Bu sektor ölkəmizə külli miqdarda vəsait gətirəcək - Millət vəkili
Bizi izləyin

Nida Təhlil

Bu sektor ölkəmizə külli miqdarda vəsait gətirəcək - Millət vəkili

“Azərbaycan Prezidenti son müşavirədə həyata keçirilən islahatlar nəticəsində əldə olunan əlavə gəlirlərin prioritet sahə olan sosial sferanın inkişafına yönəldildiyini diqqətə çatdırdı. 2019-cu ilin əvvəlindən başlayaraq Prezident İlham Əliyev iki böyük sosial islahat paketi təsdiq etdi”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev Prezident İlham Əliyevin 2019-cu ilin birinci yarısında vətəndaşların sosial rifahının yaxşılaşdırılması və iqtisadiyyatın inkişafı çərçivəsində imzaladığı fərman və sərəncamların əhəmiyyətindən danışarkən qeyd edib.

Millət vəkili bildirib ki, prezident təkcə maaş, pensiyaların artırılması deyil, kompleks şəkildə əhalinin sosial-rifah halının yüksəldilməsi ilə əlaqədar tədbirlər görüb: “Cənab prezident bu ilin təkcə 6 ayı ərzində sosial müdafiə tədbirlərinin gücləndirilməsi ilə əlaqədar 40-a yaxın fərman və sərəncam verib. Bunun nəticəsində 4 milyon 200 minə yaxın insanın həyat şəraiti yaxşılaşıb və yaxşılaşmaqda davam edəcək. Pensiyalar il ərzində təxminən 70 faiz, minimum əmək haqqı iki dəfə artırıldı. Pensiyaların alıcılıq qabiliyyətinə görə MDB məkanında birinci yerə çıxmışıq, minimum əmək haqqının alıcılıq qabiliyyətinə əsasən isə ikinci yerdə qərarlaşmışıq”.

M.Quliyevin sözlərinə görə, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) 100-dən çox sosial təminat xarakterli xidmətləri özündə birləşdirir və vətəndaşların məmnunluq əmsalı, təxminən, 93 faizdən yüksək olub: “DOST mərkəzi bu ilin mayında açılsa da, qısa müddətdə həm vətəndaşların müraciətlərinin sayı artıb, həm də məmnunluq indeksi yüksəkdir. Bu il bu praktika davam edəcək, il ərzində və gələn ilin birinci rübündə Bakıda daha 3 DOST mərkəzinin açılması vətəndaşlarımıza göstərilən sosial xidmətin həm keyfiyyətinin yüksəldilməsinə, həm vaxt itkisinin aradan qaldırılmasına, həm də bürokratik əngəllərin minimuma endirilməsinə gətirib çıxaracaq”.

Deputat İlham Əliyevin müşavirədə nəqliyyat sektorunun inkişaf etdirilməsi ilə bağlı fikirlərini xatırladaraq bildirib ki, xüsusilə, nəqliyyat sektorunun Azərbaycanı dünyada etibarlı tərəfdaş kimi tanıtmaqdadır: “Nəqliyyat sektorunun iqtisadiyyatımızda həm şərq-qərb istiqamətində İpək Yolunun yenidən bərpasına görə özünəməxsus yeri var, həm də Fars körfəzi ilə Hind körfəzini birləşdirən şimal-cənub dəhlizinin Azərbaycanın təşəbbüsü ilə yenidən qurulması ölkəmizə bu sahədən külli miqdarda valyuta gətirir. Digər tərəfdən, Azərbaycanın bu regionda mühüm və etibarlı tərəfdaş olmasını bir daha göstərir. Bu aylar ərzində Azərbaycanda 15 kilometrdən çox yol çəkilib və cənab prezident bu yaxınlarda bir neçə rayonda kəndarası yolların çəkilişi ilə bağlı fərman və sərəncamlar verdi. Maliyyə vəsaitləri artırıldı. Bu da həm bizim iqtisadiyyatımızın inkişafına, həm də vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Düşünürəm ki, sosial müdafiə və təminat sahəsində 2019-cu il bizim tariximizin ən uğurlu illərindən biri olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm