Elçin Mirzəbəyli: İlin sonunda bu göstəricilər daha yüksək olacaq
Bizi izləyin

Nida Təhlil

Elçin Mirzəbəyli: İlin sonunda bu göstəricilər daha yüksək olacaq

“Bu ilin altı ayında Rusiya iqtisadiyyatında 0,6 faiz, Ukrayna iqtisadiyyatında 1,2 faiz, Belarus iqtisadiyyatında 1 faiz artım olub. Azərbaycan iqtisadiyyatında isə bu rəqəm 2,4 faizdir”.

Bunu Publika.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədəki məsələləri şərh edən politoloq bildirib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafında da rekord göstərici qeydə alınıb və ölkəmizin aqrar sektoru son altı ay ərzində 13 faiz artıb. Bu göstərici üzrə də Azərbaycan MDB məkanında liderdir: “Qeyri-neft sənayesinin inkişafında isə Azərbaycan daha geniş arealda, neft ixrac edən ölkələrin sırasında liderliyini qoruyub saxlayır. Belə ki, bu ilin 6 ayında ölkəmizin qeyri-neft sənayesindəki artım 15,7 faiz təşkil edib. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir”.

Ekspertin sözlərinə görə, ölkə iqtisadiyyatının müxtəlif sahələri üzrə əldə olunan nəticələr Azərbaycanda həyata keçirilən dərinləşdirilmiş islahatların ilkin nəticələridir. İqtisadiyyatımızın inkişafında nəzərə çarpan dinamika sübuta yetirir ki, 2019-cu ilin sonunda bu göstəricilər daha da yüksək olacaq. O qeyd edib ki, ölkə iqtisadiyyatının inkişafında nəzərə çarpan ən önəmli məqamlardan biri də ticarət dövriyyəsinin 20 faizdən çox artmasıdır. E.Mirzəbəyli vurğulayıb ki, Dünya Bankının qiymətləndirməsinə görə bu ilin sonunadək MDB məkanında Azərbaycan, Özbəkistan və Gürcüstan istisna olunmaqla digər ölkələrdə iqtisadiyyatda geriləmə baş verəcək. Azərbaycan, Özbəkistan və Gürcüstanın iqtisadi potensialını, daxili və regional sabitlik amillərini, bu ölkələrin iqtisadiyyatlarının kənar faktorlardan asılılıq dərəcəsini nəzərə alsaq, Azərbaycanın çox böyük bir fərqlə irəlidə olacağı şübhə doğurmur.

E.Mirzəbəyli bildirib ki, Azərbaycan iqtisadiyyatının ən müxtəlif sahələrində baş verən irəliləyişlər ölkəmizdə vətəndaşların sosial rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı sosial layihələrin fonunda baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm