Rekord nəticələr: gəlirlər artır, yeni iş yerləri yaradılır
Bizi izləyin

Nida Təhlil

Rekord nəticələr: gəlirlər artır, yeni iş yerləri yaradılır

İqtisadi inkişaf, sosial islahatlar və xalqın rifahının yüksəldilməsi. Prezidentin İlham Əliyevin aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında açıqladığı yeni strategiya yarım illik nəticələrdə öz əksini tapır.

Bu ilin ilk 6 ayı müddətində iqtisadi inkişafda əldə olunan nəticələr, sosial sahədə həyata keçirilən inqilabi islahatlar və bunun nəticəsi olaraq, əhalinin rifahının yüksəlməsi, dövlət gəlirlərinin artması, bütün sektorlar üzrə müsbət saldonun qeydə alınması dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasının saat kimi işlədiyini göstərdi.

6 ayın göstəriciləri: İqtisadi inkişaf 2,4 faiz artıb. Xüsusilə qeyri-neft sektorunda 3,2 faizlik artım inkişaf strategiyasının tez bir zamanda bəhrə verdiyini deməyə əsas verir. Azərbaycan iqtisadiyyatında neft sənayesi böyük yer tutur, lakin dövlət başçısı məhz iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq, qeyri-neft sektorunun inkişafına nail olmaq üçün daim əhəmiyyətli addımlar atır. Bu addımları nəticəsi olaraq, son 6 ayda qeyriu-neft sənayesində 15,7 faiz artım qeydə alınıb.

Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə dövlət başçı bəyan etdi ki, ilin əvvəlində qarşımıza qoyduğumuz vəzifələr icra edilir, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur: “...Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, “SOCAR-Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır”.

Son illər sürətlə inkişaf edən kənd təsərrüfatında da rekord göstərici əldə olunub. Cəmi 6 ay ərzində 13 faiz artım qeydə alınıb. Bu artımda bitkiçiliyin payı daha çoxdur: 25 faiz. Taxıl istehsalı 40 faiz, bostan məhsulları 40 faiz, meyvə 20 faiz, barama 25 faiz, tərəvəz istehsalı isə 14 faiz artıb. Kənd təsərrüfatında həyata keçirilən islahatlar, qoyulan investisiyalar, fermerlərə verilən subsidiyalar öz bəhrəsini verir.

Bu inkişafın nəticəsi olaraq, Azərbaycanın ixrac imkanları da genişlənib. Xüsusilə qeyri-neft ixracında 15 faiz artım qeydə alınıb. Son altı ayda iqtisadiyyata qoyulan 6 milyard dollardan çox sərmayənin böyük qismi qeyri-neft sektoruna yönəldilib.

Dövlətin əsas priotetlərindən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Prezident də vurğuladı ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün əsas vəzifədir, eyni zamanda, biz öz ixrac imkanlarımızı da genişləndiririk: “Fermerlərə əlavə güzəştlər edilir. Texnika ilə bağlı təminat yüksək səviyyədədir. Bu il 700-dən çox texnikanın satılması artıq təmin edilibdir. Əvvəlki illərdə böyük sayda kənd təsərrüfatı texnikasının alınması hesabına biz bu sahənin inkişafına nail ola bildik. Əlbəttə, burada müasir texnologiyalar, müasir suvarma sistemləri əsas rol oynayır. İndi Azərbaycanda azot gübrəsi zavodu da fəaliyyət göstərir. Yəni, xaricdən azot gübrəsinin alınmasına ehtiyac qalmır. Pivot tipli suvarma sistemləri Azərbaycanda istehsal edilməyə başlamışdır. Yəni, bu sahədə biz özümüzü təmin etmək üçün, əlbəttə ki, çox ciddi addımlar atırıq. Əminəm ki, növbəti illərdə bu sahədə daha da böyük nəticələr əldə ediləcək”.

Sosial inqilab: İlin əvvəlindən başlayaraq, dövlət başçısının açıqladığı “sosial paket” çərçivəsində aparılan islahatlar Azərbaycanda əhalinin həyatında inqilabi dəyişikliklərə səbəb oldu. Prezidentin sərəncamları ilə əmək haqları əsaslı şəkildə artırıldı, bu artımlar ümumilikdə 4 milyondan çox insanı əhatə edir. Minimum əmək haqqı, minimum əmək pensiyası və sosial müavinətlər iki dəfədən çox artıb. İnflyasiya cəmi 2,5 faiz olub. Bunun fonunda əhalinin gəlirlərinin ümumilikdə 6,6 faiz artıb.

12 min 200-dən çox şəhid ailəsinə 11 min manat ödəniş edilib. Şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata qədər, Əfqanıstan müharibəsində həlak olanların ailələrinə verilən müavinətlər 220 manatdan 300 manata qədər artırılıb. Çoxmənzilli binaların sənədləşdirilməsi probleminin həllinə start verilib. Ən ciddi məsələlərdən olan problemli kreditlər həll edilib. Dövlət bu məsələlərdə əsas yükü öz üzərinə götürüb, maksimum şəkildə vətəndaşların heç bir çətinlik yaşamaması təmin edilib. Təkcə son 6 ayda 60 min yeni iş yeri açılıb.

“Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik”, - Prezident müşavirədə vurğuladı.

Əldə olunan rekord nəticələr: Aparılan islahatlar nəticəsində Azərbaycanın beynəlxalq göstəriciləri yüksəlib. Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycan 32 pillə irəliləyərək, 25-ci pilləyə yüksəlib. Hazırda ölkəmiz 10 ən islahatçı ölkə kimi tanınır. Bu göstəricilər təbii ki, ölkəyə investisiya axınına əhəmiyyətli təsir göstərir.

Azərbaycanın hazırda valyuta ehtiyatları 49 milyard dollar səviyyəsindədir. Son 6 ayda həyata keçirilən işlər nəticəsində valyuta ehtiyatımız 4 milyard dollar yüksəlib. Xarici borc 4 faiz azalaraq, 19 faizə enib.

Dövlət başçısı valyuta ehtiyatlarımızın 49 milyard dollar səviyyəsinə çatmasının rekord göstərici olduğunu vurğulayıb.

Bizi gözləyən gələcək: Prezident İlham Əliyev müşavirədə həyata keçiriləcək işlərdən də danışıb və müvafiq tapşırıqlarını verib. Yaxın gələcəkdə onlarla yeni məktəb tikiləcək, 10 şəhərdə mərkəzi xəstəxana yenidən inşa olunacaq, yaxud əsaslı təmir olunub istifadəyə veriləcək. 3 Olimpiya Kompleksinin açılışı nəzərdə tutulur, onlardan biri artıq açılıb. İnşası sona yaxınlaşan Cənub Qaz Dəhlizinin yaxın zamanda istifadə verilməsi ilə Azərbaycanın gəlirləri artıracaq. Süni qiymət artımına qarşı ciddi mübarizə aparılacaq. Prezident müşavirədə bu məsələni xüsusilə vurğuladı.

Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir. Bir neçə il bundan əvvəl dünyanı sarsıdan və bizə də təsirsiz ötüşməyən iqtisadi-maliyyə böhranı artıq arxada qalıb. Biz bu böhrandan şərəflə çıxa bilmişik. Öz valyuta resurslarımızı qoruya bilmişik və artırmışıq. Qeyd etdiyim kimi, təkcə altı ay ərzində 4 milyard dollar əlavə valyuta ehtiyatları toplamışıq. Əlbəttə ki, bu, bizim gələcək işlərimiz üçün də yaxşı şərait yaradır. Ancaq vergi, gömrük sistemində aparılan islahatlar, inzibatçılıq sahəsində görülən işlər və daxilolmaların artımı əlbəttə ki, büdcəmizin əsas mənbəyi olmalıdır. Biz vəsaitdən çox qənaətlə istifadə etməliyik. Xüsusilə dövlət investisiya layihələrinə çox ciddi nəzarət olmalıdır. Dövlət şirkətlərində korporativ idarəetmə sistemi yaradılmalıdır. Bu məsələ ilə bağlı göstərişlər verilib. Hesab edirəm ki, biz tezliklə müasir korporativ qaydalarla idarə olunan şirkətləri görəcəyik. Yəni, bu, çox önəmli məsələdir. İqtisadi sahədə bundan sonrakı inkişaf üçün əlbəttə ki, biz xarici ekspertləri də cəlb etməliyik və edirik. Biz beynəlxalq maliyyə qurumları ilə fəal işləyirik və bu iş bundan sonra da davam etdiriləcək. Yəni, iqtisadiyyatın yeni modeli – bu gün tələbat bundan ibarətdir. 2025-ci ilə qədər nəzərdə tutulmuş Strateji Yol Xəritəsi bu məsələlərə cavab verir”, - Prezident İlham Əliyev qeyd edib.

Bununla yanaşı, bəyan edib ki, Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir. Bütün bunlara paralel olaraq, yenə də vətəndaşların rifah səviyyəsinin yüksəldilməsinə hesablanmış sosial layihələr davam etdiriləcək.

“Biz sosial sahəyə də çox böyük diqqət göstəririk. Bu il reallaşan layihələr - milyardlarla dollar həcmində ölçülən bu layihələr, bu təşəbbüslər bizim niyyətimizi, bizim siyasətimizi göstərir. Göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir və edir. Biz bundan sonra da bu yolla gedəcəyik. Əminəm ki, ilin sonuna qədər nəzərdə tutulan bütün vəzifələr icra ediləcəkdir”, - deyən dövlət başçısı da yeni sosial layihələrin anonsunu verib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm