentin proqnozların doğru çıxdı və həmin ildən başlayaraq, Azərbaycanda pambıqçılığın və bunun fonunda ümumiyyətlə kənd təsərrüfatının inkişafında böyük yol qət edildi. Burada iki əsas məqsəd var idi:

- Qeyri-neft sektorunun inkişafı, ixrac qabiliyyətliliyinin yüksəldilməsi və ölkəyə valyuta axınının artması;

Dövlət başçısı da bəyan edirdi ki, dünyada neftin qiymətinin düşməsi ilə bağlı bizim gəlirlərimiz azalıb: “Əgər qiymət üç-dörd dəfə düşürsə, gəlirlər də üç-dörd dəfə azalır. Biz Azərbaycana valyuta axınını təmin etməliyik. Ona görə, ixracyönümlü məhsulların istehsalı xüsusi əhəmiyyət daşıyır”.

- Əhalinin gəlirlərinin artması, sosial rifahın yüksəlməsi, kəndlinin öz məhsulu bazara çıxara bilməsi və qazanması;

“Pambıqçılığın inkişafı iqtisadi məsələlərin həlli ilə yanaşı, eyni zamanda, sosial məsələdir. Çünki mənə verilən məlumata görə, bu il 24 rayonda pambıq tarlalarında 70 minə yaxın insan işləyəcək və bu, məşğulluğun artırılması deməkdir” – dövlət başçısı qeyd edirdi.

Bu iki hədəfə çatmaq üçün dövlət kənd təsərrüfatı sahəsində ciddi islahatlara start verdi. Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) yaradıldı və bu mərkəz əkin sahələrində fermerlərlə aktiv şəkildə işləməyə başladı. Fermerlərə maddi-texniki dəstəyin artırılması məqsədilə Aqrar Xidmətlər Agentliyi fəaliyyətə başladı. Subsidiyaların və güzəştli kreditlərin verilməsi üçün Aqrar Kredit və İnkişaf Agentliyi yaradıldı, bu sahədə şəffaflıq təmin edildi. Aqrar Könüllülər Hərəkatının yaradılması isə kəndlinin prosesdə birbaşa iştirakını təmin etdi. Beləliklə, fermer öz problemlərini aidiyyəti qurumlar qarşısında əyani şəkildə qaldırmaq və həllinə nail olmaq imkanı əldə etdi. Aqrar Tədarük və Təchizat Şirkətinin yaradılması və “Kənddən şəhərə” satış platformasının təsis edilməsi ilə kəndli öz məhsulunu asan şəkildə bazara çıxara bildi.

Kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən köklü islahatlar öz nəticəsini verdi. Nəticədə 6 ayda 13 faiz artımla rekord göstərici əldə edildi.

Prezident İlham Əliyev iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə bildirib ki, kənd təsərrüfatında da rekord göstərici əldə edilib.

“Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır. Yəni, bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir”, - dövlət başçısı qeyd edib.

Aparılan islahatlar və həyata keçirilən işlər nəticəsində Azərbaycanın qeyri-neft sektoru bu ilin cəmi 6 ayı ərzində 15 faiz artıb. Bu, böyük göstəricidir, xüsusilə kənd təsərrüfatının inkişafı belə nəticələr əldə etməyə imkan verir.

Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsində həyata keçirdiyi islahatlar birbaşa kəndlinin sosial rifahına müsbət təsir etdi. Bu gün kəndlərdə fermerlərə göstərilən maddi-texniki dəstək, ayrılan subsidiya və güzəştli kreditlər əhalinin əkinçiliyə marağını təşviq edir. Nəticədə həm kənd təsərrüfatı məhsulları artır, həm qeyri-neft sektoru inkişaf edir, həm ixrac qabiliyyətlilik böyüyür, həm ərzaq təhlükəsizliyi təmin edilir, həm bölgələrdə məşğulluq genişlənir, həm də əhalinin gəlirləri artır.

Fermer Əfras Əsgərovun pambıqçılıq və digər məhsulların əkinindən əldə etdiyi gəlir bunun bariz nümunəsidir.

Ə.Əsgərov deyir ki, dövlət fermerlərə bütün maddi-texniki dəstəyi göstərir: “Texnika problemimiz yoxdur, gübrələr vaxtlı-vaxtında verilir, subsidiya alırıq, istənilən problemimiz kənd təsərrüfatı naziri səviyyəsində dinlənilir və dərhal həllini tapır. Biz kəndlilərin görəcəyi yeganə iş əkmək, becərməkdir”.

Əfras Əsgərov bu il 135 hektar pambıq əkib və ən azı 500 ton məhsul götürməyi planlaşdırır.

“Əkini bütün aqrotexniki qaydalara uyğun həyata keçirmişəm. Hər iki suvarmanı və əllə üzvurmanı etmişəm. Boy tənzimləyən kormis gübrəsi vermişəm, sofkaya qarşı gübrələnməni bitirmişik. Hazırda Dövlət Aqrar İnkişaf Mərkəzinin iki mütəxəssisi mənim sahəmdədirlər və nə lazımdırsa, köməklik göstərirlər. Planlaşdırdığımıza görə, bu il təkcə mən 500 ton pambıq götürəcəm. Qardaşım 400 ton götürməyi planlaşdırır, digər qohumlarla birgə təkcə biz bu il 1000 ton məhsul alacağıq. Pambıqla yanaşı, taxıl, yonca və bostan məhsulları da əkirik. Hər il olduğu kimi bu il də məhsulumuz yaxşı olacaq”, - fermer danışır.

Əsgərov deyir ki, Prezidentin islahatlara başlamasından sonra son 4 ildə böyük irəliləyiş əldə ediblər: “Dövlət bütün maddi-texniki dəstəyi verir, biz yalnız əkinimizlə məşğul oluruq. Məhsulumuz yerdə qalmır, yetişən kimi gəlib həyətimizdən alırlar. Həyat səviyyəmiz hər il daha da yüksəlir. 4 ay dincəlirik, 8 ay işləyirik və böyük gəlir əldə edirik”.

O, təkcə ötən il pambıqdan 90 min manat gəlir əldə edib: “Ötən il 135 hektar pambıq əkmişəm, 470 ton məhsul əldə etmişəm, zavod məhsulu götürüb və pulumu ödəyib. Lakin mənim bir fermer kimi çalışmağım təkcə mənə yox, əhalinin böyük hissəsinə gəlir gətirir. Misal üçün, icarə ilə əkdiyim sahələrin sahibləri qazanır, həmçinin, əkin sahələrində işləyənlər gəlir əldə edirlər. Dünən pambıq sahələrində işləyən qadınlara 1800 manat pul vermişəm. Bu o deməkdir ki, kənd təsərrüfatından hər kəs qazanır və əhalinin sosial rifahı yüksəlir”.

Lakin Əsgərov bir məsələnin onlara çətinlik yaratdığını deyir: “Kimyəvi mübarizədə çətinlik çəkirik, ya dərmanlar keyfiyyətsiz olur, ya da düzgün təlimatlandırılmırıq. Bu məsələni müvafiq orqanlara bildirmişik, bu il o da həllini tapacaq. Həmçinin, bir məsələni vurğulamaq istəyirəm. Uzun illər kənd təsərrüfatı sahəsində çalışmış və uğur qazanmış fermerlərin dövlət tərəfindən stimullaşdırılması yaxşı olardı”.

Başqa heç bir problemlərinin olmadığını deyən Əsgərov qeyd edir ki, bu gün o, rayonda icra başçısından daha çox pul qazanır.

“Əgər mənə desələr ki, icra başçısı, yaxud DAİM-in sədri ol, imtina edərəm. Çünki hər il əldə etdiyim gəlir icra başçısının, yaxud digər dövlət idarələrində işləyənlərin gəlirindən daha çoxdur. Bu şəraiti bizə dövlət yaradıb. Dövlət biz fermerləri hər şeylə təmin edir, bizim işimiz sadəcə əkib-becərməkdir. Yaradılan şəraitin bəhrəsini də görürük”, - deyə o danışır.

Bu inkişaf son bir neçə ildə əldə olunan göstəricilərdir və hər il ötən ilə nisbətən daha da yüksəlir.

Prezident də son müşavirəsində bəyan etdi ki, “gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm