Londonda dəbdəbəli həyat, qaranlıq biznes və milyonlarla varidat...
Bizi izləyin

Nida Təhlil

Londonda dəbdəbəli həyat, qaranlıq biznes və milyonlarla varidat...

“Əli Kərimlidən soruşuram: Londonda 23 milyonluq villa kimindir, Bilgəhdə 3,5 milyonluq villa? Camaatın oğlu meydanlara çıxır, onun oğlu ildə 25-30 min dollar pulla xaricdə oxuyur. Bu gün müxalifətdə quldarlıq sistemi hökm sürür. Əli Kərimli AXCP-də pulla gəncləri saxlayır ki, mitinqlərə digər partiyalardan daha çox adam çıxarsın. Adama deyərlər, bu qədər pul səndə haradandır?”.

AXCP sədri bayraqdar kimi tanınan Elman Türkoğlunun açıqladığı bu faktlar qarşısında susmaqdan başqa heç nə etmədi və ortaya çıxan məlumatlardan sonra cəbhəçilər arasında liderləri hesab etdikləri Əli Kərimlinin “pula satılmadığı”, həyat tərzinin onlardan fərqli olmadığı və eyni süfrəni bölüşdükləri haqda uzun müddət davam edən mif duman kimi dağılmağa başladı. Onun “siyasi mübarizə” altında özünə kifayət qədər varidat topladığı haqda informasiyalar təkzibolunmaz şəkildə bir-bir peyda olur.

Əslində hər şey oğlu Türkelin Londonun gecə klublarında yayılan görüntüləri ilə başlandı və məlum oldu ki, Kərimli hansısa məmurun harınlamış oğlunun həyat tərzindən danışarkən, öz oğlunun ingilissayağı kef çəkməsini gizlədirmiş. Axı bu ölkədə övladının özbaşınalığına görə cəzalandırılan yüksək çinli məmurlar olub və zaman-zaman bunu müşahidə edirik. Cəbhəçilərin lideri də belə məmurları əlində bayraq edərək, “sosial ədalət” haqda çar çəkir. Və bəlkə də o, özünün mülkləri və gizli biznes şəbəkəsini gizlətmək üçün bu qədər möhkəm qışqırır, hər-halda söhbət milyon dollarlardan gedir və o, bunun hesabını sadə cəbhəçiyə verə bilməz.

Çünki hər il “bu il gəlirik” nağılı ilə yanında saxladığı və “qəhrəman, cəsur” hekayələri danışdığı sıravi cəbhəçini üzvlük haqqı ödəməyə məcbur edən Kərimlinin dollar içində üzməsini ən fanatik tərəfdarı belə qəbul etməz. Artıq cəbhəçilər sosial şəbəkədəki şəxsi yazışmalarında bu haqda xısın-xısın dərdləşirlər.

Əli Kərimlinin var-dövləti onun AXCP-yə yeni üzvlərin qəbul edilməsi kampaniyasını başlaması ilə yenidən gündəmə gəldi. Təkcə ona görə yox ki, AXCP sədri “sıralarını genişləndirməklə” varidatının təminatçısı olan postunu gücləndirmək niyyətindədir, həm də hər yeni üzv əlavə üzvlük haqqı deməkdir və daha çox partiya üzvü “şəxsi büdcə”nin şişməsini təmin edir. Cəbhəçilər arasında kabus kimi dolaşan xısınlaşmanın qaynağı da elə budur.

Lakin təkcə cəbhəçilər yox, vətəndaşlar da AXCP sədrinin varidatının hesabını soruşmaq istəyirlər. Bu ölkədə qanunsuz fəaliyyətinə görə məmur vəzifədən çıxarılırsa, müvafiq orqanlar qeyri-qanuni fəaliyyətlərə qarşı qanunvericiliyin tələblərinə uyğun tədbir görürsə, rəsmi iş yeri və gəliri olmayan bir partiya sədrinin bu qədər var-dövləti necə toplaması niyə də araşdırılmamalıdır. Təkcə medianın səhifələrini vərəqlədikdə ortaya böyük sərvət çıxır: Paytaxtın mərkəzi küçələrində yeni tikililərdə bir neçə mənzil, Şüvəlan qəsəbəsində yarım milyonluq villa, Bakının Dübəndi kəndində 1 milyonluq üçmərtəbəli villa, Aran bölgəsində 120 hektar ərazidə yaradılmış ferma və digər əkin sahələri, Bakının müxtəlif yerlərində apteklər və icarəyə verilən iaşə obyektləri.

2014-cü ildə AXCP sədri Şüvəlandakı villasını 500 min manata satışa çıxarmışdı, lakin alan olmadı. Məlumatlara görə, Villanın tikintisi üçün torpağı Əli Kərimliyə 1992-1993-cü illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı işləmiş Rauf Gülməmmədov bağışlayıb.

Mediada yayılmış məlumatlardan aydın olur ki, Londonda ingilissayağı kef çəkən Kərimlinin oğlu Türkel nüfuzlu Bristol Universitetində təhsil alır və illik təhsil haqqı 25 min funt-sterlinqdir. Bu, manat məzənnəsi ilə 50000-dən çox pul deməkdir. Bununla yanaşı, AXCP sədrinin ailəsinin tez-tez Londona səfər etdiyi və ingilislərin paytaxtında bahalı butiklərdən alış-veriş etdiyi haqda məlumatlar var. Ümumilikdə son 10-15 ildə Kərimlinin öz ailəsinin həyatını təmin etmək üçün 1 milyon dollardan çox pul xərclədiyi deyilir. Sıravi cəbhəçilər isə AXCP sədrinin hətta Londonda oğluna mənzil aldığını deyirlər. Digər bir məlumatda onun Avropa banklarının birində 10 milyon dollarlıq şəxsi hesabının olduğu da deyilir. AXCP sədrinin həyat tərzi, sürdüyü avtomobillər, cangüdənlər saxlaması və s. faktlar da onun qaranlıq biznesinə diqqət çəkir.

Əli Kərimli isə bunları təkzib edir və deyirdi ki, “İndiyədək heç bir xarici ölkənin heç bir fondundan heç bir qrant almamışam. Heç zaman heç bir bankdan kredit götürməmişəm. Heç bir bankda heç bir hesabım olmayıb. Yalnız keçən il Beynəlxalq Bankda xüsusi hesab açmışam ki, 2005-ci ildə parlamentə seçildiyim, amma mandatım ləğv olunduğu üçün Avropa Məhkəməsinin təyin etdiyi 30 min avro cəriməni həmin hesab vasitəsilə alım”.

Onun bu açıqlamasından qısa müddət sonra mediada rəsmi bank sənədləri yayıldı və məlum oldu ki, AXCP sədri 2008-ci ildə “Texnikabank”dan 145 min manat məbləğində kredit götürüb və elə həmin il də borcu bağlayıb. Digər rəsmi sənədlərdə isə göstərilirdi ki, Kərimlinin ailəsi və qohumları 2012-ci il oktyabrın 30-dan 2013-cü il iyunun 13-dək olan müddətdə banklardan 8 milyon 603 min 364 manat nağd pul çıxarıblar. Bu siyahı olduqca uzundur.

... Ortada dağılmış partiya və onun xarabalıqları üzərində liderin cah-cəlallı həyatı var. Və faktlar bu qədər varidatın mənbəyinə dair suallar yaradır. Axı Kərimlinin sonuncu iş yeri Elçibəy hakimiyyəti dövründə dövlət katibi olub və bu, o qədər qədim zamandır ki, artıq xatırlamaq çətindir. Bəlkə AXCP sədri 3 əsr öncə Florida sahillərində batan dəniz quldurlarının xəzinəsini tapıb? Xeyr.

Araşdırmalar Kərimlinin gizli biznesinin çoxşaxəli qaynaqlarını ortaya çıxarır:

- Elə keçmiş silahdaşlarının sözlərinə görə, Kərimli vaxtilə dövlət katibi postunda işləyərkən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, çoxsaylı iaşə və digər profilli obyektləri qohumlarının adına özəlləşdirib. Həmin obyektlər bu gün də icarəyə verilir.

- Elçibəy Kələkiyə gedəndən sonra AXC-nin gizli fonundakı qızıllar yoxa çıxdı. Məlumatlara görə, Kərimli həmin qızılları “əridərək”, Şimali Qafqazın bir neçə şəhərində və Stavropolda qohumları vasitəsilə gəlirli biznes qurub.

- Kərimlinin keçmiş müavini Razi Nurullayevin açıqladığı fakt: AXCP sədrinin biznes şəbəkəsinə daxil olan obyektlərdən biri də paytaxtın Hüseyn Seyidzadə küçəsində yerləşən və bahalı avtomobil ehtiyat hissələri satılan mağazadır. Xarici ölkələrdən gətirilən ehtiyat hissələri baha qiymətə qoyularaq, əhaliyə satılır. Bu obyekt rəsmi sənədlərdə Əli Kərimlinin əmisi oğlu Mübariz Kərimliyə məxsusdur.

- Siyasi mübarizəyə sərf olunması adı ilə müxtəlif xarici fondların dolanbac yollarla Kərimliyə göndərdikləri pullar. Bu maliyyə fərdi şəxslər, yaxud, müxtəlif üsullar vasitəsilə göndərilir.

Saydıqca uzanan belə faktlar AXCP sədrinin əlində milyonlarla dolları “fırlatdığını” təsdiqləyir. Və onun partiya sədrliyini heç kimə güzəştə getməməsinin səbəblərindən biri də məhz öz gizli biznesini qorumaq məqsədidir. Bu haqda cəbhəçilər arasında zaman-zaman kulis söhbətləri olub. Kərimlinin partiya üzvlərindən üzvlük haqqı yığmasının isə öz varidatını və gəlirlərini pərdələmək, “ehtiyac içində olan partiya sədri” görüntüsünü yaratmaq olduğu da məlumdur. Halbuki, faktlar sıravi cəbhəçilər üzərində hökmranlıq edən AXCP sədrinin bohem həyatı yaşadığını təsdiqləyir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm